Məhkəmə qərarları › İş №3(060)-585/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-585/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-585/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 00100-00547/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00547/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC Bakı Baş Gömrük İdarəsində **********0367 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli, **********9226 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********9887 sorğu nömrəli xx.xx.2020-ci il tarixli və **********4934 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirmə aparıb dəyəri 31873,02 ABŞ dolları olan malları Azərbaycan Respublikasından Türkiyə Respublikasına və Gürcüstana ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 9513,96 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, onun nümayəndəsi olduğu MMC kağız və karton məhsullarının istehsalı, yenidən istehsalı və satışı sahəsində Azərbaycan Respublikasında fəaliyyət göstərən ən böyük müəssisələrdən biridir. MMC istehsal etdiyi məhsulları həm daxili bazarı təchiz etmək, həm də xarici bazara ixrac etməklə fəaliyyətini davam etdirməkdədir. Onların hərəkətlərində inzibati xəta tərkibi yoxdur və inzibati xəta haqqında protokol tərtib olunarkən müddət ötürülmüşdür. Karton mühafizə olunmayanda məhv olmaq ehtimalı var, 4 ədəd yük daşıyıcıya göndərilərkən yolda yağış yağmış və yararsız hala düşmüşdür. Tərtib edilmiş protokolda deyilir ki, mallar təkrar idxal edilməmişdir. Mallar tam yararsız hala düşdüyündən idxal edə bilməmişlər. Maddədə qeyd edilən “əldə edilmiş” və “köçürülməli olan” mallar olmadığı üçün onları yenidən idxal edə bilməmişlər. İdxal olunan mallara görə pullar əldə edilməmişdir. Bütün mallar sığortalanmadan xaricə çıxa bilməz. Sığortaya aid sənədləri də iş materiallarına əlavə etmişdir. Bu iş üzrə inzibati icraata cəlbetmə müddəti 2022-ci ilin may ayına kimi olmuşdur. Bu müddət gömrük orqanı tərəfindən ötürülmüşdür. Bütün bu qeyd olunanlara görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********0367 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən Şəxs MMC Türkiyə Respublikasına konsiqnasiya yolu ilə “rulonlarda büzmələmə kağızı (Fluting)” yükü ixrac etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********9226 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən Şəxs MMC Türkiyə Respublikasına konsiqnasiya yolu ilə “kağız rulonlarda (Fluting)” yükü ixrac etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********9887 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən Şəxs MMC Türkiyə Respublikasına konsiqnasiya yolu ilə “testlayner kağızı rulonlarda” yüküixrac etmişdir. İş materiallarda olan xx.xx.2023-cü il tarixli **********4934 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən Şəxs MMC Gürcüstan Respublikasına konsiqnasiya yolu ilə “kağız rulonlarda (Fluting)” yükü ixrac etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, BBGİ tərəfindən Şəxs MMC barəsində 23 fevral 2023-cü il tarixli, EP № 0078793, 00100-00547/23 saylı inzibati xəta haqqında protokolla İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, «Azərbaycan Kağız və X2» MMC ümumi gömrük dəyəri 31873,02 ABŞ dolları olan malları **********0367 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli, **********9226 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********9887 sorğu nömrəli xx.xx.2020-ci il tarixli və **********4934 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə ixrac gömrük proseduru altında yerləşdirmişdir. «Azərbaycan Kağız və X2» MMC qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddət ərzində konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və xx.xx.2021-ci ildə həmin 180 gün müddəti bitmişdir. Həmin tarixdən 1 il müddətində «Azərbaycan Kağız və X2» MMC inzibati məsuliyyətə cəlb edilməli idi. İXM-nin 38.1-ci maddəsindən göründüyü kimi gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Baxılan inzibati xəta uzanan və ya davam edən xətalara aid deyildir və xətanın törədilməsi və başa çatması qanunla və digər normalarla tənzimlənir. Buna baxmayaraq BBGİ göstərilən xəta ilə bağlı 23 fevral 2023-cü il tarixdə, inzibati xətanın baş verdiyi gündən 1 il 8 ay sonra inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərindən də göründüyü kimi gömrük qaydaları əleyhinə olan inzibati xətalara dair işlər üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə bu müddət keçmişdir. Bundan əlavə, təqdim edilmiş materaiallardan görünür ki, ixrac olunan mallar sığortalanmış, sığorta hadisəsi baş verdiyindən sığorta orqanı tərərfindən sözügedən 9513,96 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzi olaraq 16173, 73 manat MMC-yə ödənilmişdir. İXM-nin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs «Azərbaycan Kağız və X2» MMC barəsində İXMnin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə və İXMnin 53.2-ci maddəsinə əsasən inzibati xəta törədilməsinə aidiyyəti olmadığına və ya təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 53.2, 114.2.1, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: «Azərbaycan Kağız və X2» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 23 fevral 2023-cü il tarixli, EP № 0078793, 00100-00547/23 saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə və təqsirliliyi sübuta yetmədiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar