Məhkəmə qərarları › İş №3(060)-579/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-579/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-579/2025 17.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X4 nümayəndəsi X1 iştirakları ilə, “Sumqayıt Tibb Mərkəzi” X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Sumqayıt regional X3 İdarəsi tərəfindən “Sumqayıt Tibb Mərkəzi” X7 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X4 nümayəndəsi X2 izahatında bildirmişdir ki, iş materiallarında qeyd olunan pozuntular həqiqətən yoxlanılan zaman mövcud olmuşdur. Xəstəxanada yanğın texniki qaydaların çox tələbləri gözlənilir, lakin bir sıra çatışmazlıqlar da var. Bəzi nöqsanlar hazırda aradan qaldırılmışdır. Bütün nöqsanları qısa müddətdə aradan qaldırmaq isə onların iradələrindən asılı deyil. Belə ki, bunun üçün maliyyə ayrılmalı, tender elan edilməli və yekunda bu işlər öz həllini tapmalıdır. Göstərilən halları nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayənəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol, yanğın-texniki müayinə aktı və digər sənədlərlə “Sumqayıt Tibb Mərkəzi” X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanın törədilməsi sübuta yetirilir. İş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə “Sumqayıt Tibb Mərkəzi” X6 məxsus Sumqayıt şəhəri, Xəzər bağları S.Vurğun küçəsində yerləşən 4 nömrəli xəstəxanada planlı yanğın texniki müayinəsi zamanı YTQ № 01-2001 b. 4.1-4.17, 8.1-8.8, 9.1-9.12 və 10.1-10.4-cü bəndlərinin tələblərinin pozulması müəyyən edilmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2025-ci il tarixli KY252274978 saylı çıxarışdan görünür ki, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən yerləşən “Sumqayıt Tibb Mərkəzi” X6 məxsus 4 nömrəli xəstəxanada plan üzrə yoxlama aparılması reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)- 1778/2024 saylı qərarından görünür ki, “Sumqayıt Tibb Mərkəzi” X7 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X4 barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, “Sumqayıt Tibb Mərkəzi” X7 İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati cərimə edilməlidir. Müəyyən edilmişdir ki, “Sumqayıt Tibb Mərkəzi” X7 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-1778/2024 saylı qərarı Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində şərti olaraq inzibati cərimə tətbiq edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı iş üzrə inzibati cərimə şərti tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənləri, həmçinin Azərbaycan Respublikası İXM-in 114-55 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Sumqayıt Tibb Mərkəzi” X7 (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar