Məhkəmə qərarları › İş №3(060)-655/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-655/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-655/2024 05.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, DİN BDYPİ Polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 10:20-də TP6351445 nömrəli qərarla o, “NİSSAN TİİDA MİNİK” markalı 77EM841 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərarda göstərilən qanun pozuntularının heç birisi onun tərəfindən pozulmayıb. Mübahisə olunan qərarı xx.xx.2024-cü il tarixdə rəsmi surətdə almışdır. Yəni qərardan şikayət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmamışdır. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə hazırkı işə qərarı qəbul etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, yol polisi əməkdaşları tərəfindən Bakı-Qazax yolunda, Qaradağ stasionar postuna yaxın ərazidə saxlanılıb. Polis əməkdaşı alkotester vasitəsilə onun sərxoşluq vəziyyətini müayinə edib və 0,6 promille sərxoşluq dərəcəsi olduğunu bildirib. Lakin, alkotesterin göstəricisini ona göstərməyib. O, həmin vaxt alkoqol qəbul etməmişdi. Bu barədə polis əməkdaşına bildirsə də, polis əməkdaşı tərəfindən Qaradağ postuna aparılmış və bildirilmişdir ki, digər bir şəxs gəlib avtomobili götürə bilər. O, dostuna zəng vurmuş və Sumqayıt şəhərindən dostu gələrək avtomobili götürmüş və onlar Sumqayıt şəhərinə gəlmişlər. Sumqayıt şəhərində dərhal narkoloji mərkəzə getmiş və sərxoşluq vəziyyyətini müayinə etdirmişdir. Müayinə zamanı onda sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən şikayətçi şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X3 TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 333.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarda göstərilir ki, X3 xx.xx.2024-cü il tarixində, saat 10:20də Bakı-Qazax yolunun 47,5-ci km-də “NİSSAN TİİDA MİNİK” markalı 77EM841 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 941 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda göstərilmişdir ki, X3 nun həmin tarixdə, saat 14:25-də sərxoşluq vəziyyətinin müayinəsi zamanı alkoqol sərxoşluğu aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi X3 xx.xx.2024-cü il tarixində alkoqol sərxoşluğu vəziyyətində avtomobil idarə etməsi səbəbindən İXM-in 333.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbiri tətbiq edilsə də, eyni tarixli müayinə aktında onda alkoqol sərxoşluğu olmadığı müəyyən edilmişdir. İnzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqana məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və qəbul edilmiş qərarın əsaslı olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İXM-də göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur (8.3).İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.2 ). İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir (134.1.3). Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.3). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar