Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-647/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında AR İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 21000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 2,100.00 ABŞ dolları məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. 2022-ci ildə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq dövlətin dəstəyi və köməyi əsnasında sahibkarlığın inkişaf fonduna müraciət etmişdir. Ona dövlət pul ayırıb, kreditləşmə xətti ilə fonddan ayırılmış pul Kapital Bank vasitəsi ilə X6 mal almaq, malın Azərbaycana gətirilməsi üçün istehsalçı müəssisəyə və daşıma logistika şirkətinə köçürülmüşdür. Köçürülmüş pulun müqabilində mallar konteyner vasitəsi ilə Bakıya gəlmişdir. Bakı gömrük idarəsində xx.xx.2022-ci il tarixli **********5028 nömrəli, xx.xx.2022-ci il tarixli **********6170 nömrəli gömrük bəyannamələri tərtib olunmuş və mallar rəsmi olaraq qeydiyyatdan keçmiş, Azərbaycana SLLU ******* və SLLU 538932 nömrəli konteynerlərlə gətirilmişdir. Malın pulu və konteynerlə daşıma xidmətinin pulu rəsmi olaraq Kapital Bank vasitəsi ilə ödənilmişdir. Rəsmi sənədlər var və təqdim edir. İdxal əməliyyatında ilk işi olduğu üçün məlumatsız olmuş və bilmişdir. Gömrük Bəyannamələri təsdiq edir ki, konteynerlər Azərbaycana gəlmişdir. O, məlumatsız olduğu üçün bankın əməkdaşları ona konteyner və mal Azərbaycana gəldikdən sonra akt təqdim etməli olduğumu bildirməmişlər. Azərbaycan X2 haqqında 13 iyun 2024-cü il tarixi EP ******* nömrəli pratokol tərtib etmişdir. İXM 430.4-cü maddəsi pratokolda göstərilib. Konteynerlərin Azərbaycana gəlməsi haqqında X5 “SHENZHEN JİNGTİWEİ TRADİNG” şirkətinin möhürü və imzası ilə tərtib olunmuş aktı xx.xx.2025-ci il tarixdə sistemə daxil etmişlər. Məhkəmə iclasında iştirak edən X4 şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 21.000 (iyirmi bir min) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 21.000 (iyirmi bir min) ABŞ dolları vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Buna görə də X4 Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 21.000 (iyirmi bir min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 2.100 (iki min yüz) ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X4 tərəfindən xx.xx.2022-ci il tarixdə xaricə köçürülmüş 21.000 (iyirmi bir min) ABŞ dolları vəsaitə görə sənədlər xx.xx.2025-ci il tarixdə vəsaiti köçürən "xxxx" ASC tərəfindən qəbul edilmiş və avans ödənişinin bağlanması ilə bağlı rəsmi maillə məlumat verilmişdir. Bu səbəbdən də verilmiş şikayətin təmin edilməsinə etiraz edilmir. Ərizəyə əlavə edilmiş çıxarışlara əsasən “SHENZHEN JİNGTİWEİ TRADİNG COLTD” şirkətindən mallar iki dəfəyə idxal edilmişdir. Müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə - hər dəfə 10.500 ABŞ dolları dəyərində olmaqla, ümumilikdə 21.000 (iyirmi bir min) ABŞ dolları dəyərində. İş materiallarında olan "xxxx" ASC-nin 03 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, X4 tərəfindən xx.xx.2022-ci il tarixdə “SHENZHEN JİNGTİWEİ TRADİNG COLTD” şirkətinin xeyrinə aparılmış 21.000 (iyirmi bir min) ABŞ dolları avans ödənişi xx.xx.2025-ci il tarixində təqdim edilmiş aktla tam bağlanılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 tərəfindən 21.000 (iyirmi bir min) ABŞ dolları məbləğində vəsait xx.xx.2022-ci il tarixdə xaricə köçürülmüş və həmin vəsailtərə görə alınan mallar müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ölkəyə idxal edilmişdir. Lakin, malların idxal edilməsi barədə gömrük bəyannamələri vəsaitin köçürüldüyü "xxxx" ASC-də qeydiyyata alınmadığı üçün Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X4 şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə araşdırması malların idxal edilməsini təsdiq edən sənədləri "xxxx" ASC-yə təqdim etmiş və həmin bank tərəfindən verilmiş məktubda avans ödənişinin tam bağlanması göstərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümyəndəsi də məhkəməyə ünvanladığı məktubda avans ödənişinin tam bağlanmasını qeyd etmiş və şikayətin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Göründüyü kimi X4 tərəfindən xaricə köçürülmüş valyuta vəsaitinin qarşılığında mallar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ölkəyə idxal edilmişdir, yalnız bank portalında vaxtında qeydiyyata alınmamışdır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi olmadığı üçün şikayət təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-647/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-647/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver