Məhkəmə qərarları › İş №3(060)-595/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-595/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-595/2024 05.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəx Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(580)-580/2022 saylı icra vərəqəsini və Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 8i-8188 saylı, xx.xx.2022-ci il tarixli icra qeydini üzürsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni tarixdə icra məmuru ərizə ilə məhkəməyə müraciət edərək protokolda yanlışlıqla xx.xx.2022-ci il tarixli icra qeydi ilə bağlı qeydiyyat aparılmasını, qeyd edilən halın nəzərə alınmasını və protokola yalnız məhkəmənin icra sənədi üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(580)- 580/2022 saylı icra sənədinə əsasən borclu Şəxs 130.000 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 130.030 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu xx.xx.2023-cü il tarixdə icra idarəsində olmuş, tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edilmişdir. Bundan sonra da bir neçə dəfə icra idarəsinə çağırılaraq izahatı alınmışdır. Şəxs izahatında bildirmişdir ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. İşin Ali Məhkəmənin icraatında olmasını təsdiq edən sənədləri təqdim etməsi üçün ona vaxt da verilmişdir. Lakin, bu günə qədər qeyd edilən sənədləri təqdim edə bilməmiş, həmçinin icra sənədi üzrə ödəniş də edə bilməmişdir. Şəxs barəsində icra idarəsində başqa icra sənədləri də vardır. Həmin icra sənədləri üzrə pensiyasına yönəltmə olmuşdur. Hazırki icra sənədi üzrə isə heç bir ödəniş yoxdur. İcra tədbirləri zamanı borclunun əmlakı da müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun heç bir borcu yoxdur, vəkilinin verdiyi məlumata əsasən qəbul edilmiş məhkəmə qərarından Ali Məhkəməyə şikayət verilmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, neçə ildir ki, veriyi borcu ala bilmir. Buna görə hətta məhkəmə qərarı da qəbul edilmişdir. Lakin, bu günədək heç bir ödəniş edilməmişdir. Göstərilən halları nəzərə alaraq borcun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(580)-580/2022 saylı icra sənədindən görünür ki, borclu Şəxs 130.000 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 130.030 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(580)-580/2022 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. İş materiallarında olan Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, icra sənədinin icrasından xəbərdar olduğunu göstərmiş, lakin borcunun olmadığını və iş üzrə apellyasiya məhkəməsinin qərarında kassasiya şikayəti verdiyini bildirmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(105)-101/2022 saylı qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(105)-101/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bəpası barədə cavabdeh Şəxs ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qayarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-716/2023 saylı qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(105)-101/2022 saylı qərardadından cavabdeh Şəxs tərəfindən verilmiş kassasiya şikayətinin icraata götürülməsindən imtina edilmiş və iş kassasiya şikayətinin geri qayarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(580)-580/2022 saylı icra sənədinə əsaəsn borclu Şəxs 130.000 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 130.030 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənəsi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Borclu icra sənədini icra etməyərək heç bir borcunun olmadığını qeyd etmiş və bunu iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verməsi ilə əlaqələndirmişdir. Lakin, müəyyən edilmişdir ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi müddəti ötürülmüş, bununla əlaqədar Şəxs tərəfindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bəpası barədə ərizə verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin ərizə təmin edilməmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh Şəxs tərəfindən kassasiya şikayəti verilsə də, həmin şikayət forma və məzmuncu düzgün tərtib edilmədiyinə görə Ali Məhkəmə tərəfindən icraata götürülməmiş və iş kassasiya şikayətinin geri qayarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bundan sonra isə iş üzrə prosessual müddətin bərpası barədə hər hansı məhkəmə aktı qəbul edilməmişdir. Beləliklə də müəyyən edilmişdir ki, hazırda icra sənədinin verilməsinə əsas olmuş Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(580)-580/2022 saylı qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(105)-101/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır, sonuncu qətnamədən kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə isə hər hansı məhkəmə aktı mövcud deyil. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, hazırki icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi Şəxs sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış borcuna görə qəbul edilmişdir. İşə məhz bu baxımdan kommersiya məhkəməsində baxılmışdır. Məhkəmənin icra vərəqəsində də Şəxs sahibkar kimi göstərilərək onun adına olan VÖEN (**********) qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və hazırki icra sənədi də məhz həmin fəaliyyətinin nəticəsində yaranmış münasibətlərə görə verildiyi üçün o vəzifəli şəxs hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar