Məhkəmə qərarları › İş №3(060)-578/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-578/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-578/2025 17.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə etiraz ünvanlaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslanıdırılmışdır ki, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin 14 fevral 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu ləğv edilməlidir. Şəxs MMC ilə icarəyəverən "xxxx" MMC arasında bağlanılmış 05 may 2023-cü il tarixli icarə müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisi ünvanında yerləşən 254.8 kvadrat metr qeyri-yaşayış sahəsi Şəxs MMC tərəfindən icarəyə götürülmüşdür. İcarə müqaviləsinin 5.1.11-ci bəndinə əsasən, icarəyəverən elektrik ötürücülərinin (kabellərin, naqillərin) Azərbaycan Respublikasında X1 və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq seçilib quraşdırılmasını, onların artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edir. Belə ki, sözügedən icarə obyekti icarəyəverən tərəfindən X1 tələblərinə uyğunlaşdırılmalıdır. Eyni zamanda Şəxs MMC-nin 03 yanvar 2025-ci il tarixli D/04-25.4 nömrəli əmrinə əsasən, Şəxs MMC-nin yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxsi Sumqayıt-1 mağazasının müdiri X5 təyin edilmişdir. Buna baxmayaraq, inzibati rrqanın 14 fevral 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu hüquqi şəxs Şəxs MMC barəsində tərtib olunmuşdur. Yuxarıda qeyd olunanlardan görünür ki, inzibati orqanın Şəxs MMC barəsində protokol tərtib etməsi hüquqi baxımdan əsassızdır və düzgün deyildir. Belə ki, icarə müqaviləsinin 1.4 və 5.1.1-ci bəndlərinə əsasən, icarə obyektinin yanğın təhlükəsizliyi və digər normaların tələblərinə uyğun olması ilə bağlı məsuliyyət icarəyəverən tərəfə aiddir. Eyni zamanda Şəxs MMC-nin hüquqi şəxs olaraq bu şirkətin yanğın təhlükəsizliyi üzrə cavabdeh olmaması və məsuliyyətin fiziki şəxs X4 aid olması nəzərə alındıqda, inzibati orqan tərəfindən belə bir protokolun tərtib edilməsi hüquqi baxımdan əsassızdır. Qeyd olunanlara əsasən, Şəxs MMC barəsində 14 fevral 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol, yanğın-texniki müayinə aktı, fotoşəkillər və digər sənədlərlə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanın törədilməsi sübuta yetirilir. İş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2025-ci il tarixli KY252276994 saylı çıxarışdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Şəxs MMC-yə məxsus Sumqayıt şəhəri, M.Əsədov küçəsi 12 Ən Ucuz marektin yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında plan üzrə yoxlama aparılması reyestrdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən Şəxs MMC-yə məxsus mağazada planlı yanğın texniki müayinə zamanı X2 tələblərinin pozulması aşkar edilmişdir (YTQ № 01-2001 b. 1.9-1.9.12, 4.1-4.17, 5.1-5.6, 10.1-10.4). İş materiallarında olan xx.xx.2025-ci il tarixli 0222 nömrəli yanğın texniki müayinə aktından görünür ki, "xxxx" MMC-yə məxsus ərzaq mağazasında yoxlama zamanı aşağıdakı pozuntular aşkar edilmişdir: - obyektin yanğın siqnalizasiya sistemi bəzi yerlərdə nasaz, bəzi yerlərdə işlək vəziyyətdə deyil; - obyektin sanuzel otağınln və yanındakı boş otağın tavanı lambirinlə üzlənmiş; - obyektdə olan od söndürən balon tam şəkildə komplektləşdirilməmiş; - obyektin pilləkən tərəfinin altı kənar əşyalarla tutulmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və yerinə yetirilməməsi öz təsdiqini tapmışdır. Barəsində icraat aparılan hüquqi şəxs etirazında X1 pozulmasına görə Şəxs MMCnin deyil, obyekti icarəyə verən tərəfin məsuliyyət daşıdığını, bu barədə aralarında olan müqavildə mavafiq razılaşmanın olduğunu, həmçinin pozuntuya görə MMC-nin deyil yanğın təhlükəsizliyinə cavabdeh şəxs olan X3 məsuliyyət daşımasını, ona görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiazın dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, yoxlama obyektini faktiki olaraq istifadə edən və orada fəaliyyət göstərən Şəxs MMC-dir, həmin MMC ilə icarəyə verən şəxs arasında hər hansı müqavilə şərtlərinin olması Şəxs MMC-nin məsuliyyətini istisna etmir və ona istifadə etdiyi obyektdə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə əməl etməməsinə əsas vermir. Müqavilə şərtləri həmin müqaviləinin tərəflərinə aiddir və hər bir tərəf qarşı tərəfdən müqavilə şərtlərinin və tələblərinin yerinə yetirilməsini özü müstəqil qaydada tələb edə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə cavabdeh şəxsin təyin edilməsi, müvafiq pozuntu olduğu halda MMC-ni məsuliyyətdən azad etmir. Nəzərə almaq lazımdır ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi vəzifəli şəxsin məsuliyyətini, yaxud vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi hüquqi şəxsin məsuliyyətini istisna etmir. Belə ki, Azərbaycan Respublikası İXM-in 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2001-ci il 25 may tarixli 85 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 4.2-ci bəndinə əsasən otaqların, binaların və tikililərin yanğına qarşı sistem və qurğuları (tüstüyə qarşı qoruma, yanğın avtomatik qurğuları, yanğına qarşı su təchizatı sistemləri, yanğına qarşı qapılar, klapanlar, yanğına qarşı divar və üst örtüklərindəki digər qoruyucu qurğular və s.) daima saz vəziyyətdə saxlanılmalıdır. Həmin qaydaların 4.4-cü bəndinə əsasən tikinti konstruksiyaların, yanar bəzək və istilik keçirməyən materialların, metal sütunların və qurğuların, avadanlıqların və digər konstruktiv elementlərin oddan qoruyucu örtüklərinin (suvaq qatının, xüsusi boya, lak, şirələnmiş qatın və sair oddan qoruyucu xassələrinin yox olması və ya pisləşməsi daxil olmaqla) pozulması halları dərhal aradan qaldırılmalıdır. Həmin qaydaların 4.8-ci bəndinin 11-ci abzasına əsasən müəssisələrin, binaların və tikililərin otaqlarında binaların istehsalat və anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan başqa) yanan və çətin yanar material və metal lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq qadağandır. Həmin qaydaların 4.8-ci bəndinin 12-ci abzasına əsasən pilləkən qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkənin iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkənin iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qorumağa icazə verilir) saxlamaq qadağandır. Həmin qaydaların 9.3-cü bəndinə əsasən yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək şərti olaraq inzibati cərimə edilməli, törədilmiş hüquqpozmanın aradan qaldırması və Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinə məlumat verilməsi üçün 20 gün müddət təyin ediləli, həmin müddətdə hüquqpozma aradan qaldırılmadıqda cərimə növündə inzibati tənbeh tədbiri icra edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənləri, həmçinin Azərbaycan Respublikası İXM-in 18, 43, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs törətdiyi hüquqpozmanın aradan qaldırması və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinə məlumat verilməsi üçün 20 gün müddət təyin edilsin. Həmin müddətdə hüquqpozmanın aradan qaldırılmadıqda 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar