Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-664/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 16:35 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasında PB-nin iş rejiminin pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri Bulvar küçəsində xidmət aparan Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 16:30 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində xidmət aparan dövlət yol polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün 4-cü PB-nə gətirilmişdir. Orada öz hərəkətlərini təkrar etdiyi üçün məsul növbətçi tərəfindən raport yazılaraq barəsində İXM-nin 510 və 535-ci maddələri ilə protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. O, raport əsasında protokol tərtib etmişdir, orada baş verən hadisə barədə məlumatı yoxdur. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə avtomobil ilə hərəkətdə olan zaman yol polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobildən enərək yol polis əməkdaşına yaxınlaşmış və saxlanılma səbəbini soruşmuş, ona avtomobilin asqı yaylarının düzgün olmadığını və avtomobilin duracağa getməli olduğunu bildirmişlər. O da hansı əsasla avtomobilinin aparıldığını soruşmuş və ona rəsmi şəkildə protokol verilməsini demişdir. Yol polis əməkdaşı ona avtomobil duracağa getdikdən sonra protokol məsələsinə baxılacağını bildirmişdir. Ondan avtomobilin açarlarını tələb etmişlər, o da yalnız protokol təqdim edildikdən sonra avtomobili duracağa aparacağını yaxud da açarı təqdim edəcəyini bildirmişdir. Bundan sonra oraya PPX əməkdaşlarını çağırmışlar. Polis əməkdaşları gəldikdə ona tabesizlik göstərdiyini bildirmişlər, daha sonra onu avtomobilə əyləşib bölməyə getməyə dəvət etmişlər, o da heç bir etiraz etmədən sakit şəkildə polis əməkdaşları ilə birlikdə 4-cü polis bölməsinə getmişdir. Bölmədə olarkən üzərini yoxlamışlar, daha sonra izahat vermişdir. Həmin vaxtdan məhkəməyə gələnə qədər bölmədə saxlanılmışdır. Bölmədə olarkən heç bir səs-küy salmamış, heç bir mübahisə olmamışdır. Onu 4-cü polis bölməsinə gətirdikdə avtomobilini də evakuator vasitəsi ilə duracağa aparmışlar. Onun heç bir günahı yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru, polis baş serjantı X6 bildirdi ki, hadisə xx.xx.2025-ci il tarixdə təxminən saat 4 radələrində baş vermişdir. Azərbaycan prospekti ilə hərəkətdə olarkən avtomobilin ön və arxa yaylarının aşağı olduğunu görmüşlər və həmin avtomobili saxlamışlar. Sürücüyə qayda pozuntusunu izah etmişlər. Avtomobildə xanımlar olmuş, sürücüyə avtomobilin duracağa təmin olunmalı olduğunu bildirmişlər, sürücü də xanımları düşürdükdən sonra gedəcəklərini bildirmişdir. “Asan xidmət” mərkəzinə çatdıqda xanımlar düşmüş, bundan sonra sürücü açarı təqdim etməmiş, buna görə mübahisə yaranmış, onlar da PPX əməkdaşları çağırmış və şəxsi bölməyə təmin etmişlər. Sürücü açarı təqdim etməmiş, protokol tələb etmişdir. Həmin vaxt sistemdə ümumi problem olduğundan protokol tərtib edə bilməmişlər, şöbəyə getdikdən sonra protokol tərtib ediləcəkdi. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ YPX-nin inspektoru, polis baş serjantı X5 bildirdi ki, şəxsi cərimə meydançasının yaxınlığında saxlamışlar, avtomobildə xanımlar olmuş, avtomobili saxlamaqlarına səbəb avtomobilin yaylarına dəyişiklik edilməsi olmuşdur. Özünə bildirildikdə narazılıq olmuş, ona izah edildikdən sonra problem olmadığını, Asan xidmət mərkəzinə getdiyini, xanımları düşürdükdən sonra gedəcəyini bildirmişdir. Avtomobili müşayiət edərək Asan xidmət mərkəzinə getmişlər, orada sürücü açarı təqdim etməmiş, mübahisə yaranmışdır. Tərəflərindən PPX əməkdaşları çağırılmış, şəxs 4-cü PB-nə təmin edilmiş, avtomobil isə yol polis əməkdaşları tərəfindən duracağa təmin edilmişdir. Həmin vaxt sistemdə nasazlıq olduğundan protokol tərtib oluna bilməmiş, lakin bu barədə sürücüyə heç nə deməmişlər. Sürücüyə yalnız avtomobildəki nöqsanlar aradan qaldırıldıqdan sonra avtomobili duracaqdan çıxara biləcəyini bildirmişlər. Həmçinin sürücüyə şöbəyə yaxınlaşaraq protokolun surətini ala biləcəyini bildirmişlər. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X8 bildirdi ki, xx.xx.2025-ci il tarixdə sahə rəisi kimi əməliyyat qrupunda olan zaman yol patrul xidməti əməkdaşları Sumqayıt şəhəri, Bulvar küçəsi “Asan xidmət” mərkəzinin yaxınlığında vətəndaşı saxlamışlar və onların qanuni tələblərinə riayət etmədiyi üçün polis bölməsinə dəvət etmişlər. Bölməyə gətirilən zaman həmin şəxs hələ də öz günahını boynuna almamışdır. Onu nizam-intizama dəvət etsələr də məhəl qoymamış, bölmənin daxilində uca səslə danışaraq növbətçi hissənin iş rejimini kobud surətdə pozmuşdur. Şəxsi xx.xx.2025-ci il tarixdə saat 4-5 radələrində yol polis əməkdaşları gətirmişdir. Yol patrul xidməti əməkdaşları raport tərtib edənə qədər şəxs özünü intizamsız aparmış, polis əmkdaşlarının işinə müdaxilə etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 13:00-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin maddə üzrə icraata xitam verilməli və İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin: - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, vətəndaş Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, şəxsdən avtomobilin açarlarını tələb etmək qanuni tələb olmadığı kimi, şəxsin özünə məxsus avtomobilin açarlarını təqdim etməməsi polisin qanuni tələbinə tabe olmama kimi qiymətləndirilə bilməz. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, iş materiallarına əlavə edilmiş raportun məzmunu Şəxs hazırki material üzrə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu təsdiq etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs polis bölməsində səs-küy salaraq bölmənin iş rejimini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. - 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından göründüyü kimi Şəxs 12 mart 2025-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuş, 13 mart 2025-ci il tarixdə saat 13:00-da azad edilmişdir. Lakin məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün, eyni zamanda ifadəsində də məhkəməyə gətirilənədək polis bölməsində saxlanıldığını bildirdiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən inzibati qaydada həbsetmə müddətinin əvvəlini onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 18:30-dan hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X2rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-664/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-664/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver