Məhkəmə qərarları › İş №3(060)-583/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-583/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-583/2023 02.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, İcra sənədi üzrə tələbkar – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 02 mart 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7668/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 2130 manat borc Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu borcunu üzrsüz səbəbdən ödəməkdən yayınır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7668/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 2100 manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Lakin borclu borcunu üzrsüz səbəbdən ödəməkdən yayınır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, qətnamə o, hərbi xidmətdə olduğu zaman qəbul edilmişdir. Daha sonra müharibəyə getmişdir, Vətən müharibəsi iştirakçısıdır. İşsiz olduğundan hazırda ödəniş edə bilmir. Ayda 50 manat, işlədiyi halda isə 300 manat ödəyə bilər. Aprel ayının 1-dən ödəniş edəcəkdir. Tələbkarla aralarında razılığa gəldiklərindən barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclu ilə razılığa gəlmişlər, borclu aylıq ödəniş edəcəkdir. Məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7668/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 2100 manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il, tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 123-27068-1220 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində xx.xx.2020-ci il tarixdə 731438 saylı axtarış işi açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 793 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Familzadə X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən xx.xx.2019-cu ildə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hal-hazıradək xidmətini davam etdirir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il, tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş İR-2680 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs ilə "xxxx" MMC arasında hal-hazırda heç bir əmək münasibətləri yoxdur. İş materiallarında olan tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, borclu Şəxs ilə razılığa gəlmişdir, aylıq ödənişlər ediləcəkdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan borclu Şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, tələbkar Zərərçəkmiş şəxs ilə razılığa gəlmişdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin qeyd edilən hallar icra məmuru, tələbkar və özünün izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar