Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-654/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Qubadlı rayonu Balasoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də avtomatika üzrə mühəndis işləyən, Qubadlı rayonu Balasoltanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları, A.Vüsal küçəsində yerləşən fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 13 mart 2025ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində ictimai yerdə qeyr-etik ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X5 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X6 xx.xx.2025-ci il tarixdə ərizə ilə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat 08:12 radələrində özünə məxsus “Toyota” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 45-ci məhəllədə yerləşən “Doğum evi”nin qarşısında yolda qara rəgli “Qaz 31” markalı **-DH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sürətlə arxaya gəldiyini görüb səs siqnalından istifadə etmişdir, həmin vaxt digər sürücü də avtombilinin siqnalından istifadə edib yerə düşmüş və nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Daha sonra hərəkətlərini davam etdirib avtomobilini təpikləməyə cəhd etmişdir. Buna görə hadisə yerindən uzaqlaşaraq DİV-in 102 xidmətinə müraciət etmişdir. Qeyd edilən məlumat əsasında 3-cü Polis Bölməsində araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstəilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 3cü Polis Bölməsinin sahə rəisi X5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində müşahidə kameraları mövcud deyil və hadisə baş verən ərazidə hər hansı kənar şəxslərin olub-olmaması da tərəfində müəyyən edilməmişdir. İş üzrə yeganə sübutları yalnız şikayətçi X3 izahıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus “Qaz 31” markalı avtomobillə ailə üzvlərini Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən xəstəxanaya aparmışdır. Bu zaman xəstəxanın qarşısında yolda “Toyota” markalı avtomobilin sürücüsü uzun müddət davam edən siqnal vermiş, o da siqnalla həmin şəxsə cavab vermişdir. “Toyota” markalı avtombil bir qədər irəli gedərək yenidən geri qayıtmış və həmin avtombili idarə edən xanım sürücü pəncərəni aşağı salaraq ailə üzvlərinin yanında onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt isə xəstəxanaya daxil olmaq üçün onlar artıq avtomobildən düşmüşlər və qucağında azyaşlı uşağı olmuşdur. O da həmin xanım sürücüyə işlətdiyi ifadələrin özünə məxsus olmasını bildirmişdir. O, küçədə səs-küy salmamış, kimisə təhqir etməmiş və ya kiminsə avtomobilini təpikləməyə çalışmamışdır. Qeyd etdiyi kimi o ailəsi ilə birlikdə olmuşdur, ailəsinin yanında hansısa xanımı təhqir etməsi heç məntiqə uyğun deyil. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şimal Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Protokol tərtib etmiş orqanın yeganə sübutu şikayətçinin izahatıdır ki, həmin izahat da hazırki inzibati xəta haqqında iş üzrə şəxsin təqsirliliyinin təsdiq edilməsi üçün yetərli hesab edilə bilməz. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetirilmir. Belə ki, protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sübut yalnız şikayətçinin izahatından ibarətdir. Şəxs barəsində protokol ona görə tərtib edilmişdir ki, o ictimai yerdə qeyr-etik ifadələr işlətmişdir. Protokol qeyd edilən əsasla tərtib edilsə də, ictimai yerdə törədilməsi iddia edilən əməl üzrə şikayətçinin izahatından əlavə hər hansı sübut əldə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, yalnız şikayətçinin izahatı hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyinin təsdiq edilməsi üçün yetərli hesab edilə bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, təqdim edilmiş sübutların məcmusu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlinməsi üçün kifayət etmir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilməməsi səbəbindən xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsini ilə sübut etmək vəzifəsi protokol tərtib etmiş şəxsin üzərinə düşür, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı şübhələr və ziddiyətli məqamlar onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 3 sata görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-654/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-654/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver