Məhkəmə qərarları › İş №3(060)-64/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-64/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-64/2025 06.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmuş, hazırda daimi qeydiyyat yeri olmayan, Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Kaspi” Uşaq bağçasının yaxınlığında kirayədə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X1 Nərminə Elcin qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 06 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X7 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən saat 14:00 radələrində X8 döyərək xəsarət yetirmişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi xx.xx.2024-cü il tarixli qərarla rədd edillmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün inzibati qaydada tədbir görülməsi məqsədi material ona göndərilmiş və tərəfindən müvafiq protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, onun Elçin Niftəliyev adlı şəxslə sevgi münasibəti var. X18 bu münasibətə qarşıdır. Buna görə də onlar arasında mütamadi mübahisələr olur. xx.xx.2024-cü il tarixdə də mübahisə yaranmışdır. Bu zaman onlara dayısı və xalası da gəlmişlər. Dayısı onu döymüş və balkondan atacağı ilə hədələmişdir. Baş vermiş hadisə ilə bağlı ilk əvvəl o DİN 102 xidmətinə məlumat vermiş, lakin telefonunun enerjisi bitdiyi üçün müraciəti yarımçıq qalmışdır. Həmin vaxt anası da DİN-in 102 xidmətinə məlumat vermişdir. O, heç vaxt anasını vurmamış və ona xəsarət yetirməmişdir. Göstərilən halları, həmçinin hazırda anasının barışıq ərizəsi verməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında bildirmişdir ki, onun qızı Nərminənin Elçin adlı şəxslə münasibəti var. O, bu münasibətə qarşı olduğu üçün qızı ilə aralarında tez-tez mübahisə yaranır. Belə ki, Elçin tez-tez qızını döyür və mübahisə edir, daha sonra barışır və tez-tez evlərinin yaxınlığına gəlib səs-küy salmaqla onları narahat edir. Ona görə də qızına bildirmişdir ki, ya Elçindən birdəfəlik ayrılsın, ya da evdən çıxıb getsin ki, Elçin gəlib onları narahat etməsin. xx.xx.2024-cü il tarixdə qızı ilə aralarında yenə mübahisə yaranmışdır. O qızını şəpit ilə vurmuş, qızı isə uzandığı yerdə təpiklə onu vurmuşdur. xx.xx.2024-cü il tarixdə də qızı ilə aralarında mübahisə yaranmış, buna görə də o qardaşı və bacını çağırmışdır. Qardaşı gələn vaxt da Nərmin sakit dayanmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt da qızı ilə aralarında mübahisə yaranmış və o qızını vurmuşdur. Mübahisə zamanı qızı Nərminə də onu çəkişdirmişdir. Bundan sonra o DİN 102 xidmətinə məlumat vermişdir. Hadisədən bir gün sonra isə ayağına baxdıqda qançır yarandığını müəyyən etmişdir. Həmçinin bildirmişdir ki, ayağıda olan qançır qızı ilə mübahisə zamanı yaranmışdır. Çünki, o başqa şəxslə mübahisə etməmiş və ya hər hansı digər formada xəsarət almamışdır. Hazırda Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X10 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə bacısı Eminə Həsənli ilə qızı Şəxs arasında mübahisə yaranmışdır. Buna görə də bacısı onu və digər bacısını evlərinə çağırmışdır. O da bacısıgilə getmiş və bacısının ayaq nahiyyəsinin göyərdiyini görmüşdür. O, Şəxs vurmamışdır. Evə gedən zaman isə bacısı Eminə ilə qızı Nərminənin mübahisə etməsini və bir-birini çəkişdirməsini görmüşdür. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X12 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxslə zərəçəkmiş şəxs arasında barışıq əldə olunmuşdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 06 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində yaşadığı ünvanda mübahisə zamanı anası X9 döymüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1981 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X5 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazunun, sol baldırın qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixlərə uyğun gələ bilər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən yetirilməsi inkar olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Lakin, iş üzrə icraata xitam verilməsi və Şəxs məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxslər ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini və sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirmiş, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X12 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar