Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-660/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi – X2, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan – Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 21 oktyabr 2020-ci il tarixli, 00100-2211/20 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Şəxs ASC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən 21 oktyabr 2020-ci il tarixli, 00100-2211/20 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs ASC-nin ünvanına 29 sentyabr 2020-ci il tarixdə saat 17:37-də Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının "gömrük ərazisinə Turkiyə Respublikasından 53EB548/53EB549 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş mallar **********4919 sorğu nömrəli 05.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 3 (060)-2474/2020 saylı qərarı ilə Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 3(060)-2474/2020 saylı qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən apellyasiya şikayət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.02.2021-ci il tarixli 3 (105)-120/2021 saylı qərarı ilə Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 3(060)- 2474/2020 saylı qərarı ləğv edilmiş, material yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirdi ki, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən 21 oktyabr 2020-ci il tarixli, 00100-2211/20 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə ki, Şəxs ASC-nin ünvanına 29 sentyabr 2020-ci il tarixdə saat 17:37-də Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının "gömrük ərazisinə Turkiyə Respublikasından 53EB548/53EB549 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş mallar **********4919 sorğu nömrəli 05.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 3 (060)-2474/2020 saylı qərarı ilə Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərardan apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.02.2021-ci il tarixli 3 (105)- 120/2021 saylı qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 3(060)-2474/2020 saylı qərarı ləğv edilmiş, material yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs ASC-nin yüklərini daşıyan nəqliyyat vasitəsi 29 sentyabr 2020-ci il tarixdə, 17:37-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gömrük ərazisinə daxil olmuş, yük gətirilənədək verilməli olan yükə dair qısa idxal bəyannaməsi isə gömrük orqanına həmin gün 18:01-də verilmişdir. Hakim inzibati icraat üzrə işin hallarını araşdırarkən tam araşdırmamış, Şəxs ASC-nin nümayəndəsinin verdiyi ölkədə internetin məhdudlaşdırılması barədə izahatla kifayətlənərək yəqinləşdirməmişdir ki, ölkədə internet yalnız sosial şəbəkələrə giriş barəsində məhdudlaşdırılmış, Şəxs ASC tərəfindən bəyannamə gömrük orqanına gecikdirilməklə elektron qaydada təqdim edilmişdir. Odur ki, Bakı Baş Gömrük İdarəsi hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 484.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan – Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahatında bildirdi ki, ölkədə baş verən məlum hadisələrlə əlaqədar, o cümlədən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı internet xidmətinin göstərilməsində müəyyən məhdudiyyətlər olmuşdur. Tətbiq edilən məhdudiyyət səbəbi ilə Türkiyə Respublikasında yerləşən “Unika İç və Dış Ticarət Paz San AŞ” tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə göndərilən AST 151 markalı hidravlik press avadanlıqları üçün gümrük işlərinin başlanması ilə bağlı öncədən məlumat verilməsi mümkün olmamışdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan **********4919 sorğu nömrəli 05.10.2020-ci il tarixli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs ASC-nin ünvanına Türkiyə Respublikasından göndərilmiş 53EB548/53EB549 nömrə nişanlı nəqliyyat vasitəsində yük daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********4919 sorğu nömrəli 05.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 53EB548/53EB549 nömrə nişanlı yük avtomaşını ilə 29 sentyabr 2020-ci il tarixdə saat 17:37-də Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının, gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına yerilməmiş, mallara dair **********4976 sorğu nömrəli qışa idxal bəyannaməsi isə həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 29 sentyabr 2020-cı il tarixdə saat 18:01-də gömrük orqanına verilmişdir. Həmçinin sözügedən tarixdə ölkə ərazisində internet yalnız sosial şəbəkələrə giriş sahəsində məhdudlaşdırılmışdır. Ona görə də bu hal Şəxs ASC-nin qısa idxal bəyannaməsini vaxtında vermədiyi üçün inzibati məsuliyyətini istisna etmir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışın surətindən görünür ki, 27.09.2020-ci il tarixdən 29.09.2020-ci il tarixədək olan dövr ərzində qısa idxal bəyannaməsinin verilməsi üçün internet xidmətinin göstərilməsində heç bir məhdudiyyət olmamışdır. İş materiallarından görünür ki, Şəxs ASC qısa idxal bəyannaməsini üzrlü səbəbdən verməməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 960 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görəvəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs ASC şirkətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ASC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, Kimyaçılar, ev 1 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın İcrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-660/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-660/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver