Məhkəmə qərarları › İş №3(060)-640/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-640/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-640/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ramiz Quliyev Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 mart 2025-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-ci il üzrə 2024-ci ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirilməməsi göstərilmişdir. "xxxx" MMC-nin nümayəndəsi X2 etirazında bildirmişdir ki, "xxxx" MMC (bundan sonra-STP) barəsində İXM 462.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında 3(060)-640/2025 nömrəli iş məhkəmin icraatındadır. Belə ki, Nazirlik STP barəsində İXM-nin 462.1-ci maddəsinin tələblərinin pozulmasına görə 03 mart 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokolun tərtib olunmasına səbəb kimi STP-nin 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməməsi göstərilmişdir. Nazirliyin məlumatı adlı xx.xx.2024-cü il tarixli sənədində xüsusi ilə AR Nazirlər Kabinetinin 2017-ci il 27 may tarixli 97 saylı Qərarının 3.1-ci bəndinə istinad olunaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim edilməsi vurğulanmışdır. Nazirliyin xx.xx.2024-cü il tarixli məlumat adlı sənədində istinad etdiyi normanın tələbindən çıxış edərək qeyd etmişdir ki, Mülki Məcəllənin 99.2, 100.3 və 115.3-cü maddələrinə əsasən illik maliyyə hesabatlarının dərc edilməsi vəzifəsi açıq və qapalı səhmdar cəmiyyətlərinə, habelə öz əmlakından istifadə haqqında hesabatı dərc etmə vəzifəsi fond(lar)a şamil edilmişdir. Lakin Mülki Məcəllədə Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra - MMC) üzərinə belə bir vəzifə qoyulmamışdır. Həmçinin MMC-lərin maliyyə hesabatlarını və auditor rəylərinin dərc edilməsinin konkret dövrü və tarixi də göstərilməmişdir ki, bu hal da onların belə bir öhdəliyinin olmamasından irəli gəlir. Bundan başqa Nazirliyin istinad etdiyi "Mühasibat uçotu haqqında" AR Qanununun 12.2, 12.3, 12-1.5, 12-1.8 və 12-1.9-cu maddələrinin müddəaları fərqli məsələləri tənzimlədiyi üçün hazırki münasibətin təsiri altına düşmür və STP-yə qarşı bu əsaslarla protokol tərtib olunmamalıdır. Ona görə də STP üzərinə illik maliyyə hesabatı və auditor rəyini internet səhifəsində və ya kütləvi informasiya vasitələrində dərc etmək öhdəliyi qoyula bilməz. Bu göstərilənlər MMC-nin üzərinə belə bir öhdəliyin qoyulmasını ümumiyyətlə istisna edir. Digər əsas isə odur ki, illik maliyyə hesabatı və auditor rəyini internet səhifəsində və ya kütləvi informasiya vasitələrində dərc etməli kommersiya təşkilatlannın ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün olan meyar göstəriciləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2005-ci il tarixli 108 nömrəli Qərarında illik gəlirinin 200 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayının 1500 nəfər, balansın yekun məbləğinin 500 milyon manat kimi olması müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi STP ölkə iqtisadiyyatına töhvə verən şirkətdi, lakin "Mühasibat üçotu haqqında" AR Qanunu 12.3-cü maddəsinə əsasən tələb olunan hesabatları dərc etməli olan ictimai əhəmiyyətli qurum statusuna malik deyil. Hətta bu əsas Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2900/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında öz əksini tapmış və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Etirazda qeyd edilmişdir ki, analoji işlərlə bağlı müxtəlif məhkəmələr tərəfindən icraata xitam verilməsi barədə 3(103)-1086/2024 saylı xx.xx.2024-cü il, 3(005)-576/2025 saylı xx.xx.2025-cİ il, 3(060)-2900/2023 saylı xx.xx.2023-cü İl, 3(011)-4950/2023 saylı xx.xx.2023-cü il, 3(005)-161/2023 saylı xx.xx.2023-ci il tarixli qərarlar qəbul edilmişdir. Beləliklə, Nazirlik tərəfindən STP barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə cərimənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmin Məcəllənin 53.1.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq və İnziabti Xətalar Məcəlləsinin 53.1.2, 105-ci və 114.2.1-ci maddəsini rəhbər tutaraq məhkəmədən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və 3(060)-640/2025 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında MMC-nin nümayəndəsi Kazım Salmanov izahatında bildirmişdir ki, Nazirlik tərəfindən tərtib edilmiş 03 mart 2025-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Hazırda məhkəmədə baxılan inzibati protokol tam əsassız olmaqla bərabər eyni zamanda ciddi prosessual pozuntulara yol verilməklə tərtib edilmişdir. Protokol Cəmiyyətin hər-hansı bir səlahiyyətli şəxsinin iştirakı olmadan, yalnız Maliyyə Nazirliyinin əməkdaşı tərəfindən imzalanaraq tərtib edilmişdir. Nazirlik tərəfindən göndərilmiş məktubdan aydın olur ki, MN № ******* saylı inzibati xəta haqqında protokol İXM-nin 462.1-ci maddəsi əsas götürülərək Maliyyə hesabatların mətbu orqanda və ya internet səhifəsində dərc edilməməsinə görə tərtib edilmişdir. AR Nazirlər Kabinetinin 108 saylı Qərarına əsasən meyar göstəriclər müəyyən edilmişdir. Həmin qərara uyğun olaraq şirkətləri meyar göstəricilərinin təsiri altına düşmür. Təqdim olunmuş sənədlər surət olduğu üçün həmin sənədlərin etibarlılığı şübhə yaradır. Qeyd edir ki, Mülki Məcəlləyə əsasən həmin normaların tətbiqi qapalı və açıq səhmdar cəmiyyətinin fondlarına şamil edilir. Nazirlər Kabinetinin 97 saylı qərarının 3.4-cü bəndinə əsasən illik hesabat dövrü 31 dekabra qədərdir. Hesabat verildikdən sonra 10 gün ərzində, yəni yanvar ayının 10-a kimi Maliyyə Nazirliyinə məlumat verilməlidir. Görünür ki, bir illik müddət ötürülmüşdür. Həmçinin bildirir ki, Maliyyə Nazirliyi əməkdaşı iş üzrə sənədlərə təmsil etdiyi qurum tərəfindən ona verilmiş səlahiyyətlərini təsdiq edən sənədi əlavə etməmişdir. Hüquqi şəxs barəsində aparılmış icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Nazirliyin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə Nazirliyin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, Nazirliyin Uçot siyasəti şöbəsi tərəfindən tərtib edilmiş 03 mart 2025-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs MMC tərəfindən 2023-ci il üzrə 2024-ci ildə illik birləşdirilmiş maliyyə hesabatları (konsolidə edilmiş) audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmiş, bununla da İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, MMC barəsində İXM-nin 462.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2005-ci il tarixli 108 nömrəli Qərarına əsasən Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyridövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri aşağıdakı kimi müəyyən edilmişdir; İllik gəlir 200 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği 500 milyon manat. Məhkəmə qeyd edir ki, meyarlara görə, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurum hesab olunması üçün təşkilatın illik gəliri 200 milyon manat, hesabat ili ərzində işçilərinin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği isə 500 milyon manat olmalıdır. Protokol tərtib etmiş orqan isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin illik gələrinin 200 milyon manat, hesabat ili ərzində işçilərinin orta hesabla sayının 1500 nəfər, balansın yekun məbləğinin isə 500 milyon manat olması ilə bağlı hər hansı araşdırma aparmamış və ya bu istiqamətdə araşdırma aparılmışsa belə məhkəməyə göndərilmiş materiallara bu barədə hər hansı sənəd əlavə etməmişdir. Həmçinin məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin sənədlər iş məhkəmədə olduğu dövrdə də təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar