Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-624/2022 18.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs: Oleh Kuripkonun müdafiəçisi, Bakı Şəhər 13 saylı Vəkil Bürosunun vəkili Vəkil, Qərarından şikayət verilmiş səlahiyyətli orqan: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 10.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Oleh Kuripkonun müdafiəçisi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 10.02.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə Oleh Kuripkonun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilməklə 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan Oleh Kuripkonun müdafiəçisi Vəkil şikayətlə məhkəməyə müraciət edərək Ukrayna vətəndaşı FT 329999 nömrəli pasportun sahibi Kuripko Oleh barəsində Miqrasiya Nəzarəti Baş İdarəsinin şöbə rəisi X3 tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edərək inzibati xəta haqqına iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Moldova Respublikasının vətəndaşı, iş adamı cənab Cecan Filip Azərbaycan Respublikası ərazisində yerləşən biznes fəaliyyətinə sərmayə qoymaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar aparmaqdadır. Qeyd edilən danışıqlar mis istehsalı zavodunun alınması və həmin zavoda sərmayə qoyularaq işlədilməsindən ibarətdir. Cənab Cecan gələcəkdə həmin zavodda işləmək üçün iş təklifi göndərdiyi ukraynalı mütəxssisləri hazırki mərhələdə Zavodun alış qiymətinin və qoyulacaq sərmayənin hesablanması məqsədi ilə Bakı şəhərinə dəvət etmişdir. Bu mütəxəssislər: Kuripko Oleh, Kurtiev Stepan, Laptiev Yurii və Redko Anatolii olmuşlar. Göstərilən mütəxəssislər Azərbaycan Respublikası ərazisinə 18 yanvar 2022-ci il tarixdə gəlmiş və gəldikdən sonra Azərbaycan Respublikası ərazisində 05 fevral 2022-ci il tarixə qədə COVİD-19 virusundan evdə, özünütəcrid şəraitində müalicə olunmuşlar. 09 fevral 2022-ci il tarixdə adları yuxarıda göstərilən mütəxəssislər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinə dəvət edilmişlər. Mütəxəssislərdən 3 nəfərə təzyiq altında guya "xxxx" MMC-də əmək fəaliyyəi ilə məşğul olması barədə izahat almışlar. Laptev Yurii isə təzyiqlərə baxmayaraq Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmadığını bildirmiş və tələb edilən formada izahat yazmaqdan imtina etmişdir. Daha sonra mütəxəssislər Kürdəxanı qəsəbəsində yerləşən qanunsuz miqrantların saxlanılması mərkəzinə yerləşdirilmişlər. 10 fevral 2022-ci il tarixdə 13 saylı Vəkil Bürosu ilə müqavilə bağlanmış və Vəkil qeyd edilən şəxslərin müdafiəçisi təyin edilmiş və müvafiq orderlər götürülmüşdür. Barəsində inzibati tənbeh tətbiq dilən şəxsin vəkili qismində Kürdəxanı qəsəbəsində yeləşən qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan şəxslərlə görüş zamanı saxlanılan şəxslər bildirmişlər ki, onlar saxlanılarkən onlardan təzyiq altında izahat alınmış, izahatlarında Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olduqları yazdırılmışdır. Saxlanılan şəxslər bildirmişlər ki, “əgər izahatı deyilən formada yazmasalar, onlara azadlıqdan məhrumetmə cəzası veriləcək. Əgər izahatlar yazılmış olsa, 3 saat ərzində Ukraynaya geri göndəriləcəklər.” Həmçinin qeyd etmək lazımdır ki, izahatı yazarkən guya işlədikləri iş yerinin olduğu yeri də göstərməyi tələb etsələr də, saxlanılan şəxslər işləmədikləri üçün həmin yerin yerləşdiyi ərazini qeyd edə bilməmişlər. Saxlanılan şəxslərin vəkili olaraq 10 fevral 2022-ci il tarixdə saat 12 radələrində Miqrasiya Nəzarəti Baş İdarəsinə yaxınlaşmış və şöbə rəisi Emin Həsənovla görüşmək istəsə də, nahardan sonra görüşə biləcəyini bildirmişdir. Nahardan sonra E.Həsənovla görüşüb Kuripko Oleh, Kurtiev Stepan, Laptiev Yurii və Redko Anatoliinin müdafiəçisi olduğunu bildirmişdir. Orderlərin surətlərini təqdim edib inzibati işə onu vəkil qismində cəlb etməsini xahiş etmişdir. E.Həsənov bu barədə idarə rəisindən icazə almalı olduğunu bildirmiş və rəislə danışdıqdan sonra onu vəkil kimi inzibati işə cəlb etməkdən imtina etmişdir. Belə olan halda rəsmi ərizə yazaraq orderlərin surətini Miqrasiya Nəzarət Baş İdarəsinə təqdim etmək istəmişdir. Miqrasiya Nəzarət Baş İdarəsi ərizəni və orderləri qəbul etməkdən imtina etmişdir. Məcbur olub həmin ərizəni orderlə birlikdə Miqrasiya Xidmətinə təqdim etmişdir. Bütün səylərinə baxmayaraq vəkil qismində müdafiəçi kimi işə cəlb edilməyə nail ola bilməmişdir. Qərarların surətlərinin təqdim edilməsini israrla tələb etməyinə baxmayaraq qərarların surətləri ona təqdim edilməmişdir. Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən Oleh Kuripko iş başında tutulmayıb, onun işləməsi ilə bağlı heç bir sübut yoxdur. Oleh Kuripko inzibati orqan tərəfindən Miqrasiya Xidmətinin inzibati binasına dəvət edilib və inzibati binada təzyiq altında ondan izahat verilməsi tələb edilib. Göründüyü kimi qanunvericiliyin tələb etdiyi əsaslardan heç biri olmadığı halda inzibati xəta haqqında iş başlana bilməzdi. Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən izahat alarkən ona müdafiəçinin xidmətlərindən istifadə etmək üçün imkan yaradılmamış, müdafiəçinin iştirakı olmadan hədə-qorxu ilə izahat yazmağa məcbur etmişlər. Barəsində iş üzrə icraat aparılan şəxsi AAzərbaycan Respublikasına dəvət edən şəxs tərəfindən vəkil tutulduqdan sonra isə vəkilin təkidlə israr etməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə icraata buraxılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar 13 fevral 2022-ci il tarixdə hava limanında təqdim edilmişdir. Protokolda imza etməsi və ya imza etməkdən imtina etməsinin səbəbləri barədə protokola qeyd etməsi üçün imkan yaradılmamış və bununla da İXM-nin 100.4-cü maddəsinin tələbləri pozulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası ərazisində hər hansı əmək fəaliyyəti ilə məşğul olması barədə heç bir sübut mövcud deyil. İnzibati xəta haqqında protokol və qərar yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən hədə-qorxu ilə alınan izahat əsasında verilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Oleh Kuripkonun müdafiəçisi Vəkil şikayəti müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini xahiş etdi və bildirdi ki, inzibati xətanın törədilməsi Oleh Kuripkonun izahatı ilə təsdiq edilmişdir, onların fikrincə bu kifayətdir və bu işlərlə bağlı təcrübə də belədir. Bununla bağlı "xxxx" MMC-də başqa araşdırma aparılmamış, sübutlar toplanmamışdır, çünki sahibkarlıq subyektlərində yoxlama aparılması qadağandır. Araşdırma zamanı Oleh Kuripkoya müdafiəçi təqdim edilməmişdir, çünki müdafiəçinin iştirakı məcburi olmamışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 10.02.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan MN ******* saylı, 10.02.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, şəxs iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan 05.02.2022-ci il tarixli arayışdan görünür ki, Kuripko Oleq həqiqətən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 16.06.2016-cı il tarixində verilmiş növbəti 089872 nömrəli müddətsiz lisenziya əsasında fəaliyyət göstərən "Şəfa" X1 20.01.2022-ci il tarixdən 05.02.2022-ci il tarixədək həkim-pulmonoloqun müayinəsindən keçmişdir. Müayinələr nəticəsində ona "Xroniki bronxitin kəskinləşməsi və postcovid sindrom" diaqnozu qoyulmuş və müvafiq ambulator müalicə kursu təyin olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin məktubundan görünür ki, Ukrayna vətəndaşları Kuripko Oleh, Kurtiev Stepan, Laptiev Yurii və Redko Anatolii 2022-ci il ərzində "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmamışlar. Qeyd edilən şəxslər ümumiyyətlə "xxxx" MMC-yə məxsus hər hansı əmlak sahəsinə daxil olmamışlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-556/2022 saylı, 02.03.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İXMnin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 30000 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən Oleh Kuripkonun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yuxarıda qeyd edilən normaların tələbləri baxımından yoxlanılarkən müəyyən edilmişdir ki, yoxlanılan materiallardan inzibati xəta haqqında icratın aparıldığı dili bilməyən şəxsə yalnız izahat verərkən tərcüməçi verildiyi görünür. İşə baxılarkən onun özünün və tərcüməçinin iştirak edib-etməməsi, onun işə baxılan otağa və ya iclas zalına gətirilib-gətirilməməsi barədə məlumat əldə etmək mümkün deyildir, bununla bağlı sənədlər yoxdur və bu hallar şübhəlidir, qərarın surəti də ona ana dilində təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olmasını bilməsi, ona müdafiəçi təqdim edilməsi və digər hallarla bağlı da materiallarda heç bir məlumat yoxdur. Səlahiyyətli orqanın nümayəndəsinin hüquqi şəxslərin sahibkarlıq fəaliyyətlərinin yoxlanılmasının qadağan edilməsi əsası ilə Oleh Kuripkonun "xxxx" MMC-də işləməsinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-də araşdırma aparılmasının qeyri-mümkünlüyü ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri sayır ki, inzibati xəta ilə bağlı araşdırma aparılması ilə əlaqədar hüquqi şəxslərə sorğular verilməsi, sənədlərin və məlumatların əldə edilməsi, götürülməsi, hüquqi şəxsin işçilərinin izahatlarının alınması hüquqi şəxslərin sahibkarlıq fəaliyyətlərinin yoxlanılması deyildir. Səlahiyyətli orqan Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edərək tam, obyektiv və hərtərəfli araşdırma aparılmasını təmin etməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Oleh Kuripkonun əməlində inzibati xəta tərkibi olması sübut olunmur. Oleh Kuripkonun "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olub-olmaması, iş icazəsi olmadan əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, sübutlar toplanmamışdır. Səlahiyyətli orqan bununla bağlı tam araşdırma aparmadan, yalnız Oleh Kuripkonun özünün hansı şəraitdə alınması məlum olmayan (özü olmadığından bunun aydınlaşdırılması mümkün deyildir) izahatı ilə, heç bir başqa sübut olmadan qərar qəbul etmiş, onun qərardan şikayət vermə müddətini, qərarın qüvvəyə minməsini gözləmədən ölkədən çıxarılmasını təmin etmişdir. Məhkəmə hesab edir ki, bütün şübhəli hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Oleh Kuripko artıq ölkədən çıxarıldığından qərarın ləğv edilərək inzibati xəta haqqında materialların yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılması buraxılan nöqsanların aradan qaldırılmasını təmin edə bilməyəcəkdir. Ona görə də, mübahisələndirilən qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən Oleh Kuripko barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsiri sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Oleh Kuripko barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 10.02.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 134.1.3, 135.1.5-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Oleh Kuripkonun müdafiəçisi Vəkil şikayəti təmin edilsin. Oleh Kuripkonun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilməklə 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10.02.2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. Oleh Kuripko barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-624/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-624/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver