Məhkəmə qərarları › İş №3(060)-605/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-605/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-605/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Fərdi sahibkar (VÖEN **********) X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 22 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 22 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 17.02.2021ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən şikayətçi X5 izahatında bildirdi ki, 22.01.2021-ci il tarixdə barəsində MN ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərar gəbul olunaraq 3000 (üç min) ABŞ Dolları məbləğində cərimə edilmişdir. Qeyd olunan məsələ ilə bağlı əvvəlki X3 Palatasına dəvət olunmuş və araşdırma aparılaraq xaricə köçürülən maliyyə vəsaitləri və idxal olunan gömrük bəyannamələrini palatanın əməkdaşlarına təqdim etsə də sonradan məlum olmuşdur ki, təqdim etdiyi sənədlərə düzgün hüquqi qiymət verilməmiş və nəticədə barəsində Mərkəzi Bank tərəfindən cərimə cəzası tətbiq edilmişdir. Ölkədən xaricə göndərilən maliyyə vəsaitləri və idxal olunan mallar üst-üstə düşsə də haqsız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bütün müvafiq sənədlər, yəni bank çıxarışları və gömrük bəyannamələri orqana təqdim olunsa da yanlış qərar qəbul olunmuşdur. Ona görə də, barəsində qəbul olunmuş qərarın araşdırılaraq ləğv edilməsinə zərurət vardır. X6 03.02.2021-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də şikayətinin təmin olunmasını, barəsində inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirdi ki, fərdi sahibkar Röyal Əsgərov tərəfindən verilmiş şikayət ve şikayətdə qeyd olunmuş 7 eded yük gömrük bəyannaməsi tərəflərindən yoxlanılmış və qeyd olunan bəyannamələrin fərdi sahibkarın digər tarixlərdə icra edilmiş avans köçürmələrinə bağladığı aşkar edilmişdir. Nəticə etibarı ilə təqdim edilmiş YGB-lar baxılan iş üzrə müvafiq malların müvafiq müddətdə ölkəyə idxalını təsdiq etmir. Bu səbəbdən şikayətin təmin olunmaması və X6n qüvvədə qalmasını xahiş edir. İş materiallarına əlavə olunmuş 22 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 30000.00 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 06 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də 30000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclas zalında təqdim etdiyi, iş materiallarına əlavə edilmiş çıxarışın surətindən görünür ki, həmin hesablaşma tarixləri şikayətçi X2 təqdim etdiyi gömrük bəyannamələri ilə üst-üstə düşmür, bir-biri ilə bağlı deyildir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 22 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və fərdi sahibkar (VÖEN **********) X2 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X5 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 22 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 22 yanvar 2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan fərdi sahibkar (VÖEN **********) X5 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 22 yanvar 2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar