Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-680/2024 28.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN1746477 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2688/2023 saylı icra sənədi üzrsüz səbəbdən yerinə yetirilmir. İcra sənədi üzrə borclunun 3000 manat ödənilməmiş borcu mövcuddur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X12 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 2688/2023 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməlidir. İcra sənədi üzrə icra məmuru O.Bağırov tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Bu günə qədər icra sənədi üzrə hər hansı bir ödəniş etməmişdir. Yalnız bu gün 100-150 manat ödəniş etmək istədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq O.E.Məmmədov barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun icraatında borclunun başqa icra işləri də var. Bu işlər üzrə borclar S.Y.İsmayılova ilə bağlı deyil. Onun yaşadığı ev ipoteka ilə yüklü edilmişdir. Borclunun ünvanı kimi yüklü edilmiş evin ünvanı qeyd etmişdir. Lakin, ev satıldığı üçün borclu ilə əlaqə yaratmaq mümkün olmamışdır. Buna görə də borclu barəsində axtarış elan edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, zərərçəkmiş şəxs S.Y.İsmayılova bankdan və lombarddan pul götürmüşdür və hər ay buna görə ödənişlər edir. Həmçinin bildirmişdir ki, o işi ilə bağlı ziyana düşmüş, evini və avtomobilini atmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxsin banka olan borclarını ödəyir, ona görə də aliment üzrə ödənişlər edə bilmir. Ayın sonuna kimi 500 manat ödəniş edə biləcəyini göstərərək bu halın nəzərə alınmasını xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ayda 150 manat banka, 135 manat və 75 manat lombarda, eyni zamanda 20 manat aylıq internet pulunu ödəyir. Zərərçəkmiş şəxsin kreditlərini ödəmədikdə sonuncu onu təhqir edir. O, maddi imkanı olmadığı üçün alimenti ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, borclunun ödədiyi kredit borcudur, bu borclar isə ona görə yaranmışdır ki, o bankdan kredit götürərək Şəxs vermişdir. Kredit onun adına olsa da faktiki olaraq həmin keditləri Şəxs götürmüş və istifadə etmişdir. Yəni, bu gün ödədiyi borclar da özünə aiddir, bunun alimentə aidiyyəti yoxdur. Ona görə də aliment borcun tam ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədininin icrasında qərəzli yayınmır, aliment üzrə ödənişlərin olmamasının səbəbi digər borcların olması və maddi imkansızlıqla bağlıdır. Buna görə də inzibati iş üzə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2688/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 29 mart 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildirişi xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2688/2023 saylı icra sənədi üzrə aliment borcundan heç bir ödəniş etməmiş, bu səbəbdən onun 3000 manat məbləğində aliment borcu yığılmışdır. Həmçinin Şəxs barəsində olan icra sənədi üzrə icra şöbəsinə xx.xx.2023-cü il tarixdə gələrək tələbin könüllü icrası barədə bildirişi rəsmi qaydada alsa da, sonradan icra idarəsinə gəlməkdən yayınmış, bu səbəbdən də axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Hazırda isə yaranmış 3000 manat məbləğində aliment borcuna münasibətdə yalnız 100-150 manat ödəniş edəcəyini bildirmi, zərərçəkmiş şəxs isə (icra işi üzrə tələbkar) borcun tam ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, icra işi üzrə tərəflər arasında aliment borcundan əlavə hər hansı borc və əmlak xarakterli münasibətlərin aliment borcuna heç bir aidiyyəti yoxdur, tərəflər arasında olan digər məsələlər aliment borcunun ödənilməsindən imtina üçün əsas ola bilməz. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək aliment borcu üzrə heç bir ödəniş etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. X9 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 28 mart 2024-cü il tarixdən, saat 12:40-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 02 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən saat 12:40dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə və Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin X6rın Saxlama Məntəqəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-680/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-680/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver