Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-665/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 77-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 04.03.2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 21.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, otaq 72-də yaşayan Zərərçəkmiş şəxs məxsus şkafdan oğurluq etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 21.02.2022-ci il tarixdə səhər saatlarında yaşadığı ünvandan çıxmış və Sumqayıt şəhəri ərazisində 5-ci mikrorayonda yaşayan dostunu görməyə getmişdir. Lakin dostunu yaşadığı ünvanda tapa bilmədiyi səbəbindən qeyd olunan mikrorayonda yerləşən yataqxananın yanından keçərkən orada olan bloklardan birinə daxil olmuşdur. O yataqxana daxilində bir qədər gəzdikdən sonra binanın 3-cü mərtəbəsində yerləşən koridorda taxta şkaf görmüşdür. O ətrafa boylanmış və orada heç kimin olmadığını görüb şkafın üzərində olan balaca qıfılı dəmir atfyorka ilə qurdalayıb açmış və oradan istifadə olunmuş qab-qacaq yumaq üçün yuyucu alətini və 7 ədəd kafeli oğurlamışdır. Əməlindən peşmandır, ziyanı yaxın günlərdə ödəməyə söz verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 21.02.2022-ci il tarixdə, təxminən saat 05:00-dan 09:00-dək olan müddət ərzində naməlum şəxs və ya şəxslər yaşadığı yataqxananın ümumi dəhlizində olan şkafın qapısının qıfılını qırıb içərisinə daxil olmuş və oradan istifadə olunmuş qab-qacaq yumaq üçün nəzərdə tutulmuş yuyucu alətini və 7 ədəd kafeli oğurlamış və nəticədə ona ümumilikdə 85 manat maddi ziyan dəymişdir. Şəxs ilə razılığa gəlmişdir. Buna görə də şikayəti yoxdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 281-28.3-1-ci maddələrinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Tutma haqqında protokoldan görünür ki, Şəxs 03 mart 2022-ci il, saat 20:40-da tutulmuşdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və ona 180 (bir yüz səksən) saat ictimai işlər inzibati tənbehi təyin edilsin. Şəxs 03.03.2022-ci il tarixdə, saat 20:40-dan tutularaq 04.03.2022-ci il tarixə, saat 13:30-dək saxlanılması nəzərə alınsın və ona təyin edilən ictimai işlər növündə tənbehin həddi qəti olaraq 172 (bir yüz yetmiş iki) saat müəyyən edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-665/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-665/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver