Məhkəmə qərarları › İş №3(060)-580/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-580/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-580/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 29, mənzil 40-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5113/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmiş, bununla da, o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Ramil Babayev izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5113/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Rövşən Hadıyevdən 31 avqust 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Gülay Hadıyevanın və xx.xx.2014-cü il təvəllüdlü Polad Hadıyevin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq Rufanə Hadıyevaya verilməlidir. Qərarın könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərar borcluya təqdim edilsə də, borclu tərəfindən tam ödənişlər edilməmiş, bu səbəbdən sonuncunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021 və xx.xx.2022ci il tarixli qərarları ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin vaxt borclunun 3710 manat aliment borcu olmuşdur. 12 iyul 2023-cü il tarixdən yığılmış aliment borcundan borclu 200 manat ödəniş etmiş, həmçinin aylıq əmək haqqından 326 manat pul tutulmuş, bugün isə daha 20 manat ödəniş etmişdir. Hazırda aliment borcu 5404 manat təşkil edir. Bugünki məhkəmə iclasında borclu ilə tələbkar aliment borcunun ödənilməsi barədə razılığa gəlmişlər. Belə ki, aralarında olan razılığa əsasən borclu mart ayının 19-dək 150 manat, qalan borcunu isə hissə-hissə aylıq 300 manat olmaqla ödəniş edəcəyinə söz vermiş, tələbkar bu təkliflə razılaşmışdır. Qeyd olunanlara əsasən tələbkarın mövqeyini nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü alimentin vaxtında ödənilməməsində təqsirli bilir. Bildirir ki, 12 iyul 2023-cü il tarixdə 10 (on) gün müddətinə inzibati qaydada həbs edildikdən sonra yığılmış aliment borcundan 200 manat ödəniş etmiş, həmçinin aylıq əmək haqqından 326 manat pul tutulmuş, bugünki tarixdə isə 20 manat ödəniş etmişdir. Qeyd olunan icra sənədləri üzrə tələbkara 5404 manat aliment borcu vardır. Hazırda tələbkarla ödənişlərlə bağlı razılığa gəlmişdir. Belə ki, o, 19 mart 2024-cü il tarixədək qalıq borcdan 150 manat, qalan borcunu isə aylıq 300 manat olmaqla ödəniş edəcəyinə söz verir. Hazırda tələbkarın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda tələbkarla ödənişlərlə bağlı razılığa gəlmiş, belə ki, o, 19 mart 2023-cü il tarixədək qalıq borcundan 150 manat, qalan borcunu isə aylıq 300 manat olmaqla tələbkara ödəcəyinə söz verir. Hazırda tələbkarın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxs ona indiyədək ödənilməmiş 5404 manat aliment borcu vardır. Borclu 12 iyul 2023-cü il tarixdə 10 (on) gün müddətinə inzibati qaydada həbs edildikdən sonra yığılmış aliment borcundan 200 manat ödəniş etmiş, həmçinin aylıq əmək haqqından 326 manat pul tutulmuş, bugünki tarixdə isə 20 manat ödəniş etmişdir. Hazırda borclu ilə razılığa gəlmişlər. Belə ki, borclu 19 mart 2023-cü il tarixədək qalıq borcundan 150 manat, borcunu isə aylıq 300 manat olmaqla ödəniş edəcəyinə söz vermişdir. Qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, borclu ilə aralarında borcun ödənilməsi barədə razılıq əldə edilmişdır. Belə ki, borclu Şəxs 19 mart 2024-cü il tarixədək qalıq borcundan 150 manat, borcunu isə aylıq 300 manat olmaqla ödəniş edəcəyinə söz vermiş, özü də bu təkliflə razılaşmışdır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir . İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2020-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qərarlarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə təqsirli bilinərək xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixdə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs həmin tarixdə İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra məmuru tərəfindən borclu Şəxs “cinayət məsuliyyətinə cəlb edilmə haqqında” bildirişlə xx.xx.2021, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə tanış edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2022 və xx.xx.2024-cü il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, icra məmuru tərəfindən borclunun barəsində axtarış qərarı qəbul edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli “izahatından” görünür ki, borclu öz izahaında işsiz olduğu üçün ödəniş edə bilmədiyini, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 100 manat ödəniş etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin müvafiq icra sənədinə əsasən Şəxs 5404 manat məbləğində aliment borcu qalmış, qalıq borc ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən qalıq borcun ödənilməməsini inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi qənaətinə gəlmiş və İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Qanunun 23-cü maddəsində - tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsaslarından biri kimi tələbkarın bu barədə müvafiq ərizəsinin olması təsbit edilmişdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, tələbkar hətta icra edilməyən icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə yazmaqla həmin icra sənədini məhkəməyə və digər orqana geri qaytarılması barədə müraciət edə bilər. Bu tələbkarın qanunla təsbit edilmiş hüququdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin borclu tərəfindən məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında tələbkarla razılığa gəldiklərini, 19 mart 2023-cü il tarixədək borcundan 150 manat, qalıq borcunu isə aylıq 300 manat olmaqla ödəniş edəcəyinə söz vermiş, öhdəsinə götürmüşdür. Lakin icra məmuru tələbkarın borclu ilə qətnamə üzrə yığılmış aliment borcunun hissə-hissə ödənilməsi barədə razılığa gəlmək niyyətinin və ehtimalının olması hissəsində hər hansı araşdırma aparmadan, bu suallara aydınlıq gətirmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdır. Lakin məhkəmə baxışı zamanı Şəxs öz izahatında borcun hissə-hissə ödənilməsi barədə özünün tələbkar ilə razılığa gəldiyini, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu faktı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs öz izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində təsdiq etmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 06 (altı) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası NK-nin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar