Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-622/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Tarverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X7, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Suqmayıt Regioanl Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, X10 qəsəbəsi, SKZ yataqxanası, otaq 74 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 10 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Gold Qayalı” marketi qarşısında X6 nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X11 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Gold Qayalı” marketi qarşısında X6 nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Aparılan araşdırma zamanı Şəxs ictimai qaydanı pozaraq qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi halları müəyyən edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində işdən çıxıb yaşadığı ünvana gəldiyi zaman alış-veriş etmək məqsədilə H.Z.Tağıyev qəsəbəsində yerləşən “Gold Qayalı” marketinə daxil olmuşdur. Marketdə 30 nömrəli xətt avtobusunun sürücüsü kimi tanıdığı Razimlə salamlaşmışdır. Bu zaman tanımadığı bir qadın ona yaxınlaşıb Razimlə salamlaşdığı üçün ona irad bildirmişdir. O isə altı ildir qəsəbədə yaşadığını, Razimi sadəcə avtobus sürücüsü kimi tanıdığını və aralarında heç bir münasibətin olmadığını bildirmişdir. Qadın ona qıcıqlandırıcı söz dediyi üçün onun ünvanına nalayiq ifadələr işlətmiş və əlində olan əşyaları onun üzərinə atmışdır. Bu zaman mağaza mühafizəçiləri onlardan mağazanı tərk etməyi tələb etmişlər. O, mağazadan çıxdıqdan sonra X8 onun arxasınca gəlməyə davam etmiş və onun baş nahiyəsinə əli ilə zərbələr endirmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində qaynı X12 və onun həyat yoldaşı X4 ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Gold Qayalı” marketinə getmişlər. Marketin kassasında olan zaman qaynı Razimin sonradan adının Simarə olduğunu bildiyi bir xanım ilə salamlaşdığını görmüşdür. Həmin xanıma yaxınlaşaraq bütün evli kişilər ilə salamlaşıb-salamlaşmadığını soruşmuşdur. Bu zaman adının sonradan Simarə olduğununu bildiyi həmin xanım ona Razimi altı ildir ki, tanıdığını və salamlaşmalı olduğunu bildirmişdir. Sonra aralarında mübahisə yaranmış və Simarə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Mağaza işçiləri onu mağazadan çıxartsalar da o, yenidən mağazaya qayıdaraq əlində olan əşyaları onun üzərinə atmış və onun mağazadan kənara çıxmağını tələb etmişdir. Simarə ona tərəf əşya atsa da, həmin əşyalar xırda olmuş, ona hər hansı ağrı və xəsarət yetirməmişdir. O, mağazadan çıxan zaman Simarənin mağaza qarşısında dayanaraq onun ünvanına nalayiq ifadələr işlətdiyini görmüş və əsəbləşərək Simarənin baş nahiyəsinə əli ilə zərbə endirmişdir. Bu səbəbdən də onun barəsində də İXM-in 157-ci maddəsi ilə protokol tərtib edilmiş, lakin barışdıqları üçün işə xitam verilmişdir. Hazırda Şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, hüquqlarını müdafiə ediyi şəxs törətdiyi əməli səmimi etiraf edir və hazırda əməlindən peşmandır. Göstərilən halları, həmçinin hüquqlarını müdafiə ediyi şəxsin zərəçəkmiş şəxslə barışmağını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Onun əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi mövcuddur, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən Şəxs peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alıraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada 50 (əlli) manat məbləğində cərimə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-622/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-622/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver