Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-587/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Samux Rayon Polis X7 Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli İXP5963267 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP6264369 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Samux Rayon Polis X7 Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli İXP5963267 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP6264369 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə Samux Rayon Polis X7 Polisi Bölməsinin inspektoru Misir Paşayev tərəfindən saxlanılmışdır. Həmin protokol əsasında isə polis kapitanı Azər Mehtiyev tərəfindən xx.xx.2024-cü il tarixli TP6264369 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən protokol və qərar ona təqdim edilmədiyi üçün şikayət vermə hüququ pozulmuşdur. O, xx.xx.2024-cü ildə saat 10:05 radələrində idarə etdiyi “Mercedes-Axor” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Samux rayonu Atabəylər küçəsində yerləşən müəssisəyə yük aparan zaman saxlanılmışdır. Protokolda küçə səhvən Sevil Qazıyeva göstərilmişdir. Saxlanıldığı küçədə 3.4 nişanı ilə birlikdə 5.30 nişanı yoxdur. Həmin küçə mərkəz küçə deyil və instensiv hərəkət də yoxdur. Onun saxlanılma səbəbi 3.4 (yük avtomobilinin hərəkətinin qadağan edilməsi) nişanının tələbinin pozulması olmuşdur. İnspektora bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən beş halda ən yaxın yol ayrıcından istifadə etməklə 3.4 nişanının tələbini poza bilər. Bu barədə 102 xidmətinə məlumat vermiş, hadisənin araşdırılması barədə Samux Rayon Polis Şöbəsinə məlumat versə də bu günə kimi ona cavab verməmişdir. Ona hələ də protokol və qərarın nüsxəsi verilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Samux Rayon Polis X7 Polisi Bölməsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Samux Rayon Polis X7 Polisi Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Samux Rayon Polis X7 Polisi Bölməsinin İXP5963267 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP6264369 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Samux Rayon Polis X7 Polisi Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Samux Rayon Polis X7 Polisi Bölməsinin xx.xx.2024cü il tarixli İXP5963267 nömrəli protokolundan görünür ki, X3 xx.xx.2024-cü ildə saat 10:05 radələrində “Mercedes-Axor” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TP6264369 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü ildə saat 10:05 radələrində “Mercedes-Axor” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Samux rayonu Sevil Qazıyeva küçəsində idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Ona görə də X3 nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X2 müxtəlif orqanlara müraciətləri və onlara verilmiş cavablara əsasən müəyyən edilir ki, müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərarın surəti məhkəməyə müraciət edən vaxta kimi ona təqdim edilməmişdir. Bu baxımdan məhkəmə şikayət vermə müddətinin ötürülmədiyini nəzərə alaraq şikayəti icraata qəbul etmişdir. Həmçinin şikayətə X2 yaşayış yeri üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılması barədə aryıca vəsatət olmasa da, şikayət ərizəsində bu barədə qeydlər edilməklə iradə ifadəsinin olmasını məhkəmə X2 vəsatəti kimi qəbul edərək işə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Şikayətə mahiyyəti üzrə baxılarkən müəyən edilmişdir ki, X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP5963267 nömrəli protokolda onun hansı hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun hansı maddəsinin tələbini pozması göstərilməmişdir. Həmçinin inzibati xəta haqqında protokolda X2 izahat və mülahizələrini qeyd etməsi üçün şərait yaradılmamış, protokol barəsində icraat aparılan şəxsə təqdim edilməmiş və onun tərəfindən imzalanmamışdır. Barəsində icraat aparılan şəxs göstərilən hallardan imtina etdikdə isə bu barədə protokolda qeydlər aparılmamışdır. Beləliklə inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 100cü maddəsinin tələblərinin pozulması şəraitində tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6264369 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 yol nişanlarının tələblərinə riayət etməməsi ümumi formada göstərilsə də, hansı yol nişanının (nişanlarının) tələblərinin pozulması qeyd edilməmişdir. İş məhkəmənin icraatında olan zaman məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmiş orqan qəbul etdiyi tənbeh qərarının əsasları və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin inzibati xətanın törədilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini sübut etmə yükü inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmiş orqanın üzərinə düşür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında onun 3.4 qadağan edici nişanın tələbinin pozulması əsasında saxlanılmasını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, o ərazidə olan müəssisəyə yük aparan zaman saxlanılmış və bu halda qanunvericiliyin tələbinə əsasən 3.4 qadağan edici nişanın tələblərinin ona şamil edilməməsi nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Samux Rayon Polis X7 Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli İXP5963267 nömrəli protokolu tərtib edilərkən, həmçinin həmin protokol əsasında xx.xx.2024-cü il tarixli TP6264369 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraatın aparılma qaydalarına əməl edilməmişdir. Belə ki, şəxsin protokolda etiraz və mülahizələrini göstərməsinə şərait yaradılmamış, potokolun surəti ona təqdim edilməmiş və daha sonra inzibati tənbeh qərarı qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Bundan əlavə tərtib edilmiş protokolda və onun əsasında qəbul edilmiş qərarda barəsində icraat aparılan şəxsin hansı yol nişanının tələblərini pozması göstərilməmişdir. Eyni zamanda barəsində icraat aparılan şəxsin iddia etdiyi kimi 3.4 qadağan edici nişanın tələbinin pozulması əsası ilə saxlanılmışdırsa “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin V hissəsinin əsaslarının mövcud olub-olmaması araşdırımamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin V hissəsinə əsasən qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 2) 3.2-3.8 - işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar; 4) 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə; 5) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, həmçinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirilərək şikayət qismən təmin edilməli, Samux Rayon Polis X7 Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli İXP5963267 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP6264369 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Samux Rayon Polis X6 Polisi Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Samux Rayon Polis X7 Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli İXP5963267 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP6264369 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Samux Rayon Polis X6 Polisi Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-587/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-587/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver