Məhkəmə qərarları › İş №3(060)-608/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-608/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-608/2025 07.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X9 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1998-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Rzalar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Xırdalan dairəsi, Binəqədi şossesi, döngə 1 yaxınlığında fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 4cü Polis Bölməsinin sahə rəisi X9 oğlu izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:15 radələrində Sumqayıt şəhəri, “Karvan” Ticarət Mərkəzinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib üzərində şəxsi axtarış keçirilmişdir. Daha sonra Şəxs Sumqayıt ŞPİ-yə gətirilmiş, orada vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Şəxs əynində olan şalvarın cibində bir sellofan bükümdə kütləni təqdim edərək narkotik vasitə olan marixuna olmasını bildirmiş, həmin büküm çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra aşkar edilmiş edilmiş maddə ekspertizaya göndərilmiş və ekspert rəyinə əsasən həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. İş üzrə eyni zamanda məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, alınmış rəyə əsasən Şəxs narkomaniya xəstəliyindən əziyət çəkməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Ceyhun Məmmədli ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Onlar Sumqayıt şəhərinə çatdıqdan sonra Ceyhun Turanə ilə görüşmüşdür. Sonra Ceyhun maşını Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X6 Gimnaziyanın yaxınlığına sürmüşdür. O, kiminləsə telefonla danışmışdır. Sonra interneti bitdiyi üçün onun telefonundan istifadə etmişdir. Bir neçə dəqiqə sonra Ceyhun və Turanə maşından düşmüş, o isə maşında qalmışdır. Onlar maşından aralandıqdan sonra onların yanına və maşına mülki şəxslər yaxınlaşmış, o həmin şəxsləri tanımadığı üçün qorxmuş və maşını işə salıb uzaqlaşmışdır. Saat 00:15 radələrində o, Karvan Ticarət Mərkəzinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları ilə Sumqayıt ŞPİ-nə getmişdir. Bölmədə xidməti otaqların birində ona vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şalvarın cibindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutusunun içərisinə baxış keçirilərkən qutunun içərisindən 01 ədəd bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Marixuana elektron tərəzidə çəkilmiş və ekpertizaya göndərilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş kütləni 4-5 gün əvvəl Gəncədə tanımadığı bir şəxsdən 10 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Saxlanılarkən və daha sonra hər hansı təsir və ya təzyiqə məruz qalmamışdır. Göstərilən halları və müharibə iştirakçısı olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını, artıq narkotik maddə qəbul etmədiyini nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili X3 izahatında bildirmişdir ki, Şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 00:15 radələrində Şəxs Sumqayıt şəhəri, “Karvan” Ticarət Mərkəzinin yaxınlığında saxlanılmış, özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və üzərində gəzdirilməsi ilə bağlı şübhəli olmasını bildirmişlər. Şəxs şübhəli şəxs kimi Sumqayıt şəhər Polis İdarəsinə gətirmişlər. Bölmədə Şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxs əynindəki şalvarın cibindən 01 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Kibrit qutusunun baxış keçirilərkən içərisindən yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuana aşkar edlmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, şahidin izahatı, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və və işdə olan digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən 0,50 qram marixuana aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokoldan və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müyyən edilmişdir ki, şəxsi axtarış zamanl Şəxs əynində olan şalvarın cibindən çıxarıb bir kibrit qusutusu təqdim etmiş, kibrit qutusunun içərisində olan bükümdə qurudulmuş marixuanaya bənzər kütlər aşkar edilmişdir. Həmin kütlə bükümü ilə birlikdə çəkilərkən çəkisinin 0,50 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan marixuana olmasını, həmin narkotik vasitəni Gəncə şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1/1903 saylı məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə kibrit qutusunun içərisində bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,50 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın çəkisi 0,50 qram, tədqiqata təqdim edildi – 0,05 qram, qalıq 0,45 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7522 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:15-də tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində İXM-in 206-cı maddəsi ilə araşdırma aparılması üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə göndərilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsi MSY-dən azad edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, şahidin izahatı, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, Şəxs təhqiqat araşdırması zamanı 21 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün ona təyin edilmiş tənbehdən çıxılaraq üzərində 29 (iyirmi doqquz) gün müddətində inzibati həbs saxlanılmalı və inzibati həbs etmənin əvvəli 07 mart 2025-ci il tarixdən saat 16:20-dən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,463 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X4 təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli, qərarın icrası inzibati həbs və şəxsin məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinə əsasən 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsindən 01 (bir) ay müddətində inzibati həbs edilsin. Şəxs təhqiqat araşdırması zamanı 21 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün ona təyin edilmiş tənbehdən çıxılaraq üzərində 29 (iyirmi doqquz) gün müddətində inzibati həbs saxlanılsın. İnzibati həbsetmənin əvvəli 07 mart 2025-ci il tarixdən saat 16:20-dən hesablansın. Qərar inzibati həbs etmə hissəsində dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası inzibati həbs və Şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlam kamerasında saxlanılan keçirilmiş ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,45 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar