Məhkəmə qərarları › İş №3(060)-59/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-59/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-59/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olan, Uber şirkətində taksi sürücüsü işləmiş, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20.11.2021-ci il tarixdə, saat 09:40 radələrində idarə etdiyi “Toyota” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman Sumqayıt şəhəri, S.Vurğun küçəsində təhlükəsiz kəmərdən istifadə etmədiyi üçün saxlanılmış, həkim müayinəsi zamanı nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 tərəfindən 20.11.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gələməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Uber şirkətinə qoşularaq taksi sürücüsü kimi işləyir. Özünü inzibati xətanın törədilməsində qismən təqsirli bilir, 20.11.2021-ci il tarixdə, saat 09:30 radələrində idarə etdiyi “Toyota” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri ərazisində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, həkim müayinəsi zamanı nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi bildirilmişdir. Qeyd edir ki, narkotik vasitədən həmin gün istifadə etməmiş, daha əvvəl istifadə etmişdir. Odur ki, yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 20.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və 20.11.2021-ci il tarixli, 10275 nömrəli sərxoşluq hallarının tibbi müayinəsi haqqında protokoldan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi tam sübuta yetirilir. Belə ki sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs marixuananın qəbulu faktı aşkar edilmişdir. Sonuncu həmin protokolu imza etmişdir. Həmçinin iş materiallarında olan Şəxs izahatından görünür ki, idarə etdiyi “Toyota” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman S.Vurğun küçəsində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, sənədləri yoxlanılan zaman narkotik sərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Bu səbəbdən müayinəyə dəvət etmişlər. Müayinə nəticəsində narkotik vasitənin təsiri altında olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə bu qənaətə gələrkən, barəsində inzibati protokol tərtib edilən şəxsin taksi sürücüsü kimi fəaliyyət göstərməsi və narkotik vasitənin təsiri altında onun avtomobillə sərnişinlərə xidmət göstərməsinin ictimaiyət üçün daha təhlükəli nəticələr doğura bilməsinin qarşısının alınması məqsədini daşımışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində ilə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (ay) müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat İmtahan Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar