Məhkəmə qərarları › İş №3(060)-654/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-654/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-654/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Peyman Süleymanov, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsxx.xx.1975-ci ildə anadan olmuş, Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində kirayə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 4-cü X1 Əli Vaqif oğlu barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xətaya dair protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs 18.02.2021-ci il tarixdə saat 21:00 radələrində və 19.02.2021-ci il tarixdə saat 09:00 radələrində 4-cü PB-nə gəlib nalayiq söyüşlər söymüş, bölmənin iş rejimini pozaraq PB əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Peyman Süleymanov bildirdi ki, 18.02.2021-ci il tarixdə təxminən saat 20:30 radələrində PB-də olan zaman özünü Əli kimi təqdim edən şəxs PB-də sərxoş vəziyyətdə heç bir səbəb olmadan ucadan polisin ünvanına nalayiq ifadələrlə söyüb təhqir etmiş, PBnin iş rejimini pozmuş, PB-nin məsul növbətçisi polis mayoru Vilayi Zairov həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin buna baxmayaraq həmin şəxs öz hərəkətlərini etməkdə davam etmişdir. Buna görə də özü həmin şəxsə yaxınlaşıb onu nizam-intizama təkrar olaraq dəvət etmiş, ancaq həmin şəxs-yəni Şəxs nalayiq küçə söyüşləri söyməyə davam edərək PB-nin iş rejimini pozmuş, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, həqiqətən də 18.02.2021-ci il tarixdə təxminən saat 20:30 radələrində sərxoş vəziyyətdə olduğu üçün öz hərəkətlərini idarə edə bilməmiş, 4-cü PB-nə gəlib nalayiq söyüşlər söymüş, bölmənin iş rejimini pozaraq PB əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşman deyil. Məhkəmədə şahid qismində izahat vermiş polis nəfəri Vilayi Zairov bildirdi ki, müntəzəm olaraq, sonuncu dəfə isə 18.02.2021-ci il tarixdə təxminən saat 20:30 radələrində xidmətdə olan zaman özünü Əli kimi təqdim edən şəxs çağırılmadığı halda PB-nə sərxoş vəziyyəttdə gələrək heç bir səbəb olmadan ucadan polisin ünvanına nalayiq ifadələr ilə söyüb təhqir etmiş, PB-nin iş rejimini pozmuş, həmin şəxsi nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz hərəkətlərini etməkdə davam etmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan 18.02.2021-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu vəziyyəti vardır. İş materiallarını araşdıraraq, protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidi, müdafiəçini, dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində, yəni AR İXM-in 535.1-ci maddəsi ilə tənbeh təyin edilməlidir Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə cəzası tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən, saat 11:45-dən hesablansın. Məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar