Məhkəmə qərarları › İş №3(060)-643/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-643/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-643/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X1 Sumqayıt Regional İdarəsinin inspektoru Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şəxs MMC-yə məxsus yük daşıyan “İsuzu” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmaması və həmin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X1 Sumqayıt Regional İdarəsinin inspektoru Nümayəndə1 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şəxs MMC-yə məxsus yük daşıyan “İsuzu” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 əməkdaşları tərəfindən saxlanılmış, həmin nəqliyyat vasitəsini MMC-in işçisi X2 idarə etməsi müəyyən edilmişdir. Həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 2.2 və 3.2-ci bəndlərinin tələblərinin pozularaq nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmaması və həmin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Hazırda Şəxs MMC-nin nümayəndəsi qeyd edir ki, guya onlar tərəfindən hər hansı qayda pozulmamışdır. Həmin vaxt nəqliyyat vasitəsi reysə çıxmamış, servisə getmişdir. Lakin, özü də bildirir ki, nəqliyyat vasitəsində soyuducu olmuşdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Şəxs MMC-nin mülkiyyətində olan həm bu nəqliyyat vasitəsi, həm də yükdaşımaları həyata keçirən digər nəqliyyat vasitələrinin reysqabağı texniki müayindən keçməsi və sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkilməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Bu sənədlər olmadığı üçün heç bu gün də təqdim edilə bilmir. Qarşı tərəfin nümayəndəsi qeyd edir ki, onların özlərinin texniki baxış məntəqəsi var, nəqliyyat vasitələrinə orada baxış keçirilir. Bununla bağlı qeyd edir ki, bu məntəqələr qeydiyyata alındıqdan və onların belə bir fəaliyyətlə məşğul olmasına icazə verildikdən sonra bu barədə sənəd verə bilərlər. Sürücünün tibbi müayinəsi isə bunun üçün müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçilməli və nümunəsi təsdiq edilmiş müvafiq sənəd verilməlidir. İndiki halda bu sənədlər mövcud deyil. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 326-cı maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, “İsuzu” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC-yə məxsusdur, MMC-də əmək müqaviləsi əsasında sürücü işləyən şəxs tərəfindən idarə edilir və MMC-yə məxsus yüklərin daşınmasını həyata keçirir. Lakin, həmin nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə X1 əməkdaşları tərəfindən saxlanılan zaman yük daşıma həyata keçirməmişdir. Ona görə də həmin vaxt nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanılmasına və sürücünün tibbi müayinəsinə zərurət olmamışdır. Həmçinin bildirmişdir ki, Şəxs MMC-yə məxsus nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması X1 nümayəndəsinin dediyi kimi xüsusi qaydada qeydə alınmış yerlərdə həyata keçirilmir, onların özlərinin yeri var orada həyata keçirilir. Ona görə də nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılması və sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməsi ilə bağlı X1 nümayəndəsinin bildirdiyi formada sənəd təqdim edə bilmir. Lakin, qeyd etdiyi kimi protokol tərtib edilən vaxt nəqliyyat vasitəsi yük daşıma həyata keçirməmişdir, həmçinin sürücü protokolla tanış edilməmişdir. Bundan əlavə bildirmişdir ki, yük daşıma həyata keçirilən zaman nəqliyyat vasitəsinin texniki vəziyyəti reys qabağı özləri tərəfindən yoxlanılır və sürücünün reys qabağı tibbi müayinəsi aparılır. Göstərilənlərə əsasən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materialında olan Azərbaycan X1 Bakı Regional İdarəsinin inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şəxs MMC-yə məxsus yük daşıyan “İsuzu” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 əməkdaşları tərəfindən saxlanılmış, həmin nəqliyyat vasitəsini MMC-in işçisi X2 idarə etməsi müəyyən edilmişdir. Həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 2.2 və 3.2-ci bəndlərinin tələblərinin pozularaq nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmaması və həmin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Sürücü X3 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan fotoşəkillər və videogörüntüdən müəyyən edilir ki, “İsuzu” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Azərbaycan X1 Bakı Regional İdarəsinin inspektorunun tələbinə əsasən avtomobil texniki vəziyyətinin yoxlanılması və onun tibbi müayinədən keçməsinə dair arayış təqdim edilmir, nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmaması və sürücünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə həmin nəqaliyyat vasitəsinin aid olduğu MMC-nin məsuliyyət daşıması sürücüyə izah edilir. İş materiallarına əlavə edilmiş BD seriyalı, 247152 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İsuzu” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən sərnişin və yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslər daşımaların təhlükəsiz yerinə yetirilməsinə, ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərinə riayət etməlidirlər. Həmin qanunun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən həmin qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin qaydaların 2.3-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir; 2.4-cü bəndinə əsasən Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir; 2.8-ci bəndinə əsasən Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir; 2.10-cu bəndinə əsasən texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. Həmin qaydaların 3.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər; 3.3-cü bəndinə əsasən sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir; 3.4-cü bəndinə əsasən müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır; 3.5-ci bəndinə əsasən Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir; 3.9-cu bəndinə əsasən reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır; 3.10-cu bəndinə əsasən sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Azərbaycan Respublikası İXM-in 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan “İsuzu” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yük daşıma fəaliyyətini həyata keçirən sürücü X3 reysqabağı tibbi müayinədən keçirilmədən, eyni zamanda nəqliyyat vasitəsi texniki baxışdan keçirilmədən reysə buraxılmışdır. Bununla da, Şəxs MMC tərəfindən yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitələrinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi ilə bağlı qanunvericiliyin tələbi pozulmuşdur. Nəticə etibarı ilə MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə tədqiq edilmiş iş materialları və tərəflərin məhkəmədə verdikləri izahatları ilə tam sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş üzrə məsuliyyəti istisna edən və məsuliyyətdən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, həmçinin Şəxs MMC-nin nümayəndəsinin izahatında qeyd etdiyi “İsuzu” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılan zaman yük daşıma həyata keçirməməsi barədə barədə iddiasına münasibətdə qeyd edir ki, nümayəndə tərəfindən ümumiyyətlə həmin nəqliyyat vasitəsinin başqa vaxtlarda da texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə nümayəndənin göstərdiyi xüsusatlara tənqidi yanaşır və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, inzibati xətanın xarakterini, habelə iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 326-cı maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar