Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-648/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də növbə rəisi vəzifəsində işləyən, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN:4KJNMG) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən vəzifəli şəxs Şəxs "xxxx" MMC-də texnoloji sex üzrə texnoloji qurğuların istismarı sexində növbə rəisi vəzifəsində işləyən, «Texnoloji qurğuların istismarı sexinin Növbə rəisinin Vəzifə Təlimatı»nın 2.14-cü bəndinin tələbini pozaraq, xx.xx.2024-cü il tarixdə X4 tərəfindən işlək vəziyyətdə olan üyüdücü dəzgahın bunkerinə düşmüş əşyanı təlimata uyğun olaraq dəzgahı söndürmədən, yəni təhlükəli qaydada dəzgahın hərəkət edən hissəsinə təması istisna edən qoruyucu metal örtüyü qaldırmaqla götürməsinə yol verdiyinə görə MMC-nin 2 №-li Texnoloji qurğuların istismar sexinə növbə rəisinin köməkçisi X4 doğranıbüyüdülmüş polietilen materialı üyütmə dəzgahına boşaldıb dəzgahın qapağını bağlayarkən üyütmə dəzgahının (mikserin) içərisinə düşən dəzgahın qapağını dəzgahı söndürmədən sol əli ilə götürmək istədikdə əlini dəzgahın hərəkətdə olan kəsici hissəsinə yaxınlaşdırmaqla sol əlinin orta barmaqları xammalı üyüdən pərin arasına keçmiş, onda dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 3/1 dən az hissəsini (10%) daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sol əlin İİİ barmağın orta falanqa sümüyünün proksimal ucunun anputasiyası və İV barmağın əzilmiş cırılmış yarası yaranmışdır, bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər prokurorunun köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, qeyd olunanlar məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1995 nömrəli rəyi, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2- 10/1027/2024 nömrəli rəyi, Kənan Hüseynov və Şəxs izahatları ilə sübut olunur. Şəxs təhlükəsizlik qaydalarına nəzarət etməyərək «Texnoloji qurğuların istismarı sexinin Növbə rəisinin Vəzifə Təlimatı»nın 2.14-cü bəndinin tələbini pozmuşdur. Cihazın texniki olaraq saz vəziyyətdə olub-olmamasına Şəxs cavabdeh olmuş, lakin nəzarət edilmədiyində sözügedən hadisə baş vermişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də növbə rəisi vəzifəsində işləyir. 02 noyabr 2024-cü il tarixdə Kənan Hüseynov saat 08:00da işə başlamış, işə başlamazdan əvvəl əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılmış, ona izah edilmişdir ki, dəzgahın bunkerinə əl salmaq, bunkerin qoruyucu torunu qaldırmaq, dəzgahda nasazlıq aşkar edilərsə, yad cisim düşərsə dərhal dəzgahı saxlayıb rəhbərliyə məlumat verməlidir. Kənan Hüseynov təlimat alıb bu barədə şəxsi vərəqə və nəzarət vərəqəsi tərtib edilib işə buraxılmış, Kənan Hüseynova tapşırıq vermişdir ki, paddon üzərinə toplanmış plastik qabları transpaletə yükləyib yeni istehsal ediləcək məhsulun poddon üzərinə toplanmasını gözləsin, Kənan Hüseynov işinə başlamış, özü isə sexdə işləri ilə məşğul olmuşdur. Kənan Hüseyov paddon üzərinə toplanmış plastik qabları transpaletə yüklədikdən sonra ona yaxınlaşıb sonra nə etməli olacağını, təkrar emal üçün doğranmış polietilen dənəciklərini üyütmə dəzgahına boşaldıb-boşaltmayacağını soruşmuş, o Kənan Hüseynova həmin işi yerinə yetirməyə icazə vermiş, Kənan getmiş, 10-15 dəqiqədən sonra zəng edib onu yanına çağırmış, onu sexin arxa qapısının girişində görmüş, nə baş verdiyini soruşmuş, K.Hüseynov mikserin içinə düşmüş qapağı dəzgahı söndürmədən götürmək istədikdə sol əli mikserin pərinin arasına düşdüyündən barmaqlarından xəsarət almışdır. O dərhal təcili tibbi yardım çağırmış, Kənan Hüseyova tibbi yardım göstərilmişdir. O, dəfələrlə Kənan Hüseynova qurğularla işləyən zaman təhlükəsizlik qaydalarına əməl etməsini tapşırmasına baxmayaraq sonuncu öz əməlini davam etdirmişdir. İşlədiyi müəsissənin istehsalat sahəsi böyükdür, bu səbəbdən müəsissədə işləyən 15-20 işçinin hər birinin yanında qalaraq onlara nəzarət edə bilməsi qeyri-mümkündür. Buna baxmayaraq vəzifə təlimatına əsasən işçilərə və təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət etmək onun vəzifə borcu olmasını təsdiq edir. Həmçinin, o usta olaraq işlədiyindən makinaların işləməsinə nəzarət edir. Hadisə baş verən zaman o makinanın yanında olmuş, Kənan Hüseynovla onun arasında təxminən 50 metr məsafə olmaqla bərabər arada başqa bir maneə olduğundan sonuncuya nəzarət edə bilməmişdir. Həmin gün Kənan Hüseynova qurğunun qoruyucu örtüyünün bərkidilməsinə nəzarət etməmişdir. Belə bir hadisənin baş verməsini istəməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün, X3 izahatı, məhkəmə-tibbi və məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizalarının rəyləri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rəd edilməsi haqqında qərardan görünür ki, tolanmış material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs barəsində inzibati icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1995 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır sol əlin İli barmağın orta falanqa sümüyünün proksimal ucunun anputasiyası və ıv barmağın əzilmiş cırılmış yarası qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən yaranmışlar. Onun tibbi yardım üçün Liman klinikasına müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla qərarda göstərilən vaxta və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 3/1 dən az hissəsini (10%) daimi itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/10271 saylı məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin «b», «d» abzaslarının və Texnoloji qurğuların istismarı sexinin növbə rəisinin «Vəzifə Təlimatı»nın 2.14-cü bəndinin tələbi pozulmuşdur. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlar keçirilmiş "xxxx" MMC-nin 2№-li Texnoloji qurğuların istismarı sexində növbə rəisinin köməkçisi vəzifəsində işləmiş X4 iş zamanı işlək vəziyyədə olan üyüdücü dəzgahın bunkerinə düşmüş hansısa kiçik əşyanı götürmək üçün «Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə Giriş Təlimatı»nın 1, 2, 3-cü abzaslarının tələblərinə uyğun olmayan şəkildə, yəni dəzgahı söndürmədən bunkerin hərəkətdə olan kəsici hissəsinə təsadüfən təması istisna edən qoruyucu metal örtüyü qaldırmaqla əlini dəzgahın hərəkətdə olan kəsici hissəsinə yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin «b», «d» abzaslarının tələbləri X4 tərəfindən pozulmuşdur. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-də növbə rəisi vəzifəsində işləyən Şəxs vəzifəsi yalnız tabeçiliyində olan işçiləri təlimatlandırmaqla məhdudlaşmır, onun vəzifəsi həmçinin tabeçiliyində olan işçilərin işinə nəzarət edilməsi, sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməkdən ibarətdir. İndiki halda Şəxs qeyd edilən vəzifələrini yerinə yetirməməsi, yəni tabeçiliyində olan işçinin (konkret halda X6) işinə nəzarət etməməsi, onun işlədiyi sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda u Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən əməlini etiraf etməsi və səmimi peşman olması yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 33-cü maddələrinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 198.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərcləri dövlətə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-648/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-648/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver