Məhkəmə qərarları › İş №3(060)-606/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-606/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-606/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 axtarış üzrə baş inspektoru, polis mayoru X1, Zərərçəkmiş şəxslər-X2, X4 və Naibə Xəlilovanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-Şəxs, onun qanuni nümayəndəsi Rehun Məmmədov və onun müdafiəçisi X5 iştirakları ilə, xx.xx.2005-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Sumqayıt şəh., 16-cı mkr, ev 91a qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhərində Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində işıqforun qadağan edici işarəsində hərəkətini davam edib, manevr qaydalarını pozmuş nəticədə zəncirvari yol nəqliyyat hadisəsi baş vermiş, zərərçəkmiş şəxslərə maddi zərər dəymişdir. Hadisədən sonra Şəxs hadisə yerini tərk etmişdir. Araşdırma zamanı Şəxs sürücülük hüququ olmadığı aşkar olunmuşdur. Bu hərəkətləri ilə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin axtarış üzrə baş inspektoru, polis mayoru X3 göstərdi ki, Sumqayıt şəhərində Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində Şəxs işıqforun qadağan edici işarəsində hərəkətini davam edib, manevr qaydalarını pozub nəticədə zəncirvari hadisə baş vermişdir. Hadisədən sonra Şəxs hadisə yerini tərk etmişdir. Araşdırma zamanı Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 24 fevral 2023-cü il tarixdə saat təxminən 19:00 radələrində Sumqayıt şəhəri Bəyaz Şadlıq sarayının yanında ayıq sürücü olaraq dayanmışdır. Bu zaman iki nəfər sərxoş şəxs ona yaxınlaşaraq onlara ayıq sürücünün lazım olduğunu bildirmiş daha sonra o və digər iki nəfər sərnişin “AzSamand” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hərəkət etmişlər. Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində hərəkətdə olan zaman o idarəetməni itirmiş, piyadalara dəyməmək sükanı tam döndərək yol kənarında dayanan maşınlara dəymişdir. Hadisə yerində 1-2 dəqiqə dayandıqdan sonra həyəcanlı olduğu və qorxduğu üçün hadisə yerini tərk etmişdir. O, sürücülük vəsiqəsi olmadığı üçün avtomobil idarə etdiyinə və hadisə nəticəsində baş verənlərə görə çox peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Rehun Məmmədov bildirdi ki, Şəxs onun oğludur. Hadisə baş verdikdən bir müddət sonra məlumatı olmuşdur. Oğlu əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, 24 fevral 2023-cü il tarixdə saat təxminən 19-20 radələrində etibarnamə ilə idarə etdiyi Hunday Sonata markalı **- LV-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhəri, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində “Yaşar” restoranının qarşısında saxlayıb getmişdir. Bir müddət sonra orada işləyən ofisinat ona yaxınlaşaraq avtomobilinin vurulduğunu bildirmişdir. O, avtomobilə yaxınlaşan zaman “AzSamand” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün zəncirvari qəza törətdiyini görmüşdür. “AzSamand” markalı avtomobil “Daimler Chrysle C180” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərbə nəticəsində sonuncu maşın onun arxa hissəsinə dəymiş və nəticədə də onun avtomobili zərbə nəticəsində önündə dayanmış “Volkswagen” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti almamışdır. Ona dəymiş zərərinin ödənilməsini tələb edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirdi ki, 24 fevral 2023-cü il tarixdə saat təxminən 19-20 radələrində özünə məxsus “Volkswagen” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhəri, Koroğlu-Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində “Yaşar” restoranının qarşısında saxlayıb getmişdir. Bir müddət sonra səs eşidib çölə çıxanda avtomobilinə yaxınlaşan zaman “AzSamand” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin sürücüsünün zəncirvari qəza törətdiyini görmüşdür. Hadisə nəticəsində nömrəsini xatırlamadığı “Mercedes” markalı maşın, “Hyundai” markalı maşın ilə, “Hyundai” markalı maşın isə onun maşına ilə toqquşmuşdur. Nəticədə onun maşını isə qarşıda dayanan “Honda” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı bədən xəsarəti almamışdır. Ona dəymiş zərərinin ödənilməsini tələb edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Naibə Xəlilova bildirdi ki, 24 fevral 2023-cü il tarixdə saat təxminən 19-20 radələrində etibarnamə ilə idarə etdiyi “Daimler Chrysle C180” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Koroğlu- Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində “Yaşar” restoranının qarşısında saxlayıb getmişdir. Bir müddət sonra səs eşitdiyi üçün avtomobilinə yaxınlaşmışdır. Bu zaman “AzSamand” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilinin arxa hissəsindən vuraraq zəncirvari qəza törətdiyini görmüşdür. Belə ki, zərbə nəticəsində onun avtomobili qarşıda dayanmış “Hyundai” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti almamışdır. Ona dəymiş zərərinin ödənilməsini tələb edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş “şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış” vərəqəsindən görünür ki, barəsində inzibati icraat aparılan Şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Hadisə baş verən gün yəni xx.xx.2023-cü il tarixdə Şəxs 18 yaşı tamam olmamışdır. İş materiallarına əlavə edilən və məhkəmə istintaqı zamanı tədqiq edilən 01 (bir) ədəd DVD-diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, Şəxs tərəfindən qeyd edilən əməl törədilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin maddənin İİ hissəsinin 2-ci bəndinə əsasən “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan yaranır. Həmin qanunun 34-cü maddəsinin 1-ci hissəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Həmin qanunun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən Rehun Məmmədovun səmimi peşmançılığı və 32.1.2ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyətini ağırlaşdiran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X6 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar