Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-593/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Ramil Babayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7991/2021 saylı, xx.xx.2022-ci il tarixli və 2(060)-5707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə cəmi 1443,6 manat pulu üzrsüz səbəbdən icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Ramil Babayev tərbit edilmiş protokola uyğun izahat vermiş, əlavə olaraq da bildirmişdir ki, icra sənədləri üzrə borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borcluya icra sənədinin icra edilməsi və icra idarəsinə gəlməsi ilə bağlı ünvanına bildiriş, elektron icra sistemi vasitəsi ilə “Sms” göndərilmiş həmçinin bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlanılmışdır. Lakin borclu həm icra sənədləri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, həm də icra məmurunun çağırışlarına gəlməmişdir. Ona görə də borclu barəsində axtarış elan edilmiş və bu gün borclunun icra idarəsində iştirakı təmin edilmişdir. Tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərar bu gün yəni xx.xx.2022-ci il tarixdə borcluya rəsmi qaydada şəxsən təqdim olunmuşdur. Bu səbəbdən, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, qeyri-rəsmi işləyir və aylıq qazancı təxminən 500 manatdır. Xətai rayonu ərazisində kirayədə yaşayır. İcra məmuru tərəfindən ona ilk dəfə sms xəbərdarlığı 10 yanvar 2023-cü il tarixdə gəlmiş, lakin həmin vaxt səhhəti buna imkan vermədiyi üçün İcra İdarəsinə gedə bilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7991/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən ümumiyyətlə xəbəri olmamış və o, “Kontakt-Home” mağazalar şəbəkəsindən heç bir alış-veriş həyata keçirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə isə hələ qətnamə çıxmamışdan qabaq 300 manat ödəniş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7991/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcunu mart ayının 14-15-ə kimi, digər icra sənədi üzrə borcunu isə hissə-hissə ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, borclunun ödəniş etməyə imkanı var, sadəcə qərəzli olaraq ödəməkdən yayınır. Özü ilə bir neçə dəfə telefonla əlaqə saxlamış, ödəniş edəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Hazırda borcludan şikayətçidir, pulunun ödənilməsini tələb edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7991/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən ümumiyyətlə borclunun heç bir məlumatı olmamışdır. İş materiallarından da görünür ki, icra məmuru tərəfindən qeyd olunan icra sənədinin könüllü icra edilməsi barədə bildiriş borcluya bu gün 03 mart 2023-cü il tarixdə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə isə borcluya “SMS” xəbərdarlıq bildirişi göndərilsə də, tələbin 10 gün müddətində könüllü icra edilməsi ilə bağlı bildiriş də 03 mart 2023-cü il tarixdə təqdim edilmişdir. Hər iki icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ilə bağlı bildirişin borcluya bu gün təqdim edilməsinə baxmayaraq, icra məmuru bu müddəti gözləməmiş, elə həmin gün də borclu barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində heç bir qərəz mövcud deyildir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunda nəzərdə tutulmuş, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə qeyd edir ki, icra məmurunun göndərdiyi SMS xəbərdarlıq bildirişi borclunun icra idarəsinə dəvət edilməsi ilə bağlıdır. Tələbin könüllü icra edilməsi barədə müddət bildirişin borcluya rəsmi qaydada təqdim edildiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-593/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-593/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver