Məhkəmə qərarları › İş №3(060)-67/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-67/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-67/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin taqım komandiri, polis kapitanı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax ray., Qoyunbinəsi kəndində ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri ərazisində işıq cihazlarından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş nəticədə narkotik vasitə istifadə etməsi faktı aşkar olunuşdur. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin taqım komandiri, polis kapitanı, X2 məhkəmə iclasında iştirak edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olarkən “Ford Transit” yük markalı, **- XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün işıq cihazlarından düzgün istifadə etmədiyini görmüş və həmin avtomobilə saxla əmri vermişdir. Sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, həmin gün hava yağışlı olduğu üçün patrul maşınına dəvət etmişdir. Sürücü ilə söhbət əsnasında onun gözlərinin qızardığını, həmçinin əl və üz hərəkətlərində qeyrisəlistlik olduğunu müşahidə etmiş və sonuncunun narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyətdə nəqliyyat vasitəsini idarə etməsi barədə əsaslı şübhəsi olduğu üçün ona tibbi müayinədən keçməyi təklif etmiş, sürücü buna etiraz etməmişdir. Sumqayıt şəhəri Narkoloji Dispanserdə ekspress test üsulu ilə aparılan müayinə zamanı sürücü Şəxs marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Sürücü öz izahatında narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Transit” yük markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri ərazisində işiq cihazlarından istifadə qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə etdiyi üçün yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. Bundan sonra yol polis əməkdaşı ondan şübhələnərək Sumqayıt şəhəri Narkoloji Dispanserdə müayinədən keçməyi təklif etmiş, o heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə getmişdir. Narkoloji Dispanserdə ekspress test üsulu ilə müayinə zamanı marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Qeyd edir ki, narkotik vasitə qəbul etmişdir. Belə ki, saxlanılmamışdan təxminən üç gün öncə nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yol kənarında bir nəfərin dayandığını görmüş, hava yağışlı olduğu üçün nəqliyyat vasitəsində əyləşməsinə imkan yaratmışdır. Yolda olarkən həmin şəxsdən siqaretinin olub-olmamasını soruşmuş, həmin şəxs ona bir ədəd siqaret vermişdir. O, həmin siqaretdən bir-iki tüstü çəkmiş, lakin başqa tam verdiyini duymuşdur. Bu barədə həmin şəxsə bildirdikdə, səhv siqareti verdiyini bildirərək geri qaytarmasını xahiş etmişdir. Törətmiş olduğu qayda pozuntusunu səmimi etiraf edir, əməlindən peşmandır, bir daha narkotik vasitədən istifadə etməyəcəyinə söz verir. O, sürücü kimi firmada işləyir. Evlidir, himayəsində bir övladı var. Qeyd olunanlara əsasən inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt şəhəri Narkoloji Dispanserin həkim-feldşeri X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Sumqayıt ŞPİ taqım komandiri polis kapitanı X2 ilə birlikdə sürücü Şəxs dispanserə gələrək sonuncunun narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsində əsaslı şübhələr yarandığını bildirmişdir. Bundan sonra sürücü Şəxs müayinənin aparılma qaydası izah edilmiş, sonuncunun təqdim etdiyi ssidik nümunəsi əsasında müayinə aparılmış, nəticədə sürücünün marixuana qəbul etməsi faktı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli, 6255 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00-da müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı sürücünün marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, sonuncu öz əməlini etiraf edərək narkotik vasitə qəbul etməsini etiraf etmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 6255 nömrəli protokoldan görünür ki, “Ford Transit” yük markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. xx.xx.2021-ci il tarixli, BB 218730 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs evlidir, himayəsində xx.xx.2023-cü il təvəllüdlü Zəminə Məmmədova adlı övladı var. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli, 6255 nömrəli aktla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində idarə etdiyinə görə İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə edərək narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində olduğundan o, İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, sonuncunun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar