Məhkəmə qərarları › İş №3(060)-594/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-594/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-594/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 04 fevral 2021-ci il tarixli, MN seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə “Şəxs” MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “Şəxs” MMC 1400000,00 (bir milyon dörd yüz min rubl sıfır qəpik) Rusiya rublu məbləğində olan vəsaiti Bank hesabından 27 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçsə də 1400000,00 (bir milyon dörd yüz min rubl sıfır qəpik) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 27.12.2020-ci il tarixində hüquqi şəxsin ünvanında törədilmişdir. “Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməyə göndərilmiş, 15.02.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs- “Şəxs” MMC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, “Şəxs” MMC 02.04.2018-ci il tarixdə, VÖEN ********** əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Şəxs” MMC-yə 26 yanvar 2021-ci il tarixdə yazılı surətdə bildiriş göndərilməklə, köçürülmələrin aparıldığı tarixdən 02 il ərzində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sübutların (gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd, qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənəd və s.) təqdim edilmədiyi halda, Azərbaycan Respublikası Mərkəzi Bankında inzibati xəta haqqında protokol tərtib olunması barədə xəbərdar edilmişdir. Bu barədə xəbərnamə 29.01.2021-ci il tarixdə Bayramlı soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan, “RABİTƏBANK” tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış 28.12.2021-ci il tarixli, RB-02/5450 №li məktubdan görünür ki, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezident və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməyən müştərilərin ödəniş əməliyyatlarının sənədləri təqdim edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “Şəxs” MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: AZ 5009, ünvan 1 ünvanında qeydiyyatda olan “Şəxs” MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 1400000,00 (bir milyon dörd yüz min rubl sıfır qəpik) Rusiya rublu pul vəsaitinin 20 (iyirmi) faizi məbləğində yəni, 280000,00 (iki yüz səksən min rubl sıfır qəpik) Rusiya rublu məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar