Məhkəmə qərarları › İş №3(060)-661/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-661/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-661/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunu sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs qızının, İcra sənədi üzrə tələbkar- X2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri 20 yanvar küçəsi, ev 4/27, mənzil 14-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 19 fvral 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-5866/20 nömrəli, 28.09.2020-ci il tarixli icra sənədinə əsasən X2 11.01.2008-ci il təvəllüdlü X5 ilə həftənin şənbə günü saat 10:00-dan 15:00-a kimi görüş vaxtı müəyyən edilmişdir. Lakin Şəxs tərəfindən məhkəmənin qətnaməsi icra olunmamışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-5866/20 nömrəli, 28.09.2020-ci il tarixli icra sənədinə əsasən X2 11.01.2008-ci il təvəllüdlü X5 ilə həftənin şənbə günü saat 10:00-dan 15:00-a kimi görüş vaxtı müəyyən edilmişdir. Lakin Şəxs tərəfindən məhkəmənin qətnaməsi icra olunmamışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də barəsində qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar şəxs X6 məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-5866/20 nömrəli, 28.09.2020-ci il tarixli icra sənədinə əsasən onunla qızı- 11.01.2008-ci il təvəllüdlü X4 həftənin şənbə günü saat 10:00-dan 15:00-a kimi görüş vaxtı müəyyən edilmişdir. Buna baxmayaraq Şəxs tərəfindən məhkəmənin qətnaməsi icra olunmamışdır. Lakin hazırda Şəxs ilə razılaşmalarına əsasən o, hər həftə uşağı icra idarəsinə gətirəcəyinə söz verir. Əks təqdirdə təkrar müraciət edəcəkdir. Odur ki, Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş edir. İcra sənədi üzrə cavabdeh şəxs Şəxs məhkəmənin qətnaməsini icra etməmək kimi bir niyyətinin olmadığını bildirdi. Belə ki, onun uşağın atası ilə görüşməsinə heç bir etirazı yoxdur. Lakin mövcud pandemiya səbəbindən uşağı görüşə aparmaqdan çəkinmişdir. Hazırda tələbkarla razılığa gəlmişdir və övladı X4 həftənin şənbə və bazar günləri saat 10:00-dan 15:00-adək atası ilə görüşməklərinə mane olmayacağına söz verdi. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə tələbkar şəxs X2 məhkəmə iclas zalında təqdim etdiyi ərizədən görünür ki, 2 (060)-5866/20 saylı, 28.09.2020-ci il tarixli Sumqayıt şəhər Məhkəməsini icra sənədi üzrə borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Belə ki, tərəflə razılaşmalarına əsasən hər həftə uşağı icra idarəsinə gətirəcəyinə söz verir. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə cavabdeh şəxs Şəxs məhkəmə iclas zalında təqdim etdiyi ərizədən görünür ki, övladı X4 həftənin şənbə və bazar günləri saat 10:00-dan 15:00-adək atası ilə görüşməklərinə mane olmayacağına söz verir. Barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati işin materiallarından da görünür ki, icra sənədi üzrə cavabdeh şəxsin məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyəti olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, yuxarıda şərh olunanlara əsasən edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar