Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-666/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib edən şəxs 1-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1986-cı ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 52-ci məhəllə, fərdi ev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzinin 1450 saylı rəyinə əsasən narkotik vasitə istifadə etməsi faktı aşkar olunduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda həmin Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, 52ci məhəllə ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olduğu üçün 11 mart 2023-cü il tarixdə saat 23:00-24:00 radələrində Şəxs yaşadığı mənzildə olarkən polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilən zaman tabesizlik göstərmiş, buna baxmayaraq Şəxs polis əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. Bölmədə olan zaman sonuncu növbədə olan polis əməkdaşı tərəfindən həkim müayinəsinə aparılmış və onun narkotik vasitədən istifadə etdiyi məlum olmuşdur. Araşdırma üzrə material raport vasitəsi ilə bu gün onun icraatına daxil olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs ərazidə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq 11 mart 2023-cü il tarixdə saat 23:00-24:00 radələrində şübhəli şəxs qismində saxlanılmış və bölməyə gətirilmişdir. Tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunsa da, Şəxs əməlində həmin maddənin dispozisiyasında qeyd olunan hallara rast gəlinməmişdir. Saxlanılan zaman şəxsin üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir, sadəcə müayinə zamanı aşkar olunduğu üçün barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs azadlıq hüququ faktiki olaraq onun tutulduğu yani 11 mart 2023-cü il tarixdən məhdudlaşdırılsa da, iş materiallarında olan tutma protokolu növbətçi olan sahə rəisi tərəfindən sonuncunun bölmədə yerləşən müvəqqəti saxlama yerinə təhvil verildiyi 12 mart 2023-cü il tarixdə tərtib olunmuşdur. Şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını və məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 11 mart 2023-cü il tarixdə saat təxminən 23:00-24:00 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları onu yaxınlaşıb özlərini təqdim etmiş və ərazidə baş vermiş oğurluq hadisəsində şübhəli olduğu üçün polis bölməsinə dəvət etmişlər. O isə həm ailə üzvlərinə məlumat vermək həm də üst geyimini götürmək üçün evin yuxarı mərtəbəsinə qalxmaq istəsə də, polis əməkdaşları icazə verməmiş, o da polis əməkdaşlarına heç bir müqavimət göstərmədən onlarla birlikdə polis bölməsinə getmişdir. O, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş, onların qanuni göstəriş və tələblərinə tabe olmuş, heç bir tabesizlik göstərməmişdir. Daha sonra həkim müayinəsindən keçmək üçün o Sumqayıt Şəhər Narkoloji Dispanserə aparılmış, müayinə zamanı narkotik vasitə qəbul etdiyi məlum olmuşdur. O, ümumiyyətlə narkotik vasitə qəbul etmir. Sadəcə 25 fevral 2023-cü il tarixdə içkili olduğu zaman əvvəlcədən tanıdığı bir nəfər ona narkotik vasitə vermiş, o da həmin narkotik vasitədən az miqdarda qəbul etmişdir. Saxlanılan zaman üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün əməlindən çox peşmandır. Himayəsində iki azyaşlı övladı var. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 12 mart 2023-cü il tarixli, A/375 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, 12 mart 2023-cü il, saat 01:25 radələrində aparılan yoxlama zamanı Şəxs alkoqol sərxoşluğu vəziyəti olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1450 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sahə rəisi polis mayoru Z.Ağayev tərəfindən tərtib edilən Şəxs barəsində olan raport 11 mart 2023-cü il tarixdə AR DİN ŞPİ 1-ci polis bölməsində daxil olmuşdur. İş materiallarında olan “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 15:00-da azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də onun polisin qanuni tələbinə tabe olmaması sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasının yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İş materiallarında olan “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs qəsdi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq olmamışdır. Təqdim edilmiş materiallardakı məlumatlar Şəxs ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasına əmin olmağa əsas vermir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun polisin qanuni göstərişinə məhəl qoymayaraq tabesizlik göstərməsinin nədən ibarət olması, həqiqətən bu hərəkətlərə yol verilməsi inandırıcı və mötəbər sübutlarla təsdiq edilmir. Eyni zamanda məhkəməyə bu halı təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu o deməkdir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur, onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş-leytenantı X2 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs azadlıq hüququ faktiki olaraq onun tutulduğu yani 11 mart 2023-cü il tarixdən məhdudlaşdırılsa da, iş materiallarında olan tutma protokolu növbətçi olan sahə rəisi tərəfindən sonuncunun bölmədə yerləşən müvəqqəti saxlama yerinə təhvil verildiyi 12 mart 2023-cü il tarix kimi qeyd olunmuşdur. AR İXM-nin 89.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2–89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Beləliklə məhkəmə protokolu tərtib etmiş şəxsin izahatını və iş materillarında olan 12 mart 2023-cüi il tarixli protokolu tədqiq edərək hesab edir ki, qeyd olunan maddənin tələblərindən də aydın olduğu kimi, polis əməkdaşı tərəfindən “inzibati qaydada tutma haqqında” protokol tərtib olunan zaman, şəxsin inzibati qaydada tutulma vaxtı protokolun tərtib edildiyi (xx.xx.2023-cü il, saat 01:00) vaxt deyil, azadlığının faktiki olaraq məhdudlaşdırıldığı müddət (xx.xx.2023-cü il saat 23:00) qeyd olunmalıdır. Qeyd olunan bu hal şəxsin təqsirlilik məsələsini şübhə altına salmasa da Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində qeyd olunan “Azadlıq hüququnun” pozuntusu kimi nəzərə alınmalı və bu barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin, və həmin Məcəllənin 31.4- 1-ci maddəsinə əsasən 02 (iki) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 100 (bir yüz) manat məbləğində cərimə olunsun. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs azadlıq hüququnun qanunsuz olaraq məhdudlaşdırılması barədə müvafiq tədbirlərin görülməsi məqsədi ilə materiallar aidiyyatı üzrə Sumqayıt şəhər prokurorluğuna göndərilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-666/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-666/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver