Məhkəmə qərarları › İş №3(060)-678/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-678/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-678/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-486/2024 saylı icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 18.596,99 manat borc və dövlət rüsumu üçün ödənilmiş 146,19 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş poçt vasitəsi ilə borcluya göndərilmişdir. Lakin, cəmi bundan üç gün sonra borclu ölkə xaricinə çıxdığı üçün tələbin könüllü icrası haqqında bildirişi almamışdır. Borclunun icra işi üzrə SMS bildirişlə də məlumatlandırılmamışdır. Borclu ölkə xaricində olduğu üçün onun barəsində axtarış qərarı qəbul edilmişdir. Yalnız bu ayın 8-də borclu ölkəyə qayıdarkən DSX əməkdaşları onun barəsində axtarışın olması barədə məlumat vermişlər, həmin məlumata əsasən borclu bu gün icra idarəsinə gəlmiş və tələbin könüllü icrası haqqında bildiriş bu gün ona rəsmi qaydada təqdim edilmişdir. Həmçinin bildirmişdir ki, borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmiş, o cümlədən gəlirləri müəyyən edilməmişdir. Borclu iki gün əvvəl icra sənədi üzrə 1000 manat ödəniş etmiş və qalan borcun ödənilməsi ilə bağlı tələbkar bankla aralarında razılıq əldə edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o barəsində olan icra sənədindən məlumatsız olmuşdur. Yalnız bu ayın səkkizində ölkəyə qayıdarkən barəsində icra işi ilə bağlı axtarışın olması barədə DSX əməkdaşları ona məlumat vermişdir. Bundan sonra barəsində olan icra işi ilə maraqlanaraq 1000 manat ödəniş etmiş, qalan borcun isə hissəhissə ödənilməsi barədə tələbkar bankla razılıq əldə etmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, hal-hazırda borclu ilə razılıq əldə olunmuşdir. İcra sənədi üzrə borclu 1000 manat ödəniş etmişdir, qalan borcun isə hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam veilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxslə tələbkar arasında borcun ödənilməsi ilə bağlı əldə olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-486/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs ümumilikdə 18.596,99 manat borc və dövlət rüsumu üçün ödənilmiş 146,19 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-486/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)- 486/2024 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Bildirişin üzərində olan qeydlərə əsasən həmin bildiriş xx.xx.2025-ci ildə Şəxs rəsmi qaydada təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş bu gün borcluya rəsmi qaydada təqdim edilərək borcun 10 gün müddətində könüllü icra edilməsi ona təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Rəsmi bildirişlə borcluya 10 gün könüllü icra müddəti verilsə də, həmin tarixdə də onun barəsində tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi ilə bağlı Azərbaycan Respublikasının İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə eyni zamanda müəyyən edilmişdir ki, borclu icra sənədi üzrə 1000 manat ödəniş etmiş, qalan borcun isə hissə-hissə icra edilməsi ilə bağlı tələbkarla aralarında razılıq əldə edilmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzrədə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. İndiki halda borclunun icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan dörd zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Belə ki, icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamış, buna səbəb onun icra sənədindən məlumatsız olması olmuşdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar