Məhkəmə qərarları › İş №3(060)-636/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-636/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-636/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Müdafiəçi Sumqayıt Regional Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İnter-Trans MMC-də dispetçer işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:20 radələrində ”Range Rover” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sahil küçəsində hərəkətdə olarkən barəsində İXM-in 327.2 və 511.1.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nöməli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı Elvin Əsgərov tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində xidmət aparkən vətəndaş Sabir Kərimov VAZ 2106 markalı avtomobillə onlara yaxınlaşaraq hərəkətdə olarkən Range Rover” markalı, ** TJ *** nömərli avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət etdiyini, özünün şəkər xəstəsi olmasından onda narahatçılıq yaratdığını bildirmişdir. Dərhal qeyd olunan ünvana gedərək sürücünü saxlamışlar və inzibati araşdırmanın aparılması ilə bağlı avtomobil saxlanc yerinə təmin edilmişdir. Daha sonra Sabir Kərimovun izahatı alınaraq iş materiallarına əlavə edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, tərtib olunmuş protokolla razı deyildir. Belə ki, o, iftardan qayıdan zaman PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq avtomobili saxlanc yerinə təmin edilmişdir. O, isə buna etiraz etməmişdir. Daha sonra onun narkoloji dispanserə müayinəyə aparılmış və videosunu çəkilərək kiməsə göndərilmişlər. Hətta onu müayinəyə aparan və avtomobilini saxlanc yerinə təmin edən polis əməkdaşı ondan pul tələb etmişdir. O, baş verənlərlə bağlı dəfələrlə müxtəlif orqanlara şikayət etmişdir. Bildirir ki, Range Rover markalı avtomobillə avtoxuliqanlıq etmək mümkün deyildir. Polis əməkdaşları onu saxlayan zamanı bunu rəhbərliyin göstərişi ilə etdiklərini bildirmişlər. Qeyd olunan hadisəni təsdiq edən görüntü mövcud deyildir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X5 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində xidmət apararkən vətəndaş Sabir Kərimov VAZ 2106 markalı avtomobillə onlara yaxınlaşaraq “Range Rover” markalı, ** TJ *** nömərli avtomobilin sürücüsünün yüksək sürətlə manevr qaydalarını pozduğunu, Sabir Kərimov özünün şəkər xəstəsi olmasından sözügedən sürücünün ona narahatlıq yaratdığını bildirmiş, dərhal qeyd olunan ünvana gedərək sürücünü saxlamışlar və inzibati araşdırmanın aparılması ilə bağlı avtomobili saxlanc yerinə təmin edilmişdir. Hadisə ilə bağlı kamera görüntülərinə baxılmış, görüntülərin bir qismində sürücünün qayda pozuntusu etməyi faktı qeydə alınmış, lakin hava şəraiti yaxşı olmadığından görüntünün keyfiyyəti zəif olmuşdur. Bu səbəbdən həmin görüntülər iş materiallarına əlavə edilməmişdir. Əlavə olaraq bildirir ki, “Range Rover” markalı, ** TJ *** nömrəli avtomobilin sürücüsünün yüksək sürətlə manevr qaydalarını pozmasına şahid olmuşdur. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, sürücünün sözügedən xuliqanlıq əməlini etməsini polis əməkdaşları görməmişdir. Həmçinin protokol tərtib edildikdən 3 gün sonra hüquqlarını müdafiə etdiyim şəxsə göndərilmişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialların əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sabir Kərimovun xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə Vaz 2106 markalı avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsi ilə hərəkətdə olduğu zaman “Range Rover” markalı, **-TJ-*** nömrəli avtomobil ziq-zaq hərəkətləri edərək onun diqqətini yayındıraraq qəza şəraiti yaratmışdır. Qeyd olunan avtomobil yüksək sürətlə hərəkət edərək digər hərəkət iştirakçılarına hörmətsizlik etmişdir. xx.xx.2025-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, “Range Rover” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokol tərtib etmiş yol patrul xidməti inspektorunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materialına əlavə olunmuş diskə baxış keçirərək və sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət edilən hərəkətlərə yol verilməli idi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X4 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-in qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, və ya protokolda qeyd etməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında İXM-nin 327.1-327.7 maddələri inzibati xəta haqqında protokolun tərtib edilməsinə DİN səlahiyyətli olduğu göstərilmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən həmin hissədə iş üzrə icraata xitam verilməli və materialın surəti Şəxs hərəkətlərində İXMnin 327.2 maddəsində nəzərdə tutulmuş məsuliyyət məsələsinin həll olunması üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Materialın surəti Şəxs hərəkətlərində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət məsələsinin həll olunması üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar