Məhkəmə qərarları › İş №3(060)-612/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-612/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-612/2025 14.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26319375 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26319375 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş AR İXM-in xx.xx.2025-ci il tarixli EQ 26319375 qərar əsasında Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında elektron qərar üzrə 600 (altı yüz) məbləğində inzibati cərimə növündə inzibati tənbehi tətbiq edilmişdir. Qərarda iriqrabilli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini asmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi göstərilmişdir. Lakin, o Quba rayonunda xx.xx.2025-ci il tarixində saat 12:22 radələrində girişi və xx.xx.2025-ci il tarixi saat 12:40 radələrində çıxışı qeyd olunmuş tərəzi qəbzində yükü göstərilmiş, yəni maşının boş yükü 13060 kq olmuş, təmiz yük isə 26700 kq olmuş, ümumi isə 39760 kq olmuş vəziyyətdə yığıb Bakı istiqamətində yola çıxmışdır. Açıq-aydın görünür ki, X5 1840 LS Yük markalı ** NH *** dövlət qeydiyyat nömrəli yük maşınında ümumi nəzərdə tutulan çəki 40000 kq-dan artıq olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İXM-i ilə barəmdə olan inzibati xəta haqqında materila üzrə inzibati cərimə tətbiq edilməsinə xitam verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış etmiş, ona verilən suala cavab olaraq bildirmişdir ki, iş materiallarına əlavə edilmiş tərəzi qəbzində çəkini ölçən elektron tərəzi alətinin sertifikatı mövcud deyil. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26319375 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26319375 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “MERCEDES BENZ AXOR 1840 LS YÜK” markalı, **- NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 13:34:39-da M-1 129 km. Şabran rayonu Mollakamallı kəndi. Bakı istiqamətində hərəkətdə olarkən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün sürücü X2 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən həmçinin görünür ki, inzibati xəta hadisəsi hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə (Kistler 9835A) aşkar edilmişdir. Çəki limiti 40.000 kq (40 ton) olsa da, avtomobilin faktiki çəkisi 42.580 kq olmuşdur. İş materiallarına əlavə edilmiş 6393 nömrəli qaimədən görünür ki, **-NH-*** qeydiyyat nömrəli avtomobilin ümumi çəkisi 39760 kq təşkil edir. DİN BDYPİ tərəfindən təqdim olunmuş, iş materiallarına əlavə edilmiş ÖVY 160512 nömrəli ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamədən görünür ki, 9835A tipli ölmə cihazı sonuncu yoxlamadan keçmə tarixi isə xx.xx.2024-cü il tarix, növbəti yoxlamadan keçmə tarixi xx.xx.2025-ci il tarixində olması göstərilmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, “MERCEDES BENZ AXOR 1840 LS YÜK” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 13:34:39-da M-1 129 km. Şabran rayonu Mollakamallı kəndi. Bakı istiqamətində hərəkətdə olarkən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması xüsusi texniki vasitə ilə aşkar edilmiş, X2 barəsində elektron inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26319375 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. X3 tərəfindən təqdim edilən tərəzi qəbzi isə mötəbər sübut kimi, elektron qərarın ləğv edilməsi əsası kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə edilmiş tərəzi qəbzinin qeydə alınma tarixi və saatı, nəqliyyat vasitəsinin marka və d.q.n-nı elektron qərar ilə uyğunluq təşkil etsə də, həmin qəbzin kimi tərəfindən harada tərtib olunması qeyd olunmamışdır. Qəbzidə sadəcə operatorun Turan olması, şirkətin adının isə AMBAR olması qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin135.1-ci maddəsində İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakı kimi göstərilmişdir. 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26319375 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26319375 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar