Məhkəmə qərarları › İş №3(060)-638/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-638/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-638/2025 11.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, X1 İsa oğlunun iştirakı ilə, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7067090 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından Hüseynzadə Rəvan İsa oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüseynzadə Rəvan İsa oğlu şikayətlə məhkəməyə müraciət edərək TP7067090 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hüseynzadə Rəvan İsa oğlu Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7067090 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü, 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat cərimə olunmuşdur. O, avtomobillə hərəkətdə olarkən Sumqayıt şəhər DYPŞ yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən ona saxla əmri verilmiş, sənədlərə baxış zamanı etibarnaməsinin olmadığı aşkar olunmuşdur. Bu səbəbdən avtomobil cərimə meydançasına yerləşdirilmişdir. O, etibarnamə aldıqdan sonra xx.xx.2025-ci il tarixində Sumqayıt şəhər DYPŞ-yə yaxınlaşmış, məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixində maşın duracağa qoyulduğu tədqirdə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsi ilə cərimə tətbiq edilməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi “Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması” səbəb göstərərək 100 manat məbləğində cərimə tətbiq edilmiş və ona heç bir görüntü göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs Hüseynzadə Rəvan İsa oğlu ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş, əlavə olaraq bildirmişdir ki, onun soyadı əvvəllər Soyinov olmuşdur. Bu səbəbdən də sistemdə soyadı Soyinov qaldığı üçün tənbeh qərarında da Soyinov qeyd edilmişdir. O, 2015-ci ildə soyadını Hüseynzadə soyadı ilə dəyişdirmişdir. Həmçinin, izahatında bildirmişdir ki, onun avtomobili xx.xx.2025-ci il tarixində saxlanılmış və sənədləri təqdim edərkən etibarnamənin müddətinin bitməsi məlum olmuşdur. Bununla əlaqədar avtomobil cərimə meydançasına aparılmışdır. O, yenidən etinbarnamə alaraq xx.xx.2025-ci il tarixdə avtomobili cərimə meydançasından çıxarmışdır. Buna dair qəbzi də mövcuddur. Lakin, daha sonra ona məlum olmuşdur ki, o, İnzibati Xəatalar Məcəlləsinin 327.3-cü maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. O, barəsində tətbiq edilmiş cərimə qərarı ilə əlaqədar foto və ya video görüntülərin təqdim edilməsi üçün müraciət etsə də, ona tədqim edilmədiyini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7067090 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X4 Şöbəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7067090 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından görünür ki, Soyinov Rəvan İsa oğlu xx.xx.2025-ci il tarixdə, saat 12:45-də Sumqayıt şəhəri, Azərbaycan Paralel küçəsi ərazisində “Volkswagen Jetta minik” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikasının İXM-in 327.3 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Adın, ata adının və soyadın dəyişirilməsi haqqında şəhadətnaməyə əsaəsn Soyinov Rəvan İsa oğlu soyadını “Hüseynzadə”yə dəyişdirmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 80 nömrə ilə qeyd edimişdir. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli akta əsasən “Volkswagen Jetta minik” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 11:45-də 2 saylı cərimə meydançasına yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görəyüz manat məbləğində cərimə edilir. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Hüseynzadə (Soyinov) Rəvan İsa oğlu xx.xx.2025-ci il tarixdə saxlanılarkən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi səbəbindən avtomobili duracağa yerləşdirilmiş, o, yenidən etibarnamə alaraq xx.xx.2025-ci il tarixdə avtomobilini duracaqdan qəbzə imza etməklə çıxarmışdır. O, avtomobili etibarnamə olmadan idarə etməsini etiraf etdiyi və avtomobili xx.xx.2025-ci il tarixdə saxlanıldığı halda, inzibati tənbeh vermə barədə qərarda xətanın törədilmə vaxtı xx.xx.2025-ci il tarixi saat 12:45 kimi göstərilmiş və eyni zamanda R.Hüseynzadə tərəfindən “dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması”na dair xətanın törədilməsi səbəbindən 100 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (foto, video görüntü və s.) təqdim edilməsi barədə Sumqayıt ŞDYPŞ-nə sorğu versə də, sorğuya cavab verilməmişdir. Göründüyü kimi Sumqayıt ŞPİ-nin X4 Şöbəsi ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Eyni zamanda qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd edilən məsələnin aydınlaşdırılması istiqamətində heç bir addım atmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7067090 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməli və qərarda göstərilən xüsusatlar araşdırılması ilə əlaqədar iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X4 Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüseynzadə Rəvan İsa oğlunun şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7067090 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X4 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar