Məhkəmə qərarları › İş №3(060)-679/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-679/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-679/2025 19.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonu Güləbird kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri 76-cı məhəllə fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 tərəfindən İXM-nin 342.5 və 333.1-ci maddəsi ilə İXP ******* seriyalı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi istiqamətində “Toyota Prius” minik markalı, **-ES-*** dövlət nömrə nişanlı avtomobil idarə edərkən saxlanılmış, yoxlama zamanı alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Sumqayıt ŞPİ-nin Dövlət X1 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işin davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, icarə əsasında faktiki istifadəsində olan “Toyota Prius” minik markalı, **-ES-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, xx.xx.2025-ci il tarixdə Simurq restoranında tanışları ilə birlikdə spirtli içki qəbul etmişdir. Məclis bitdikdən sonra o, ayıq sürücü dəvət etmiş, yaşadığı mənzilə döğrü hərəkət etmişlər. Şəhər ərazisində yerləşən Mis zavodunun yaxınlığında avtomobili saxlatdıraraq, yolun qalan hissəsini özü idarə edəcəyini ayıq sürücüyə bildirib, onu yola salmışdır. Bundan sonra sükan arxasına keçərək yolun qalan hissəsini evinədək avtomobili özü idarə etməyə başlmışdır. Bu zaman onu, Sumqayıt şəhər X3 Şöbəsinin əməkdaşları saxlamış, ondan spirtli içki qəbul edib-etməməsi dəqiqləşdirilmiş, o da, əməlini səmimi etiraf etmişdir. Alkotesterlə yoxlanış zamanı bu fakt öz təsdiqini tapmışdır. Əməlindən peşmandır. Barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Alcovisor-Jupiter X” markalı xüsusi texniki vəsitənin nəticəsinə dair qəbzdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə müayinə zamanı onun alkoqol sərxoşluğu 2.476 promil olmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt və iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə İXM-nın 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 2.476 promil olduğundan o, inzibati xəta törtəmişdir. İXM-nın 96.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, Şəxs alkotesterlə müayinənin nəticəsinə etiraz etməmiş, bir daha avtomobili spirtli içki qəbul edib idarə etməyəcəyinə söz vermişdir. Bu barədə protokolda müvafiq qeyd apamışdır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 2.7-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Toyota Prius” minik markalı, **-ES-*** dövlət nömrə nişanlı avtomobil Şəxs məxsus olmamış, o, icarə əsasında həmin avtomobili idarə edərək taksi fəaliyyəti ilə, yəni sərnişin daşıma xidməti ilə məşğul olmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs spirtli içkidən istifadə edərək sərxoş vəziyyətdə avtomobil idarə etməklə nəinki özünün, o cümlədən yol hərəkətinin digər iştirakçılarının, hətta sərnişinlərinin də həyatını və sağlamlığını risk və təhlükə altına ata bilməsi istisna edilməməlidir. Məhkəmə qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Namiq Abdulayevin şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən həm Şəxs, eləcə də digər sürücülər tərəfindən gələcəkdə eyni məzmunlu inzibati xətanın törədilməsinin qarşısının alınmasını təmini məqsədilə sonuncunun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırması növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar