Məhkəmə qərarları › İş №3(060)-602/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-602/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-602/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 22.02.2022-ci il tarixli, MN seriyalı ******* №-li və 22.02.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokollar tərtib olunmuşdur. MN seriyalı ******* №-li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 22.02.2022-ci il tarixdə saat 21:45 radələrində Sumqayıt şəhəri, Kamal Axundov küçəsində sənədləri təqdim etməyərək və müqavimət göstərərək polisin qanuni tələbinə tabe olmamışdır. İctimai qaydanı pozaraq səs-küy salmışdır. MN seriyalı ******* №-li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 22.02.2022-ci il tarixdə saat 21:45 radələrində Sumqayıt şəhəri, Kamal Axundov küçəsində sənədləri təqdim etməyərək və müqavimət göstərərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, 22.02.2022-ci il tarixdə saat 21:45 radələrində Sumqayıt şəhəri, Kamal Axundov küçəsində özünə məxsus Nissan Murano markalı avtomobillə bu ünvanda yerləşən evi istiqamətinə dönmək üçün sol döngə işığını yandıraraq qarşıdan gələn avtomobilə yol verməklə evi istiqamətinə dönmüşdür. Bu zaman YPX əməkdaşı əl ilə işarə edərək avtomobili saxlamaqla bağlı göstəriş vermişdir. O, avtomobili yolun kənarına çəkərək saxlamışdır. YPX əməkdaşı yaxınlaşaraq özünü təqdim etmədən sənədləri istəmiş, o isə YPX əməkdaşından özünü təqdim etməsini xahiş etmişdir. YPX əməkdaşı sərxoşluq vəziyyətinin yerində müayinəsi üçün əlini uzadaraq ovucunun içərisinə üfləməsini bildirmiş, o isə bunun pandemiya dövründə düzgün olmadığını qeyd edərək imtina etmiş, narkoloji disponserdə müayinədən keçirilməsini tələb etmişdir. O, atası X1 zəng etmiş, bir neçə dəqiqə sonra atası gəlmiş və o da polis əməkdaşlarından oğlunun narkoloji disponserdə müayinədən keçirilməsini xahiş etmişdir. Lakin, polis əməkdaşları təkidlə onun yerində müayinədən keçməsini tələb etmişlər. Bütün bunları nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X3 bildirdi ki, 22.02.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X2 ilə birlikdə Sumqayıt şəhəri, Kamal Axundov küçəsində xidmət apararkən bir nəfər sürücünün yolayrıcını yol hərəkəti qaydalarına uyğun olaraq keçmədiyini müşahidə edərək həmin sürücüyə saxla göstərişini vermişlər. Sürücü maşını saxladıqdan sonra ona yaxınlaşaraq sənədlərini təqdim etməsini xahiş etmişlər, şəxs isə bundan imtina etmişdir. Sərxoşluq vəziyyətinin müayinəsi üçün alkotestrdən də imtina etmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Sürücü özünə məxsus olan telefonla atası X1 zəng etmiş, bir neçə dəqiqə sonra atası gəlmiş və sükan arxasına əyləşərək maşını sürüb getməyə cəhd göstərmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22.02.2022-ci il saat 21:55-də inzibati qaydada tutulmuş, 23.02.2022-ci il saat 11:00da azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidin ifadəsini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilirərək təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə iş materialları araşdırılaraq, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, 1 gün müddətində inzibati qaydada tutulmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilərək həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 1 gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 100 (yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar