Məhkəmə qərarları › İş №3(060)-600/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-600/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-600/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızıının katibliyi, X1 iştirakı ilə, Bakı Şəhər DYPİ-nin polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər DYPİ-nin polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ-nin polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında AR İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx ) manat cərimə olunmuşdur. Belə ki, xx.xx.2025-cü il tarixdə saat 23:55 radələrində Bakı şəhəri, Cavadxan küçəsində idarə etdiyi Mercedes Benz G320 minik markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə araməsafəsi qaydalarını pozması əsası ilə barəsində müvafiq protokol tərtib edilmiş AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli bilinmişdir. Qeyd edir ki, həmin vaxtı avtomaşını ilə yolun sol kənarı ilə təxminən saatda 40-45 km-saat sürətlə hərəkətdə olarkən 10-15 metr qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsi yolun sağ kənarına keçərək geri dönmək üçün sola manevr edərkən arxadan gəlməsinə baxmayaraq ona yol verməmişdir. Nəticədə avtomaşınlar toqquşmuş hər iki maşına maddi zərər dəymişdir. Ekspertiza rəyi olmadan qərar qəbul edilmişdir. Hesab edirər ki, hadisədə onun təqsiri olmamışdır. Qarşısındakı nəqliyyat vasitəsini sürücüsü tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunur 42-ci maddəsinin 9-cu hissəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddədə göstərilmişdir ki, yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Yuxarıda qeyd etdiyi halları təsdiq edən avtomaşınından çəkilmiş kamera görüntüləri vardır. Həmin görüntüləri işə baxan inzibati orqana təqdim etsə də, vəzifəli şəxs tərəfindən sübut kimi tədqiq edilməmişdir. Beləliklə, vəzifəli şəxs tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qanunsuz və əsassız qərar qəbul olunmuşdur. AR İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 134.1.3-cü maddəsinə əsaslanaraq, Bakı şəhər DYPİ-nin polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qərarını ləğv edib, AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilməyim barədə inzibati xəta haqqında iş üzrə icraatın xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, X2 yaşayış yeri üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılması barədə vəsatət verərək şikayəti yaşayış yeri üzrə baxılmasını xahiş etmiş, məhkəmə vəsatəti qəbul edərək işə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onda hadisə ilə bağlı videogörüntülərin olduğunu bildirmiş və görüntünü məhkəməyə təqdim etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmədə iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər DYPİ-nin polis baş leytenantı X3 İXP5963267 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər DYPİ-nin polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolundan görünür ki, X4 xx.xx.2025-ci ildə saat 23:55 radələrində “Mercedes-Benz G320 Minik” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci ildə saat 23:55 radələrində “Mercedes- Benz G320 Minik” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Cavadxan küçəsində idarə edərkən ara məsafəsi qaydalarına riayət etməmişdir. Ona görə də X4 nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında şikayətçi İ.Musabəyli tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilərkən məlum olmuşdur ki, İ.Musabəyli nəqliyyat vasitəsi ilə sol zolaqla hərəkətdədir. Onunla eyni istiqamətdə və zolaqda olan digər nəqliyyat vasitəsi sola dönmə işığını yandırır, lakin sağa yəni, ikinci zolağa keçərək geriyə manevr edir. Bundan sonra həmin nəqliyyat vasitələri toqquşur. Şikayətə mahiyyəti üzrə baxılarkən müəyən edilmişdir ki, X2 barəsində olan inzibati xəta haqqında işdə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan məlum olur ki, X1 inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməmiş, nəticədə sonuncunun sübut qismində təqdim etdiyi videogörüntü tədqiq edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 100cü maddəsinin tələblərinin pozulması şəraitində tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 araməsafəsi qaydalarının pozulması ümumi formada göstərilsə də, hansı formada tələblərin pozulması qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini sübut etmə yükü inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən İsmayıl Musabəylinin şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırma aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhər DYPİ-nin polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolu tərtib edilərkən, həmçinin həmin protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraatın aparılma qaydalarına əməl edilməmişdir. Belə ki, şəxsin protokolda etiraz və mülahizələrini göstərməsinə şərait yaradılmamış, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, həmçinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirilərək şikayət qismən təmin edilməli, Bakı Şəhər DYPİ-nin polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı Şəhər DYPİ-nin polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar