Məhkəmə qərarları › İş №3(060)-579/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-579/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-579/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şirəli Pirəliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şirəli Pirəliyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8567/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1150.59 manat məbləğində borc tutularaq "xxxx" QSC-ə ödənilməlidir. Lakin borclu şəxs icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şirəli Pirəliyev məhkəməyə izahat verərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8567/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1150.59 manat məbləğində borc tutularaq "xxxx" QSC-yə verilməsi qət edilmişdir. Lakin Şəxs borcunu ödəməkdən yayınmışdır. Borclu çağırışlara vaxtı vaxtında gəlsə də, bir neçə dəfə izahatı alınsa da indiyədək heç bir ödəniş olunmamışdır. Bu səbəbdən, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, ailəlidir, iki azyaşlı övladı var, ailədə yeganı işləyən şəxs özüdür. Onun "xxxx" QSC-ilə heç bir müqaviləsi olmamış, o yalnız Azərbaycan Beynəlbank Bankın İslam filialı ilə müqavilə bağlamışdır. Onun Sumqayıt şəhər məhkəməsinin 2(060)-8567/2021 saylı, xx.xx.2022-ci tarixli icra sənədindən məlumatı vardır. O, hər zaman icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmişdir. O, üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmır. Sadəcə məhkəmənin qeyd edilən qətnaməsi ilə razı deyil. Buna görə də aiddiyatı üzrə məhkəməyə sözügedən qətnamədən apellyasiya şikayət verməsi üçün müddətin bərpası ilə bağlı ərizə verilmişdir. Əgər müddət bərpa olunarsa bu zaman apellyasiya şikayəti verəcəkdir. Əgər apellyasiya məhkəməsində işə baxılan zaman həqiqətən də onun borcu olduğu məlum olarsa o, dərhal, üzərinə düşən öhdəliyi yerinə yetirəcəkdir. O, borcu icra etməkdən yayınmır, sadəcə məhkəmə qərarını gözləyir. Apellyasiya məhkəməsinin qərarına əsasən müvafiq tədbirləri görəcəkdir. Qeyd olunanların nəzərə alınmasını və ona möhlət verilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən mübahisələndirilən qətnamə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə əldə edilmiş və 27 fevral 2023-cü il tarixdə aidiyyatı üzrə məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı borclu üzərinə düşən öhdəlikdən yayınmadığını, sadəcə apellyasiya məhkəməsinin qərarını gözlədiyini bildirmişdir. Onun 27 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət etməsi ilə verdiyi izahatı arasında əlaqənin olduğunu nəzərə alıb məhkəmə borclunun tələbin icrasından qərəzli olaraq yayınmadığı qənaətinə gəlir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar