Məhkəmə qərarları › İş №3(060)-595/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-595/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-595/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakları ilə Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26408358 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ 26408358 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Hacbala Müslümov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Hacbala Müslümov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında EQ 26408358 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Hacbala Müslümov şikayətini onunla əsaslandırmışdır ki, İXM-nin 346.9-cu maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissəsində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərərkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərə və “Yol hərərkəti haqında” AR-nın Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. EQ 26408358 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilinmiş, 60 manat məbləğində cərimə edilmişdir. Bu qərara etiraz edir. Avtomobilini saxladığı yerin səki deyil, baytarlıq klinikasının meydançası olduğunu bildirir. Buna görə də hesab edir ki, avtomobilin orada saxlanılması piyadaların hərəkətinə maneə olmamış, o heç bir qayda pozmamışdır. Hesab edir ki, BDYPİ-nin tərəfindən qəbul edilən EQ 26408358 saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Hacbala Müslümov şikayətini müdafiə edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə pişiyini müalicə etdirmək üçün sözügedən ərazidə yerləşən baytarlıq klinikasına gətirmişdir. Bildirir ki, baytarlıq klinikasının meydançası var, hansı ki, piyadalar orada hərəkət etsələr belə, həmin meydançada avtomobilləri də saxlamaq mümkündür. Həmin ərazidə tək o deyil, klinikaya müraciət edən digər şəxslər də nəqliyyat vasitələrini saxlayırlar. Qeyd edir ki, həmin ərazi Sumqayıt şəhəri, 13-cü mikrorayon, köhnə şərq bazarından sağa dönən hissədə meydança var və məhkəməyə təqdim etdiyi şəkillərdən göründüyü kimi avtomobili həmin binadan təxminən 2 metr məsafədə içəriyə doğru saxlamışdır. Avtomobili saxladığı ərazinin səki olmadığını, piyadaların hərəkətinə maneə olmadığını bildirir. Məhkəmə iclasında Hacbala Müslümov ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, baytarlıq klinikasının önündəki ərazinin avtomobillərin park edilməsi üçün nəzərdə tutulması barədə onda hər hansı sənəd mövcud deyil. Həmçinin bildirir ki, əgər həmin ərazidə nəqliyyat vasitəsi saxlamaq qadağandırsa həmin yerə nişan qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş edir. Məhkəmənin yeri və vaxtı barəsində qabaqcadan protokolu tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq, orqanın nümayəndəsi məhkəmə iclaasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, X3 tərəfindən təqdim edilmiş foto şəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, “Ford Transıt yük” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil Zoom Groomıng baytarlıq klinikasının önündə dayanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və durmasına görə altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinin 2-ci bəndinin 2-ci cümləsində yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə, kiçik elektrik nəqliyyat vasitələrinə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Həmin qanunun 1-ci maddəsinin 7-ci bəndinə əsasən yolun hərəkət hissəsi dedikdə yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsi (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər) başa düşülür. Həmin qanunun 1-ci maddəsinin 8-ci bəndinə əsasən yol çiyini dedikdə yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, “yol çiyini” digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarı başa düşülür. Həmin qanunun 16-cı bəndinə əsasən səki dedikdə yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsi başa düşülür. Məhkəmə Hacbala Müslümovun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Hacbala Müslümovun məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir. Belə ki, qayda pozuntusun baş verdiyi ünvana məhkəmə tərəfindən baxış keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin ərazinin fotoşəkillərini özündə əks etdirən 01 ədəd diskdə olan fotoşəkillərə məhkəmə iclasında baxış keçirərkən məlum olmuşdur ki, hadisə yeri Sumqayıt şəhəri, Niyazi küçəsində yerləşən Zoom Groomıng baytarlıq klinikasının qarşısıdır. Klinikanın qarşısında yolun hərəkət hissəsinə birləşmiş səki vardır. “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə, kiçik elektrik nəqliyyat vasitələrinə və velosipedlərə onlar piyadaların hərəkətinə mane olmadığı halda icazə verildiyi qeyd edilmişdir. Lakin göründüyü kimi Hacıbala Müslümovun idarə etdiyi avtomobil “Ford Transıt” yük markalı olmuşdur. Göründüyü kimi bu halda qanun yük avtomobillərini yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmasını istisna etmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hər bir xüsusat yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Hacbala Müslümovun barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 26408358 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar