Məhkəmə qərarları › İş №3(060)-619/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-619/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-619/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Bədəlova (Hüseynova) Suğraxanım Fizuli qızının, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən 28 fevral 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/20 saylı, 19.06.2020-ci il tarixli icra vərəqəsini üzürsüz səbəb olmadan icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. X2 3.660,00 manat aliment borcunu vardır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 687/20 saylı, 19.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər uşağa görə 170,00 manat olmaqla cəmi 340,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar Bədəlova (Hüseynova) Suğraxanım Fizuli qızına ödənilməlidir. Hal-hazırda aliment borcu 3.660,00 manat təşkil edir. Lakin borclu üzürsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 Samir Nəsib oğlunun barəsində qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Bədəlova (Hüseynova) Suğraxanım Fizuli qızı izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/20 saylı, 19.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər uşağa görə 170,00 manat olmaqla cəmi 340,00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Hal-hazırda aliment borcu 3.660,00 manat təşkil edir. Şəxs ödəməli olduğu aliment borcunu qərəzli olaraq ödəmir. Qed olunanların nəzərə alınaraq Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-687/20 saylı, 19.06.2020-ci il tarixli icra vərəqəsi üzrə ondan hər ay, hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat aliment tutularaq tələbkar Bədəlova (Hüseynova) Suğraxanım Fizuli qızı ödənilməlidir. Hazırda onun tələbkara 3.660,00 manat məbləğində aliment borcu vardır. Həmin borcun yaranmasına səbəbi işsiz olması olmuşdur. Hazırda yaranmış aliment borcundan heç bir məbləğdə ödəniş etməyə maddi imkanı yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkar və borclunun izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 fevral 2022-ci il tarixdən, saat 15:50-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar