Məhkəmə qərarları › İş №3(060)-59/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-59/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-59/2024 08.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi , Protokolu tərtib edən şəxs - Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 22:00-da Sumqayıt şəhəri, H.Əliyev prospekti, 26-cı məhəllə ərazisində saxlanılmış, PB-də üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd açıq-boz rəngli siqaret formasında qudurulmuş marixuanaya bənzər büküm aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X7 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, 26-cı məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkilləri X5 və X4 tərəfindən saxlanılmış, PB-də üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd açıq-boz rəngli siqaret formasında qudurulmuş marixuanaya bənzər büküm aşkar edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən xx.xx.2024cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ- nin 4-cü PB-nə həvalə edilmişdir. Təhqiqat qərarı əsasında protokol tərtib etmişdir. Şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə hazırda Sumqayıt ŞPİ-nin Təchizat Qrupunda saxlanılır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, narkotik vasitə istifadəçisi deyildir. İlk dəfə yoxlamaq məqsədi ilə almış, lakin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitəni “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsdən Novxanı ərazisində 10 manata almışdır. Bakı şəhərində yaşayır, Sumqayıta dostu ilə görüşmək üçün gəlmişdir. Tələbədir. Almaniyada mühəndislik ixtisası üzrə təhsil alır. Dayısıgilə qonaq kimi gəlmişdir. Anası xəstədir və xəstəxanada müalicə alır. Əməlindən çox peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:00-da Sumqayıt şəhəri, H.Əliyev prospekti, 26-cı məhəllə, "Oba" marketin qarşısında Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək PB-ə gətirilmiş, PB-də şəxsi axtarış keçirilən zaman üzərindən içərisində narkotik vasitə sayılan qurudulmuş marixuanayabənzər bitki kütləsi olan 1 ədəd açıq-boz rəngli siqaret formasında büküm aşkar edilərək götürülmüşdür. Müayinə zamanı heç bir narkotik vasitədən istifadə etmədiyi müəyyən olunmuş, şəxs özü də narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiqi olmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ- nin 4-cü PB-nə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-7/10 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd papirosda tütün ilə qarışıqda təmiz çəkisi 0,4 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Tədqqiata 0,02 qram sərf edildikdən sonra 0,38 qram marixuana qalıq qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 40 nömrəli rəyində qeyd olunur ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda alınması məsləhət görülür. Məsuliyyəti ağırlaşdıran hallar və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları, tələbə olmasını nəzərə alır və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə qeyd edir ki, Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut, Sumqayıt ŞPİ-nin Təchizat Qrupunda saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,38 qram narkotik vasitə marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,115,129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal rayon İcra İdarəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin Təchizat Qrupunda saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,38 qram narkotik vasitə marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar