Məhkəmə qərarları › İş №3(060)-619/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-619/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-619/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, Tələbkarın nümayəndəsi vəkil X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəh., 6-cı mkr, m 38 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3772/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs iddiaçı X1 xeyrinə ümumilikdə 17130,25 (on yeddi min yüz otuz manat iyirmi beş qəpik) və 180 (bir yüz səksən) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qərara alınsa da, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bu səbəbdən tərtib olunmuş həmin inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmiş, və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 məhkəməyə bildirdi ki, qeyd olunan icra sənədi üzrə cavabdeh Şəxs ümumilikdə 17130,25 (on yeddi min yüz otuz manat iyirmi beş qəpik) və 180 (bir yüz səksən) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədinin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirməmişdir. Belə ki, borclu ilk dəfə 30 sentyabr 2022-ci il tarixdə icra idarəsində olmuş, tələbin könüllü icra edilməsi ilə bağlı xəbərdar edilərək könüllü icra barədə bildiriş və icraata başlamaq haqında qərar borcluya təqdim edilmiş, lakin ötən müddət ərzində Şəxs borcunu ödəməmişdir. Daha sonra borclu ilə əlaqə saxlamaq mümkün olmadığından və yaşayış yeri müəyyən edilmədiyindən yaşayış yerinə baxış keçirilmiş, həmin ünvanda yaşamaması səbəbindən barəsində “Borclunun axtrarılması haqqında” qərar qəbul edilərək aidiyyatı Polis orqanına göndərilmişdir. Borclunun icra idarəsində iştirakı bu gün təmin edilmişdir. Bu müddət ərzində borclu tərəfindən heç bir ödəniş olunmamış, bu səbəbdən borclu barəsində qeyd edilən inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, onun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3772/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X2 ümumilikdə 17130,25 manat məbləğində borcu vardır. O, tələbkardan borcu hissə-hissə alsa da, aralarında müqavilə 16000 manatla əlaqədar bağlanılmışdır. O, məhkəmə qətnaməsindən apellyasiya şikayət verəcəyi üçün borcunu ödəməmişdir. Lakin onun hazırda qeyd olunan borcunu tam ödəmək iqtidarında deyil. Belə ki, onun himayəsində epillepsiya xəstəsi 23 yaşlı qız övladı var və o, övladını tək qoyub işləyə bilmir. Ailəni digər övladları işləyərək dolandırır. Mart ayının 15-də borcundan 1000 manat ödəyə, digər aylarda da stabil olaraq 1000 manat ödəyə bilər. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və tələbkar ilə razılığa gələ bilməsi üçün məhkəmədən ona vaxt verilməsini xahiş edir. Tələbkarın nümayəndəsi, vəkil X5 məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3772/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkara 17130,25 manat məbləğində borcu vardır. Lakin Şəxs borcunu ödəməkdən boyun qaçırır. Tələbkar borcunu tələb edir və hazırda ondan şikayətçidir. Borclu barəsində hansı inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. İş materiallarında olan bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi tələb edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə borclunun 30 sentyabr 2022-ci il tarixdə icra sənədi ilə tanış olmasına baxayaraq, ötən 6 ay ərzində heç bir ödəniş etməməsini onun qərəzli olaraq üzürsüz səbəbdən icra sənədini icra etmədiyi qənaətinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs əməlindən peşman olmasını, himayəsində xəstə övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalı, məhkəmə iclasında onun əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X9 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil X11 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar