Məhkəmə qərarları › İş №3(060)-615/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-615/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-615/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26231369 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26231369 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, barəsində tətbiq edilmiş 40 manat cərimənin silinməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli və EQ 26231369 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 346.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə tətbiq edilmişdir. Qərarı xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə almış və həmin qərardan narazıdır. Belə ki, o, özünü yaxşı hiss etmədiyi üçün maşını saxlamış və yoldaşını aptekə getməsi üçün düşürən zaman polis əməkdaşları tərəfindən arxadan maşının şəkilləri çəkilmişdir. Lakin, orada taksi duracağının olmasını təsdiq edən hər hansı bir işarə yoxdur. Həmçinin foto şəkillərdən də görünür ki, taksi duracağına aid heç bir işarə yoxdur. Qeyd edilənlər video görüntülər və foto şəkillərdə də əks olunmuşdur. Göründüyü kimi kamera vasitəsi ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərarın həqiqiliyi tərtib edilmiş qəbzə əsasən şübhə altındadır və inzibati xətanın tördilməsinin israr edilməsinə əsas ola bilməz. Buna görə də Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26231369 inzibati tənbeh vermə barədə qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X4 şikayəti müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, “X7 Prado” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun atasına məxsusdur. Atası avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. Hadisə baş verən zaman avtomobili o deyil, atası idarə etmişdir. Həmin vaxt anası özünü pis hiss etdiyi üçün atası avtomobili saxlamış, anası aptekdən dərman almaq üçün avtomobildən düşmüşdür. Polis əməkdaşları avtomobilin şəkilini çəkən zaman atası avtomobildə olmuşdur. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarında şikayət verilmiş orqan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X7 Prado” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci ildə saat 14:34-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində taksi duracağında (həmin avtomobil taksi minik avtomobili olmadığı halda) dayanmasına və ya durmasına görə sürücü X4 Azərbaycan Respublikası İXM-in 346.6-cı maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. “X7 Prado” minik markalı avtomobilin dayandığı yerdə olan fotoşəkilləri qərara əlavə edilmişdir. Məhkəmə tərəfindən hadisənin qeydə alındığı yerə baxış keçirilmişdir. Baxış zamanı “X7 Prado” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerdən təxmini 20 metr qabaqda 5.14 yol nişanının (taksi minik avtomobillərinin duracaq yeri) mövcud olması və həmin yol nişanının “X7 Prado” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerdə də qüvvədə olması müəyyyən edilmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X7 Prado” minik markalı, **- VY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci ildə saat 14:34-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində 5.14 yol nişanının (taksi minik avtomobillərinin duracaq yeri) təsir sahəsində dayanmış, qeyd edilən inzibati xəta hadisəsi YPX avtomobilində quraşdırılmış foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək İXM-in 122-ci maddəsinə əsasən müvafiq icraat aparılmaqla Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26231369 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ilə sürücü X4 Azərbaycan Respublikası İXM-in 346.6-cı maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. X4 həmin qərardan şikayət vermiş və şikayətinin dəlili kimi həmin ərazidə taksi duracağına aid heç bir yol nişanının olmamasını bildirmişdir. Lakin, məhkəmə tərəfindən inzibati xəta hadisəsinin qeydə alındığı yerə baxış keçirilərkən orada 5.14 yol nişanının (taksi minik avtomobillərinin duracaq yeri) mövcud olması müəyyən edilmişdir. Şikayətçi məhkəmə iclasında ərizəsində qeyd etdiyindən fərqli dəlil irəli sürərək avtomobilin mülkiyyətçisinin atası olmasını, ona yalnız etibarnamə verməsini və inzibati xəta hadisəsinin qeydə alındığı vaxt avtomobili onun deyil, atasının idarə etdiyini bildirmişdir. Lakin, şikayətçinin qeyd edilən dəlili də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, şikayətçinin qeyd etdiyi hal yalnız onun iddiasından ibarətdir, bununla bağlı hər hansı dəlil və ya sübut mövcud deyil. Məhkəmə hesab edir ki, X2 şikayət ərizəsində və məhkəmə iclasında bir-birindən fərqli dəlillər irəli sürməsi özünü müdafiə xaraekteri daşıyır və məsuliyyət yayınmağa çalışmasını təsdiq edir. Göründüyü kimi X2 Azərbaycan Respublikası İXM-in 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26231369 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması – adamların minməsi və ya düşməsi yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması –əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; Azərbaycan Respublikası İXM-in 346.6-cı maddəsinə əsasən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının X3nin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26231369 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26231369 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar