Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-667/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyatda olmuş, hazırda Xaçmaz rayonu, Çılğır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2577/2023 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)- 2577/2023 saylı icra sənədi üzrə cavabdeh Şəxs 4388,54 manat əsas, 343,61 manat faiz, 14,96 manat cərimə borcu olmaqla, cəmi 4747,11 manat məbləğində pul, 67,88 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməlidir. xx.xx.2023-cü ildə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə borcludan izahat alınmış, icra sənədi üzrə borcun ödənilməməsi səbəbini yetərincə məlumatlı olmadığını göstərmişdir. Şəxsin izahatı alınmış, izahatında qısa müddətdə ödəniş edəcəyini bildirmişdir. Eyni zamanda iltizam yazmışdır ki, növbəti dəfə xx.xx.2023-cü ildə təkrar icra idarəsinə gələcək. Lakin, həmin vaxt gəlməmiş və telefonlara da cavab verməmişdir. Borclu çağırışlara gəlmədiyi və yayındığı üçün üçün xx.xx.2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixdə borclu axtarış qərarı əsasında icra idarəsinə gətirilmiş, borcun ödənilməməsi səbəbini işsiz olduğunu göstərmişdir. Hal-hazırda borclu ilə tələbkar arasında hər hansı razılaşma da yoxdur. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru ona verilmiş sullara cavab olaraq bildirmişdir ki, borclu Xaçmaz rayonunda müvəqqəti yaşayır. O, yaşayış yerini dəyişməsi ilə bağlı sənəd təqdim etməmiş, bu gün yazdığı izahatında yaşayış yerini Sumqayıt şəhəri, 5-ci mikrorayon göstərmişdir. Borclunun gəlirləri barədə vergi orqanına sorğu verilmiş, bu vaxtadək cavab verilməmişdir. İş yeri isə özünün bildirdiyinə görə formal xarakter daşıyır, adı qeyd edilsə də maaş almır, həmçinin işlədiyi müəssisənin ünvanını da müəyyən edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həqiqətən də dekabr ayında icra idarəsində olmuş və qısa müddətdə ödəniş edəcəyini bildirmişdir. Lakin, sonradan ailə və iş vəziyyəti ilə əlaqədar icra idarəsinə gələ bilməmişdir. Ofsiant işləsə də, hazırda Ramazan ayı ilə əlaqədar restoranlar işləmədiyi üçün işi dayanmışdır. Hazırda da maddi vəziyyəti ilə əlaqədar heç bir ödəniş edə bilmir, lakin yaxın vaxtlarda ödənişlər edəcəyinə söz verir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona verilmiş sullara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü ildə icra idarəsinə gəlməsi barədə iltizam yazsa da, həmin vaxtın bayrama düşməsini ehtimal etdiyi üçün gəlməmiş, daha sonra isə ailə və iş vəziyyəti ilə əlaqədar icra idarəsinə gələ bilməmişdir. O, iki ay bundan öncəyə kimi Sumqayıt şəhərində 1-ci mikrorayon ərazisində dəqiq xatırlamadığı ünvanda kirayədə qalmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2577/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 4388,54 manat əsas, 343,61 manat faiz, 14,96 manat cərimə borcu olmaqla, cəmi 4747,11 manat məbləğində pul, 67,88 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2577/2023 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. İş materiallarında olan Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsində yazdığı xx.xx.2023-cü il tarixli izahatdan və həmin tarixdə verdiyi iltizamdan görünür ki, o, yaxın müddət ərzində ödəniş edəcəyini bildirmiş və xx.xx.2023-cü ildə təkrar icra idarəsinə gələcəyinə söz vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2577/2023saylı icra sənədinə əsasən borclu Şəxs 4747,11 manat məbləğində pul, 67,88 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İş üzrə 09 iyun 2023-cü ildə məhkəmə tərəfindən icra sənədi verilmiş, həmin tarixdə icra idarəsində icraata başlama haqqında qərar qəbul edilmiş və borclunun ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclu həm 10 günlük könüllü icra müddətində tələbi icra etməmiş, həmçinin ondan sonra da bu günə kimi icra sənədini tam icra etməmişdir. Eyni zamada müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində olmuş, qısa müddətdə ödəniş edəcəyi barədə izahat vermiş və xx.xx.2023-cü ildə təkrar icra idarəsinə gələcəyi barədə iltizam yazmışdır. Lakin, Şəxs bundan sonra heç bir ödəniş etməmiş və icra idarəsinə gəlməkdən yayınmışdır. Bundan sonra yalnız axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədi üzrə tələbi tam icra etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmmçinin qeyd edir ki, Şəxs hazırda Xaçmaz rayonu, Çılğır kəndində yaşadığını göstərsə də, bu barədə nə icra idarəsinə, nə də məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Eyni zamanda özü də qeyd etmişdir ki, iki ay bundan öncəyə qədər Sumqayıt şəhərində 1-ci mikrorayon ərazisində dəqiq xatırlamadığı ünvanda kirayədə qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta Sumqayıt şəhəri ərazisində törədilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-667/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-667/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver