Məhkəmə qərarları › İş №3(060)-653/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-653/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-653/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ″MBS İNŞAAT″ MMC-də təmirçi çilingər-qaynaqçı vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İsayev tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 8031/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmiş, belə ki, qalıq olaraq qalmış 4885 manat borcu ödəməmiş, bununla da, o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Tural İsayev izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin qeyd olunan icra vərəqəsinə əsasən Şəxs 18200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədi üzrə borclu tərəfindən qismən ödəniş edildiyindən barəsində müxtəlif vaxtlarda inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Belə ki, bundan öncə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2457/2022 saylı, xx.xx.2022-ci il tarixli və 3(060)-2812/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək həmin tarixlərdə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Abidinov İXM-nin 528.1-1-ci maddəyə əsasən protokol tərtib edilmiş, əməlində inzibatiu xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Borclu Şəxs barəsində xx.xx.2024-cü il tarixdə İXM-nin 528.1-ci maddəyə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, məhkəmənin qərarı ilə inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan apelyasiya şikayəti verilmiş Sumqayıt Apelyasiya məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərarı ilə şikayət təmin edilmiş Şəxs 500 manat məbləğində cərimə edilmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Şəxs tələbkar 4885 mamat borcu olmasına baxmayaraq həmin vaxtdan bu günki tarixədək borclu tələbkara həmin borcdan hər hansı məbləğdə pul ödəməmişdir. Qeyd edir ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmiş və il ərzində eyni inzibati xətanı təkrar törətdiyindən İXM-nin 528.1-1ci maddəsinə uyğun olaraq barəsində protokol tərtib edilmişdir. Bu səbəbdən borclu barəsində qanunamüvafiq qərar məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməməsində özünü təqsirli bilmədiyini, həqiqətən də imkansızlıq ucbatından 4885 manat qalıq borcdan tələbkara ödəniş edə bilmədiyini bidirmişdir. Məhkəmənin qərarına əsasən onun Zərərçəkmiş şəxs 18200 manat borcu olmuşdur. İcraat dövründə borcundan qaytarmış, qalıq 4885 manat borcu qalmışdır. Qeyd edir ki, həyat yoldaşı 2022-ci ildə vəfat etmiş, himayəsində olan 4 övladı ilə birlikdə kirayədə yaşayır. İcra məmrunun bütün çağırışlarına vaxtında getmiş, imkanı olmadığı üçün qalıq borcunu ödəyə bilməmişdir. Borcun ödənilməsindən yayınmamış və yenə də yayınmır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərardan sonra Şəxs ona olan qalıq 4885 manat borcundan heç bir ödəniş etməmiş, ödənişdən yayınmışdır. Bildirir ki, borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi hissə-hissə icra edəcəyinə dəfələrlə söz versə də, sözünə tam əməl etməmişdir. Borclunun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Şəxs icra sənədi üzrə ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2457/2022 saylı, xx.xx.2022-ci il tarixli və 3(060)-2812/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ayrı-ayrı vaxtlarda 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1645/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-581/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Sumqayıt şəhər məhkəməsinin 3(060)-1645/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda borclunun tələbkara həmin tarixə 4855 manat borcu olduğu müəyyən edilmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2009-cü il təvəllüdlü Bahara Abidinova, xx.xx.2011-ci il təvəllüdlü Balasoltan Abidinov, xx.xx.2005-ci il təvəllüdlü Balasoltan Abidinov, xx.xx.2019-cu il təvəllüdlü Zeynəb Abidinova adlı övladları var. İş materillarına əlavə edimiş Elektron İcra İnformasiya sistemindən əldə edimiş məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş protokollara baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrsüz səbəbdən icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada yenidən icra etməmişdir. Belə ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin müvafiq icra sənədinə əsasən qalıq qalımış 4855 manat pulu qanunla müəyyən edilmiş vaxtda və qaydada tələbkar Zərərçəkmiş şəxs ödəmədiyi üçün Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilsə də, il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı yenidən törətmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, zərəçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxsin izahatları, o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, himayəsində azyaşlı övladlarının olmasını, onları təkbaşına böyütməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və qalıq borcunu üzürlü səbəb olmadan il ərzində yenidən ödəmədiyini nəzərə alaraq hesab edir ki, sonuncu barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar