Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-679/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində səs-küy salaraq yanında olan şəxsin PB-ə aparılmasına maneə olaraq, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi protokola uyğun izahat verərək, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, əməliyyat tədbiri Şəxs yanında olmuş Musa adlı şəxsin saxlanılması ilə əlaqədar olmuş, həmin şəxs barəsində material toplanaraq istintaq aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin İŞ-ə göndərilmişdir. Hazırda Şəxs onlara tabesizlik göstərməsi ilə əlaqədar raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Həmin əməliyyat müvəkkili hazırda tədbirdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol kənarında dayanan zaman əvvəllər tanımadığı bir nəfər şəxs taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı avtomobilə yaxınlaşaraq onu 20 yanvar dairəsi yaxınlığına aparmağı xahiş etmiş, birlikdə həmin ünvana getmişlər. 20 yanvar dairəsi yaxınlığına çatan zaman nəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş sərnişin düşmüş, bir müddət keçdikdən sonra geri qayıdaraq onu Sumqayıt şəhəri ərazisində Corat qəsəbəsi adlanan yerə aparmasını xahiş etmiş, o da sərnişinlə razılaşmış və həmin ünvana gəlmişlər. O, həmin şəxsin söylədiyi yollarla hərəkət edərək Corat qəsəbəsi adlanan əraziyə çatdıqda həmin şəxs avtomobildə telefonla danışıb düşmək istəyən zaman, o, şübhələnmiş, həmin şəxsə “deyəsən mənim pulumu vermək istəmirsən” deyə öz iradını bildirmişdir. Lakin o, narahat olmamasını, mobil telefonlar üçün nəzərdə tutulmuş enerji blokunu (poverbank) avtomobildə qoyduğunu, tez bir zamanda qayıdacağını demiş, o da bununla razılaşmışdır. Təxminən 4-5 dəqiqə sonra yan güzgüdən arxaya baxan zaman həmin şəxsin iki nəfərlə əlbəyaxa olduğunu görmüş, pulu verməmək üçün belə bir oyun qurduğunu zənn etmiş, avtomobildən düşərək onlara yaxınlaşmış, ondan pulunu tələb etmişdir. Bu zaman digər iki nəfər polis əməkdaşı olduqlarını, həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirmiş, o polis əməkdaşlarına həmin şəxsin ona xidmət haqqını ödəmədiyini bildirərək, pulun ödənilməsi üçün imkan vermələrini tələb etmişdir. Lakin özünü polis əməkdaşı kimi təqdim edən şəxslərdən biri ona da polis bölməsinə getmək lazım olduğunu bildirəndə o, heçnə etmədiyini, üzərində və ya nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan edilmiş heç bir maddənin olmadığını bildirsə də, ona qeyd olunan məsələlərin araşdırılması üçün polis bölməsinə getmək lazım olduğunu təkrar söyləmişlər. Hətta polislər hadisə yerində həm onun üst başını, həm də avtomobilini yoxlaslar da istifadəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet, maddə aşkar etməmişlər. Bundan sonra o, razılaşaraq idarə etdiyi avtomobillə polis bölməsinə getmişlər. PB-nə gedərkən avtomobili o, idarə etməmişdir. O, nəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş həmin şəxsi əvvəllər tanımamış, onun hansı fəaliyyətlə məşğul olması barədə heç bir məlumatı yoxdur. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Ailəlidir, himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı övladı var. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Mikayıl Əsgərov baş vermiş hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nin 1-ci PB-ə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş tutma protokolundan görünür ki, Şəxs 25 mart 2024-cü il tarixdə, saat 22:00-da tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 16:00-də azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs qəsdi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə tabe olmamaq olmamışdır. Təqdim edilmiş materiallardakı məlumatlar Şəxs ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasına əmin olmağa əsas vermir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı izahat verən Şəxs Polis işçisinin verdiyi göstərişə etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getdiyini hətta iki gün bölmədə saxlanıldığını bildirmiş, lakin göründüyü kimi protokolu tərtib edən şəxs bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etmiş və ya Şəxs Polis işçisinin qanuni tələbinə tabe olmadığını həqiqətən də görən şahidi məhkəmə iclasına təmin etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun polisin qanuni göstərişinə məhəl qoymayaraq tabesizlik göstərməsinin nədən ibarət olması, həqiqətən bu hərəkətlərə yol verilməsi inandırıcı və mötəbər sübutlarla təsdiq edilmir. Eyni zamanda məhkəməyə bu halı təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu o deməkdir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur, onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-679/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-679/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver