Məhkəmə qərarları › İş №3(060)-679/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-679/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-679/2022 09.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə 09.03.2022-ci ildə "xxxx" MMC-nin barəsində olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********249900 nömrəli, 09.02.2022-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərardan verdiyi şikayət daxil olmuşdur. İş materiallarından görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisinin "xxxx" MMC barəsində Azərbaycan Respublikası VM-nin 59.1-ci maddəsi ilə **********249900 nömrəli, 09.02.2022-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar tərtib etmişdir. Həmin qərar şikayətə əlavə edilsə də "xxxx" MMC tərəfindən inzibati orqanın qərarından və ya inzibati xəta haqqında qərardan şikayət verdiyi bilinmir. Şikayətə inzibati xəta haqqında qərar əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, materiallar natamamdır, işin məhkəmə aidiyyatı mübahisəlidir, "xxxx" MMC-nin inzibati xəta haqqında qərardan və yaxud inzibati orqanın qərarından şikayət verdiyi məlum deyildir. Vergi hesablanması barədə qərar inzibati xəta haqqında qərar deyildir, belə halda həmin qərarın qanuniliyinin yoxlanması da qeyrimümkündür. Bunlar inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, "xxxx" MMC-nin şikayəti icraata qəbul edilə bilməz. Həmçinin "xxxx" MMCyə izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********249900 nömrəli, 09.02.2022-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərardan verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət və ona əlavə edilmiş sənədlər "xxxx" MMC-yə geri qaytarılsın. "xxxx" MMC-yə nöqsanları aradan qaldıraraq aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar