Məhkəmə qərarları › İş №3(060)-652/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-652/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-652/2025 14.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərarından şikayət verilən X6 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin etibarnamə üzrə səhiyyətli nümayəndəsi X4, Qərardan şikayət verən şəxs X2 etibarnamə üzrə nümayəndəsi və “Arbitrium” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Baxşalı Şadmanovun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Baxşalı Şadmanov hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərir. 2024-cü ilin sentyabr ayının 27-də onunla heç bir əlaqəsi olmayan, onun adında qeydiyyatda olmayan işçi Şahid ilə guya əmək müqaviləsi bağlamadan “Qarabağ və X8 rayonuna giriş etmiş və orada işlər görmüşdür. Bu barədə Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmiş, onun əsasında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. xx.xx.2025ci il tarixdə Müfəttişliyə gedərək həmin qərarı rəsmi olaraq imza etməklə almışdır. Belə ki, heç bir araşdırma aparılmadan, hər hansı bir mötəbər sübut təqdim edilmədən cərimə olunmuşdur. Qeyd edir ki, işğaldan azad olunmuş zonalarda işləmək üçün icazələri "xxxx" QSC işçilərə verir. Hesab edir ki, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. İş materiallarında onların müəssisəsi tərəfindən keçmiş işçilərinə hər hansı işlərin, xidmətlərin göstərilməsi ilə bağlı heç bir sübut əlavə edilməmişdir. Protokol və qərar qəbul edilərkən həmin şəxslərin hansı məqsədlərlə Qarabağ və Şərqi Zəngəzur zonasına gəldiklərini, hansı işləri və hansı müəssisə və ya hansı bir şəxs üçün iş gördükləri barədə izahatlar alınmamışdır. Şikayətin təmin edilməsini, mübahisələndirdiyi qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Baxşalı Şadmanovun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahtında bildirdi ki, nümayəndəsi olduğu şəxs Baxşalı Şadmanov işğaldan azad olunmuş Qarabağ, X8 rayonlarında "xxxx" ASC-nin müəyyən işlərini görür. O, hər ayın 10a kimi işçi kimi cəlb etdiyi şəxslərin ad, soyadı, peşə və ixtisas dərəcəsi, əmək haqqı, iş stajı, işləyəcəyi rayonun adı və s. göstərilməklə siyahını "xxxx" ASC-ə verir. İşçilərin siyahısını "xxxx" ASC-ə Baxşalı Şadmanov verir, yəni Baxşalı Şadmanov işəgötürən hesab olunur. Lakin həmin siyahıda Şahid adı olmamışdır. Baxşalı Şadmanov "xxxx" ASCə həmin şəxsə icazə verilməsi ilə bağlı sifariş verməmişdir. Qərarı qəbul etmiş inzibati orqan heç bir araşdırma aparmadan, Şahid izahatı alınmadan işəgötürən şəxs Baxşalı Şadmanov barəsində qeyd edilən qərarı qəbul etmişdir. Həmçinin bildirir ki, protokol və qərar qəbul edilərkən Baxşalı Şadmanova heç bir bildiriş göndərilməmişdir. Baxşalı Şadmanov xx.xx.2025-ci il tarixdə Müfəttişliyə gedərək qərarı şəxsən qəbul etmişdir. Baxşalı Şadmanovun işçilər üçün müraciətləri yükdaşıma, yaxud sürücü kimi olmuşdur, Lakin göründüyü kimi Şahid sürücülük vəsiqəsi yoxdur və o həmin zonada yalnız fəhlə kimi işləmişdir. Həmçinin bildirir ki, Müfəttişlik Şahid məlumatlarının məhz Şadmanov Baxşalı tərəfindən daxil edilməsi ilə bağlı sübut təqdim edə bilmir. Qeyd olunanların nəzərə alaraq məhkəmədən MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. O, şifahi vəsatət verərək, Şahid qismində dindirilməsi və qərarından şikayət verilən orqanın nümayəndəsinin iclasda iştirak etməsini məhkəmədən xahiş edir. Qeyd edilənlərə əsasən mübahisələndirdiyi qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən X6 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin etibarnamə üzrə səhiyyətli nümayəndəsi Elçin Əliyev bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən iş icazəsi alınmış fiziki şəxs Şahid xx.xx.2024-cü il tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, lakin onun adına ƏMAS-da qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar olunmamışdır. Hesab edir ki, qəbul edilən qanunidir, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilən inzibati xəta ilə bağlı Baxşalı Şadmanova bildiriş göndərilmiş, lakin şəxs Müfəttişliyə gəlməmişdir. İşəgötürənlərin icazə alınması üçün birbaşa müraciət etmək hüququ yoxdur. İcazə üçün müraciəti podratçı şirkətlər icra edir. Yəni, işəgötürən Baxşalı Şadmanov sifarişçidir, işçilərin siyahısını "xxxx" ASC-ə təqdim edir. "xxxx" ASC həmin sifarişləri icra edirək sistemə daxil edir. İcazə vərəqəsinə əsasən Şahid işçi kimi Baxşalı Şadmanovun müraciəti əsasında icazə alınmışdır. Məhkəmə iclasında Vəkil vəsatəti əsasında şahid qismində izahatı alınmış Şahid izahatında bildirmişdir ki, təxminən 10 gündür ki, Laçın rayonunda fəhlə kimi işləyir. Onu Mahir adlı şəxs Laçın rayonuna işləmək üçün aparmışdır. Bundan 2 il öncə Qubadlı rayonunda işləmişdir. Sonuncu dəfə 2024-cü ilin yay ayının sonları və sentyabr ayının 4-5 günü ərzində Xankəndi şəhərində işləmişdir. Belə ki, o, Xankəndi şəhərinə atası ilə birlikdə getmiş, hörgü hörüb suvaq vurmuşlar. İşlədiyi günlərə görə ödənişlər atasına ödənilib daha sonra ödənilən vəsait sərf etmədiyi üçün o, həmin işdən ayrılmış, geri qayıtmışdır. İş yerində yalnız bir nəfəri Səfər adlı şəxsi tanımışdır. Qarabağ və X8 Rayonunda işçi kimi daxil olması üçün ona görə kimin icazə almasından məlumatı olmamışdır. Hətta hansı müddətlik icazə alınmasında belə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “İşğaldan azad olunmuş ərazilər üzrə mövcud işçi sayına dair məlumat” siyahısına əsasən Şahid adı siyahıda yoxdur. Portaldan əldə olunan məlumatlara əsasən Şahid xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək yəni 60 gün müddətində fərdi sahibkar X1 icazə üçün müraciəti əsasında işçi qismində Füzuli, Ağdam, Xocavənd, Ağdərə rayonlarına, Xocalı və Xankəndi şəhərlərinə getməsinə icazə verilmişdir. İcazəni sistemə "xxxx" ASC daxil etmiş, həmin icazə xx.xx.2024-cü ildə deaktiv edilmişdir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib tərəflərin çıxışlarını, o cümlədən şahidin izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri biri digəri ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X6 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin MN ******* saylı, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Normaların məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra tərəflər arasında əmək hüquq münasibətləri yaranır. İXM-nin 192.1-ci maddəsində əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Vəkil məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, Vəkil müdafiə etdiyi Baxşalı Şadmanovun məsuliyyətdən yayınması üçün bu məzmunda izahat vermişdir. Belə vəkilin qeyd etdikləri Baxşalı Şadmanovun məsuliyyətdən yayındırılması məqsədilə atılmış addım kimi qiymətləndirlmədlir. Belə ki, Vəkil izahatında bildirmişdir ki, Baxşalı Şadmanov fərdi sahibkardır, o, Şahid tanımamış, onun Qarabağ və X9 Rayonunda işçi kimi işləməsi və oraya keçməsi üçün icazə almamışdır. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin fəaliyyət istiqamətinə hörgüçü və ya suvaqçı peşələrinin aidiyyatı olmamışdır. Onun işçi kimi icazə aldığı şəxslər sürücü peşəsinin sahibləri olmuşdur. Lakin məhkəmə hesab edir ki, kifayət qədər geniş araşdırma nəticəsində vəkilin qeyd etdiklərinin tam əksi məhkəmə iclasında sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində izahat verən şəxs Şahid izahatında bildirmişdir ki, o, həqiqətən 2024-cü ilin yay ayında, sentyabr ayının 4-5 günü ərzində Qarabağ və X10 Rayonuna aid olan Xankəndi şəhərində atası ilə birgə işləmiş, bunun üçün onlara pul ödənilmiş, vəsait atasına ödənilmiş, lakin ödənilən pul sərf etmədiyi üçün sonradan həmin işdən ayrılmışdır. Göründüyü kimi şahidin izahatında qeyd etdikləri ilə onun barəsində alınan icazə sənədində göstərilənlərə tam üst-üstə düşmüşdür. Belə ki, o, həmin sənəddə qeyd edildiyi kimi eyni tarixdə Xankəndi şəhərində işlədiyini təsdiq etmişdir. Ödənilən pul sərf etmədiyi üçün işini dayandırdığından onun icazəsi də paralel olaraq deaktiv edilmişdir. Məhkəmə hesab edir ki, Şahid bir başa Baxşalı Şadmanovu tanımaması qəbul edilən hesab edilməlidir. Belə ki, Baxşalı Şadmanovun fərdi sahibkar olduğunu nəzərə alsaq, müxtəlif peşədən olan işçilərin bir başa özü tərəfindən deyil, buna məsul olan səlahiyyətli şəxslər tərəfindən işə cəlb edilməsi, bu məqsədlə onlar üçün portal üzərindən icazələrin alınması ağlabatan hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Baxşalı Şadmanov barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati işin icraata xitam verilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. O, qanunun yuxarıda qeyd edilən normalarının tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 etibarnamə üzrə nümayəndəsi və “Arbitrium” Vəkil Bürosunun vəkili Vəkil şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilməsi barədə X6 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar