Məhkəmə qərarları › İş №3(060)-597/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-597/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-597/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxs – X1, Onun qanuni nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:50 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 26, mənzil 27 ünvanında X1 boyun nahiyəsi və sol təpə gicgah nahiyəsindən vuraraq döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, X5 onun həyat yoldaşı olmuş və birgə nigahlarından 3 övladları olmuşdur. Şəbinə ilə aralarında olan nikah pozulduqdan sonra 15 yaşlı oğlu Tofiqi və 10 yaşlı oğlu Xudaqulunu götürüb anasına məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 26 №-li evin 27 №-li mənzilində yaşamağa başlamışdır. O da onunla barəbər həmin evdə yaşamş, təxminən 01 il 06 ay əvvəl o həmin evdən çıxıb bağ evində ata yurdunda anasının yanında yaşamağa başlamışdır. Şəbinə ondan aliment tələb etmiş, o həmin alimenti verə bilməmiş və borc yığılb 13000 manat olmuşdur. Təxminən 7 gün əvvəl o həmin pulu Səbinəyə vermişdir. Eyni zamanda məhkəmə onun iki övladına 20000 manat kompensasiya verməyini öhtəsinə qoymuşdur. O da Səbinəyə qaldığı evi satıb onun pulunu verəcəyini demiş, o isə həmin evin açarlarını dəyişib onu evə buraxmayaraq evin satılmasına problem yaratdmışdır. Təxminən 04 gün əvvəl anası X2 ilə birlikdə Səbinənin yaşadığı evdə qalıb evi sataq üçün həmin ünvana gəlmişlər. Onlar mənzilə daxil olmuşlar və həmin mənzilin bir otağında yaşamağa başlamışlar. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində oğlu Xudaqulu anası ilə onun olduğu otağa daxil olmuş və anasının əlindən televizor pultunu almaq istəmiş, o da ona ay yaşlı adamdır, icazə ver nənən televizora baxsın, lakin oğlu onun və anasının ünvanına nəlayiq ifadələr və söyüşlər söymüşdür. Oğlu və anası onun anasının üzərinə gəldikdə o onların arasına girərək anasını qorumağa çalışmış, onlara otaqdan çıxmalarını demiş, sonra otağın qapısını bağlamışdır. Onlar təpiklə otağın qapısına vurmuşlar və sonra mətbəxə keçmişlər. Keçmiş həyat yoldaşı mətbəxtdə oğlunun sinəsini çırmaqlamış və polis əməkdaşları gələndə onu atasının döydüyünü deməsini bildirmişdir. Amma bildirmək istəyir ki, o oğlunu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X3 bildirdi ki, . xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində atası Şəxs onun sinəsindən tutaraq divara vurmuş və o xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X6 bildirdi ki, 02 övladı ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 26 №-li evin 27 №-li mənzilində yaşayır. Şəxs ilə onun arasında olan nikah pozulmuşdur. Oğlu Xudaqulu 3-cü dərəcəli qulaq karlığı və toyuq korluğu xəstəsidir. Digər oğlu Tofiq də gözdən əlildir. O, Tahirdən boşandıqdan sonra hazırda yaşadığı həmin evdə uşaqları ilə bir yerdə yaşamağa başlamışdır. Əri isə Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında atasının evində anası Gülsabah ilə bir yerdə yaşamağa başlamışdır. O, Tahirdən boşandıqdan sonra ondan aliment tələb etmiş, lakin o alimenti verməmiş və 13000 manat aliment borcu yaranmışdır. Təxminən 7 gün əvvəl o həmin məbləği Tahirdən almışdır. Həmin gündən bir neçə gün sonra, yəni 4 gün bundun əvvəl Tahir anası Gülsabahı da götürüb onun əmisi oğlu ilə birlikdə yaşadığı evə gəlmiş və evin bir otağını zəpt edərək orada yaşamağa başlamışlar. Elə həmin gündən demək olar ki, hər gün aralarında mübahisə olmuş, Tahir və anası ona və onun himayəsində olan qulaq və göz qusurlu uşağına qarşı şiddətlər sərgiləmişlər. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində o və oğlu Xudaverdi ilə evdə olanda Tahir və anası Gülsabah da evin zal otağında oturub televizora baxırdılar. Bu zaman oğlu da televizorva baxmaq istəmiş, lakin onların otağında olan televizoru Tahir zal otağında olan televizorvun arxasından antenadan çıxarniış, ona görə də oğlu Tahirin və anasının olduğu otağa daxil olaraq öz otaqlarında olan televizoru qoşmaq istədikdə Tahir əli ilə oğlunun boynundan və sinəsindən tutub divara sıxmış və döymüşdür. Bu zaman o qışqırıq səsinə gələrək oğlunu onun əlindən almış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Aralarında barışıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Şəxs onun oğlu, zərərçəkmiş şəxs X3 isə onun nəvəsidir. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində o oğlu Tahir ilə otaqda televizora baxarkən nəvəsi Xudaqulu gələrək onun əlindən televizor pultunu almaq istəmiş və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Oğlum Tahir onu döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 132 saylı ekspertiza rəyindən müəyyən olunur ki, X1 bədəni üzərində boyun nahiyyəsinin sıyrığı vəsol təpə-gicgah nahiyyəsinin qançırı xəsarəti vardır. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, müayinədən bir gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının izahatlarını, vəkilin çıxışını dinləyib araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar