Məhkəmə qərarları › İş №3(060)-652/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-652/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-652/2023 10.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Rüstəm Fərəcovun Zərərçəkmiş şəxs-X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Sumqayıt şəhər Qaz İdarəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 6-cı mkr, ev 6, mən 32 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vətəndaş Günay Əsədovanın yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən mənzilinə gələrək binanın blokunda onu söyüb təhqir etməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* №li, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Fərəcov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vətəndaş Günay Əsədovanın yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən mənzilinə gələrək binanın blokunda onu söyüb təhqir edərək xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, aralarında olan razılığa əsasən, 2018-ci ildən iş yerində tanıdığı X2 ilə ailə həyatı qurmaq qərarına gəlmişdir. Müəyyən müddət sonra aralarında olan münasibət öz təsdiqini tapdığı üçün hazırda Günay Əsədovanın yaşadığı mənzilə 5000 manat dəyərində mebel alınmışdır. Lakin sonradan aralarında heç bir əsaslı dəlil olmadan onlar ayrılmış və mebelə xərclənmiş 5000 manat borc pul onun üzərində qalmışdır. Bir müddət sonra Günay Əsədova həmin puldan 1000 manat ona qaytarmışdır. O, dəfələrlə 4000 manat pulu tələb etmək üçün Günayla telefon vasitəsi ilə əlaqə saxlasa da sonuncu onun zənglərinə əhəmiyyət verməmişdir. O, buna görə də məcburiyyət qarşısında qalıb, pulun tələb edilməsi məqsədi ilə Günayın yaşadığı ünvana getmişdir. O, bir neçə dəfə Günayın yaşadığı mənzilə getsə də, Günay qapını açmamış, əvəzində sonuncu onu qapı arxasından təhqir etmişdir. Onun Günayın yaşadığı mənzilə getməsində ödədiyi pulu geri qaytarmaqdan başqa heç bir niyyəti olmamışdır. O, qapını döyərkən ətrafda heç kəs olmamış, onun qapını döyməsini heç kəs görməmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirdi ki, son üç gündür ki, əvvəllər tanıdığı Şəxs onun yaşadığı mənzilə gələrək, mənzilin qapısını döymüş və onu mütəmadi olaraq narahat etmişdir. O, Ramildən 1 ildən artıq müddətdir ki, ayrılmışdır. Lakin Ramil onu rahat buraxmamış, qarşısını kəsərək onu təhqir etmişdir. Onun bu davranışlarından qonşularda şikayət etmişlər. Onu narahat etməməsi barədə Ramili dəfələrlə xəbərdarlıq etsə də, sonuncu onun sözlərinə məhəl qoymamış, öz əməllərini davam etdirmişdir. 22 fevral 2023-cü il tarixdə Ramil yenidən onun yaşadığı mənzilə gələrək, ona məxsus mənzilin qapısını döyərək onu narahat etmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə vətəndaş Günay Əsədovanın yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən mənzilinə gələrək, qapını döyərək uca səslə Günay Əsədovanın ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq əməlini törətməsi, bu hərəkətləri ilə xırda xuliqanlıq hərəkətləri etməsi təsdiq edilmir, tərəflər arasında ailə münasibətləri zəminində mübahisə baş vermişdir. Bundan başqa, qeyd olunan vaxtlarda hadisə yerində kimsə olmamışdır. Protokolu tərtib edən şəxs tərəfindən qeyd edilən hadisənin törədilməsini, ictimai qaydanın pozulmasını təsdiq edən heç bir sübut və ya şahid məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır, onlar arasında ailə münasibətləri zəminində mübahisə baş vermişdir. Məhz ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı edilən hərəkətlər ictimai qaydanın pozulmasına yönəlməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar